525.Az

Vaqif Yusiflinin "Qanadlandıq uçmağa" kitabı təqdim olunub


 

Vaqif Yusiflinin "Qanadlandıq uçmağa" kitabı təqdim olunub<b style="color:red"></b>

Oktyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin "aybKitab" layihəsi çərçivəsində çap olunmuş "Qanadlandıq uçmağa" adlı yeni bədii-publisistik məqalələr toplusunun imza günü keçirilib.

Tədbirdə AYB rəhbərliyi, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları tanınmış ədəbiyyat nümayəndələri, gənc yazarlar və oxucular iştirak ediblər.

Tənqidçi Əsəd Cahangirin aparıcılığı ilə keçən təqdimat mərasimində AYB-nin sədri, Xalq yazıçısı Anar, Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, şair Səyyad Aran çıxışlarında Vaqif  Yusiflinin  təmənnasız tənqidçi mövqeyini yüksək qiymətləndiriblər. Sonra  "aybKitab" layihəsinin rəhbəri Xəyal Rza çıxış edərək bildirib ki, müəllifin bu kitabında məhz həmin layihədə çap olunan digər kitablar haqqında olan məqalələr yer alıb.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxış edərək Vaqif Yusiflinin zəhmətkeşliyi ilə yanaşı, Ədəbi tənqid şöbəsinin müdiri kimi də sanballı işlərin öhdəsindən əzmkarlıqla gəldiyini vurğulayıb. Həmin şöbənin digər əməkdaşlarının da iştirak etdiyi imza günündə şöbənin işçisi filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə müəllifin həm elmi fəaliyyəti, həm də tənqidçi kimi özünəməxsusluğu haqqında fikirlərini bölüşüb.

Şairlərdən Firuzə Məmmədli, Musa Ələkbərli, Balayar Sadiq, Güləmail Murad çıxışlarında Vaqif Yusiflinin onların da yaradıcılığına ürək genişliyi ilə yer ayırmasını təqdir ediblər. Tənqidçilərdən İradə Musayeva, Cavanşir Yusifli də öz növbəsində müəllifin bənzərsiz, orijinal ədəbi tənqidlə məşğul olmasını yüksək qiymətləndiriblər. Gənc yazarlardan Arzu Hüseyn, Gülnar Səma, Qoşqar Qaraçaylı çıxışlarında Vaqif Yusiflinin ədəbi gəncliyə həmişə xüsusi diqqət ayırmasından məmnunluqla söz açıblar.

Bölgələri təmsil edən şairlərdən Sabirabaddan Şahnaz Şahin, Gəncədən İradə Aytel, Lənkərandan Sevda Əlibəyli, Cəlilabaddan Gülbala Teymur isə çıxışlarında müəllifin bölgələrdə yaranan ədəbi nümunələri də diqqətdə saxlamağından minnətdarlıq hissi ilə danışıblar.

Daha sonra söz alan tədbir iştirakçıları da müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda Vaqif Yusifli çıxış edərək hər kəsə təşəkkürlərini bildirib. Ustadı saydığı böyük tənqidçilərin adlarını çəkərək onları da ehtiramla xatırlayıb.

Şahanə MÜŞFİQ

 





01.11.2019    çap et  çap et