525.Az

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - Məqalə


 

VƏ YA HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - <b style="color:red">Məqalə </b>

Hüseyn Ələkbər oğlu Əsgərov 1955-ci il dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı"qəzetində, 23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində işləyib.

Həmin müddətdə 4 il "Xalq qəzeti"nin Naxçıvan MR üzrə müxbiri olub. 2001-ci ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir.

Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur."Araz", "Yeni səslər" almanaxları,  "Heraklın 13-cü qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə" (2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında" (2015-ci il), "Gülüşlərin cingildəsin saz kimi" (2017-ci il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı kitabları  oxuculara təqdim edilib. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haqqında əhatəli tədqiqatını oxucularımıza təqdim edirik.

(Əvvəli ötən sayımızda)

Cəhalət, mövhumat və xurafat

Səhiyyədən ümidini üzən insanlar çarə üçün pir və ziyarətgahların şəfasına ümid bəsləyirdilər. Bu mənada şərurluların da müalicə üçün həkim dava-dərmanına ehtiyacı yoxdur. Çünki Şərur dairəsinin Parçı kəndində qədimdən bir imamzadə vardır ki, kərəmilə məşhurdur. Ziyarət mövsümündə Şərur dairəsinin 62 para kəndlərindən buraya minlərlə çarəsiz insan ziyarətə gəlir. İmamzadənin şəfayi-batinindən kəndlilərin hər dərdinə dərman olur (1927, №28).

Naxçıvanda Qala məhəlləsində olan Piryaqub ziyarətgahı isə uşağı, əri olmayan arvadların diləklərinin hasil olduğu yerdir. Onlar hər cürə nəzir-niyazlarını gətirib arzularına çatırlar (№25).

"Xəstə" həmin nömrədə yazır ki, Naxçıvanda Mirhəbib ağanın həyətində "Südlü nənə" adlı sehrli daş var. Uşaqlı qadınların südü quruyanda bura nəzir gətirirlər, daşın ətrafında qoyun kimi mələyərək süd istəyirlər. Kimin ki nəzir-niyazı çox olur, dərhal muradına çatır.

Cəhalətin tənqidi "Yengicədən" başlığı ilə "Avara"nın həmin nömrədəki digər yazısında xüsusi yer tutur. Həmin yazıda Şərur dairəsinin mollallalarının Yengicə kəndinə toplaşaraq mərsiyə demək üçün kəndləri bölüşdürdüklərindən bəhs olunur. Qərara alınıb ki, Molla Cəlil ağa cavan olduğu üçün ona Qarxun, Məhəmməd Sabur, Aralıq kəndləri verilsin. O kəndlərin alçısı da, toxanı da bu ağanındır. Yalnız bir Alışa kəndi Seyid Mir Cəlal üçün verilmişdir.

Şeyx Həsən ağanın payına Tumaslı, İbadulla, Vayxır, Qışla Abbas və Ərəbyengicə kəndləri düşüb. Məsələ o yerdədir ki, Şeyx Salman ağa ilə Şeyx Həsən duelə çıxacaqdır. Çünki İbadulla ilə Qışla Abbas, Ərəbyengicə kəndləri Şeyx Salmanın dədə-baba mülkü olduğu halda o kəndləri mollalar götürüb Şeyx Həsənə vermişlər. İndi vəziyyət o yerdədir ki, onlar bir-birinə nota verib müharibəyə başlasınlar (1927, №28).

"Avara" həmçinin xəbər verir ki, Şərurda rövzəxan az olduğundan Hacı Şeyx Həbib ağa müsəlmanların ehtiyacını ödəməkdən ötrü Muğanlı-Şəhriyar-Kürdkəndi və Kürdçülü kəndlərini podrata götürmüşdür. Ağa indidən hazırlıq işləri üçün yorğa yeriyən madyan almışdır ki, kəndlərə özünü tez yetirə bilsin (№25).

Jurnalın 38-ci nömrəsində dəstəsinin atamanı naxçıvanlı Mirəqilin fərasətindən bəhs olunur. Cəddinə qurban olduğumun oğlu çox böyük hünərvərdir. Seyidlər igid olarlar, daha bu dərəcədə yox. Ağanın oğlunun hər şeydən başı çıxdığı kimi siyasətdən də çıxır. "Naxçıvanlı" xahiş edir ki, şəhər inzibati idarəsi hələ bu gədəyə dəyməsin, yazıqdır, təzə fəaliyyətə başlayır.

Yaxud bazarda baqqal Əkbərlə kəklikbaz Hacı Məhəmməd kəklik döyüşdürürlər. Baqqal Əkbərin kəkliyi meydandan qaçdığına görə baqqal Hacı Məhəmmədin üstünə top kimi açılır. Az qalır ki yekə bir qan düşə. Hacı Məhəmmədin kəkliyi döydüyünə görə baqqal Əhmədin qabağında - "Mən öylə kəklik saxlasam, başıma papaq qoymaram", - deyə kişilənir (№23).

Doğrudan da kişinin kəkliyi gərək qovan olsun, nəinki qaçan.

Ordubad satirik prizmada

Qeyd etdiyimiz kimi, jurnalda Ordubadın ictimai-siyasi və mədəni mühiti jurnalada digər bölgələrə nisbətən daha çox işıqlandırılıb "Molla Nəsrəddin"i də elə narahat edən jurnalın əl-əl gəzməsi idi. Çünki Ordubadda jurnala 15 qəpik verməkdənsə, onu başqasından alıb havayı oxuyanların sayı artmışdı. Jurnal 22-ci nömrəsinin teleqraf xəbərlərində yazırdı ki, məcmuəni oxuyan nəxunəkçilərin sayı abunəçilərin sayından beş dəfə çoxdur və daha da artacağı ehtimal olunur.

O vaxtlar kommunal təsərrüfat idarələri əhalinin sosial problemlərinin həllində mühüm rol oynadığından onun müdirindən tutmuş xırda işçilərinə kimi əksəriyyət tərəfindən tanınırdı. Ordubad kommunxozunun müdiri isə bir ayrı kişi olub və o dövrdə "Molla Nəsrəddin"ə yaraşıq verib. "Mingisli", "Yetim" və digərləri mütəmadi olaraq onu jurnalın hədəfinə çeviriblər.

"Mingisli"nin 16-cı nömrədə verdiyi xəbərə görə, Ordubad dairəsində bu il su az olduğundan kommunxoz Müseyib Əliyevin idarəsi altında kampaniya aparılır ki, şəhər və kəndlərdə az torpaq əksinlər. O, bu kampaniyanın digər qəzalarda da aparılmasını məsləhət görür.

"Yetim" isə ordubadlıların qonaqpərvərliyindən özünəməxsus şəkildə bəhs edərkən (22 yanvar 1927, №4) kommunxozu yada salır. Bildirir ki, ordubadlılar dünyada hamıdan artıq mehmannavzdırlar. Ələlxüsus ki, qonaq bir balaca da gözəl və malodoy olmuş ola. Onun yolunda nəinki mallarından, bəlkə canlarından da keçərlər. Odur ki, Ordubad kommunxozu müdiri qonağa hörmət etmək vacibdir deyib, bir rus arvadının qolundan yapışıb gətirib zəhmət sarayındakı idarə üçün hazırlanmış mənzillərdən birini verib ona. Hərçənd bu arvadın bu mənzildə qalmasına narazı olanlar var, amma gərək narazı olmasınlar. Bəs bu kimi xanım qonaqların dərdini kommunxoz müdiri çəkməsin, bəs kim çəksin?

Kommunxoz müdiri bu yazını oxuyandan sonra qəzəbnak olub və "Molla Nəsrəddin"in 25-ci nömrəsində yazıb ki, haqqında böhtan yazan müxbiri taparsa, təpəsini əzəcək.

Ordubaddan tənqidi yazılara cavablar da satirik manera xarakterlidir. Məsələn, bu tənqidi yazılardan sonra dairə icraiyyə komitəsinin sədri söz verib ki, bir də kommunxozdan şikayət etsələr, daha onu müdafiə etməyəcək. Poçt müdiri qəzetləri həftə tamam olmamış paylatdıracaq və s. (№13)

Ordubadlı "Məza" oğlu Vahidə məsləhət görür ki, adam ağıllı olar, hər gördüyünü və bildiyini açıb danışmaz. Sənə nə dəxli var ki, kommunxoz müdirinin toyda başgicəllənməsi ilə oynamasını "Molla Nəsrəddin"ə yazmısan? Sənə nə dəxli ki, səhiyyə şöbə müdiri kəndlərdə xəstə kəndlilərin müalicəsindən imtina edir? Mən bilirəm ki, firqə işçisi kəndlilərdən aldığı pulu qaytarmır və soruşana - get hər kəsə deyirsən, de! Mən Zaqafqaziya ölkə firqəsinin üzvüyəm. Kimsə mənə bir şey edəməz, - sözlərini deyir, indi neynim, açım-ağardım? Yazaram e, adam gərək sonrasını fikir edə. Adam özündən böyüklərə dolaşmaz. Belə işləri tərk elə, yoxsa qəzəbə gəlib sənin həşirüvi atarlar (№5).

22-ci nömrədə (1927) "Məyus" istəmir yazsın ki, kommunxoz müdiri elə dəm idi ki, teatrda özgənin arvadını öpüb sonra üzr istədi.

"Cünun"da "Nə işim var" (1927, №22) deyə-deyə, xatalı şeylərdən uzaq durmağı tövsiyə edə-edə özü tullanır həmin işlərin lap ortasına. Kəndlilər ona Əylis kəndində qəbiristanlığını qumarxanaya çevirib loto oynayanlar haqqında yazmasını xahiş edirlər. "Cünun" özünü qoyur yuxarı mərtəbəyə ki, bəs kənddəki teatrın avadanlıqları silinib satılanda, pulları mənimsəniləndə hardaydınız. A kişi, mən yaza billəm ki, teatr xaraba qaldığından qumarbazlar üz tutub qəbiristanlığa? Nə işim var?

Təkcə qəbiristanlıqmı? Dövlət idarələrini də lotoxanaya çevirənlər vardı və jurnalın 18-ci nömrəsində buna şeir həsr olunmuşdu:
 
Can sənə qurban lota
Sən məni saldın ota
Qalmadı vaxtım mənim
İşləməyə, atçota!  

Bu dumanlı mühitdə isə nə desən əmələ gələr. Azərbaycanın 7 illik şuralaşması günü - aprelin 28-də "Mülhid-tənbəl"in jurnalda çap olunan satirasında olduğu   kimi:

Qumar ki oldu şəhərdə,
Çoxlu xuliqan əmələ gələr.
Pişik ki yatdı tövlədə
Bollu siçan əmələ gələr.
... Adam odur rağib ola,
İşrətə çox talib ola,
Gər meşə bisahib ola,
Onda qaban əmələ gələr. 

20-ci nömrədə Ordubad xəstəxanasının işçiləri and içirlər ki, bundan sonra axşamlar xəstələrlə qumar oynamasınlar, çünki xəstələr də bu oyunu öyrənər (№13)

Ordubadda gənc köylü məktəbinin müəllimləri də usta sayıla bilər. Amma dərs deməklə yox, nərd oynamaqla. Belə ki, nərdin zərbindən gecələr leyli tələbələr yata bilməzmiş. Bu dairədə ən usta zər atanları bu məktəb yetirib (№21).

Binəva "Yetim" digər yazısında yazır ki, Molla əmi, belə sənin başına dolanım, belə sənin qadanı alım, əgər lazım bilsən borc-xərc eləyib gedib ağ saqqalına həna rəng də alıb Ordubad hacı, kəbəlailərinin saqqalları kimi qap-qara şəvə kimi edərəm. Ancaq mənim ürəyimdə olan dərdlərə dərman eləmək üçün bu neçə işin sirrindən məni xəbərdar et!

Birincisi - sirri nədir ki, Ordubad şəhərində olan səhiyyə xidmətçiləri arvadlar əksəriyyətlə əlaqələrini xüsusu ticarət dükançıları ilə canlandırmışlar və boş vaxtlarını yeni tanış tapmaqla keçirirlər.

İkinci - bizim Ordubada göndərilmiş  jenatdel xanım səbəb nədir ki, altı aydan ziyadə olar ki, şəhərin iki verstliyində olan Əndəmic, Anabat və Kotam kimi yaxın kəndlərə gedib, qadınların bir dəfə yığıncağını keçirməyib. Axşama qədər şəhərdə dörd dolaşır. Molla əmi, sənə qurban olum, bunların sirrini mənə söylə (1927-ci il, №7)!

"Xox" 9-cu nömrədə bir hadisəni qələmə alıb. Keçmiş mülkədar indi şura xidmətçisidir. Nahar vaxtı çayxanaya gələn Ordubad ipək zavodunun fəhlələrinin çay və qəlyanpulunu ödəyir. Sən demə, qabaqdan seçkilər gəlir, keçmiş mülkədar səs qazanmaq üçün belə səxavətlənib. Amma seçicilər də az bilmir, kişinin çörəyini yeyib başqasına səs verirlər.

"Heyf" ləqəbli müxbir yazır: "Ordubadda asari-tərəqqi bir o qədərdir ki, qeyri yerlərdə ona misal ola bilməz, necə ki qeyri yerlərdə bu qədər qırmızısaqqal da ola bilməz, nə qədər ki, Ordubaddadır" (1926, №41).

Belə qırmızısaqqallılardan biri də Molla Qafardır. O Molla Qafar ki, öz əsabələri ilə Əshabi-Kəhf ziyarətindən dönəndə məşhur tarixi əmmameyi-şərifi başından düşüb yuvarlanaraq gözdən itib getmişdir. Əmmamənin ziyanı üçün şəhərdə və qəzada həmin gün matəm günü elan edilmişdir (1927, №26).

(Ardı var)

 





01.11.2019    çap et  çap et