525.Az

AYB-nin Gənclər Şurası məktəblilərlə görüş keçirib


 

AYB-nin Gənclər Şurası məktəblilərlə görüş keçirib<b style="color:red"></b>

Oktyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB Gənclər Şurasının Xətai rayon Sədrəddin Həsənov adına 63 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri ilə görüşü baş tutub.

Görüş Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Bələdiyyəsi, Xətai rayon Gənclər və İdman idarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Xətai rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayevanın "Nəsimi ili" çərçivəsində "Ədəbi niyyət" layihəsi əsasında keçirilən tədbirdə Gənclər Şurasının üzvləri, İcra Hakimiyyətinin və Rayon Bələdiyyəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

AYB-nin mətbuat katibi, şair, tədbirin aparıcısı Xəyal Rza Gənclər Şurasının görüşdə iştirak edən nümayəndələrini qonaqlara təqdim edib.

AYB-nin katibi Rəşad Məcid çıxışında şagirdlərin mütaliə zövqündən, kitaba marağından, kitabxanalardan danışıb, bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətini vurğulayıb və yenə belə tədbirlərin təşkilatına həvəslə çalışacağını bildirib: "Biz hərdən gənclərin kitab oxumamasından şikayətlənirik. Bu cür tədbirlər gənclərə ədəbi dəyərlərimizin təbliğində böyük rol oynayır. Bu şagirdlər üçün Yazıçılar Birliyinin "Natəvan" klubundakı gənc yazarlarla görüşün xatirəsi uzun zaman dəyərli qalacaq. Bu otaqda böyük yazıçıların kitab təqdimatları, imza günləri keçirilib. İndi isə şagirdlərimizin növbəti ədəbi nəslin yazarları ilə görüşüblər".

R.Məcid AYB-nin "Gənc Ədiblər Məktəbi" layihəsi haqqında da qonaq şagirdlərə məlumat verib: "Bu yazarların arasında "Gənc Ədiblər Məktəbi"nin üzvləri də var. Biz gənc yazarları kəşf etmək üçün bu cür layihələr düşünürük həmişə. Elə "4-cü Gənc Ədiblər Məktəbi"ndə də bu şagirdlərin yaşıdları öz yaradıcılığını təqdim edə bilir, ustad dərsləri alırlar. Biz Yazıçılar Birliyi olaraq gənclərlə həmişə bu cür görüşlərə hazırıq".

Gənclər Şurasının sədri, şair Fərid Hüseyn şagirdləri salamlayıb, görüşün mahiyyətindən, kitabların onlara verə biləcək müsbət meyarlarından söz açıb. Ədəbiyyatın əsl vəzifəsi haqqında, insanlar arasındakı münasibəti haqqında danışıb: "10-cu sinifdə, elə sizin yaşınızda ilk şeirlərimi yazdım. Sonra tələbəlik illərində yenidən ədəbiyyata qayıtmaq ehtiyacı hiss etdim. Ədəbiyyatın əsl mahiyyətini sonralar anladım. Artıq şeir kitablarım çap olunmuşdu, müxtəlif dillərə tərcümə olunmuşdum. Ancaq hələ də içimdə ədəbiyyatın nə olduğu ilə bağlı suallar qalmışdı. Bir gün tərcümə etdiyim Britaniya nağıllarından birində nəhayət ədəbiyyatın əsl missiyasını dərk etdim".

Gənclər Şurasının üzvü, şair Fuad Cəfərli çıxışında kitabların iş həyatında, dostlar arasında münasibətlərə etdiyi köməyi vurğulayıb: "Həyatınızdakı uğurları, nəticələri kitablar müəyyən edəcək: oxuduğunuz kitablar".

Şair Rəvan Cavid onun həyatında ədəbiyyatın rolundan, mütaliə etdiyi əsərlərin həyatına və yaradıcılığına təsirindən danışıb.

Gənclər Şurasının katibi, yazıçı-publisist Şahanə Müşfiq yaradıcılığa marağından, jurnalistika ilə ədəbiyyat arasındakı fərqlərdən danışmaqla çıxışına başlayıb. Daha sonra görüşün mövzusunu davam etdirərək kitablar və mütaliənin rolundan bəhs edib. Yerli yazarlarımıza olan marağın azlığından şikayətlənən gənc yazar şagirdlərə yerli müəllifləri mütaliə etməyi tövsiyə edib: "Kitab oxumaq indi dəb halını alıb. Əlbəttə, bu, çox gözəl tendensiyadır. Amma özünün müsbət nəticələrini ancaq biz bu dəbi müsbətə istifadə edə bilsək göstərəcəkdir. Təəssüf ki, müasir dövrdə gənclərimiz Nizamini, Nəsimini, Füzulini, Səməd Vurğunu, İsa Muğannanı, Bəxtiyar Vahabzadəni, Mövlud Süleymanlını tanımadan Pamuklara, Kafkalara qaçırlar, onları oxuyurlar. Bizim cəmiyyəti, bizim coğrafiyanı anlamaq, bizim ədəbiyyatımızı öyrənmək üçün ilk öncə öz müəlliflərimizi oxumalı, təbliğ etməliyik. Mütaliə vərdişi olmayan birisi ilk dəfə Kafka oxumağa başlasa, təbii ki, onun qazandığı sadəcə səhifə sayı olacaq. O, oxuduğundan heç nə anlamayacaq. Həyat qısadır, kitablar isə çox. Deyirlər, həyatda oxunmalı olan cəmi 10 kitab var. Amma o 10 kitabı oxumaq üçün yüzlərlə, minlərlə kitab oxumalısan. Biz də vaxt itirmədən uşaqlığımızdan, məktəb dövründən oxumağa başlamalıyıq ki, heç olmasa, həyatımızın hansısa dövründə o kitabların bir qismini tapmış olaq. Mütaliəyə dəbdə olan, bestseller kitablardan deyil, nağıllardan, klassik ədəbiyyatdan başlamaq isə ən doğrusudur".

Xəyal Rza Şahanə Müşfiqin çıxışından sonra "Bir qalanın sirri" filmindəki məşhur kitablarla bağlı epizodu yada salıb, gənc ədiblərin demək istədiyi fikirləri bir də o filmin simasında şagirdlərə çatdırıb.

Şair Tural Turan da çıxışında mövzunu davam etdirib: "Biz kənddə böyümüşük, yazıçıları, teatrı tələbəlik zamanımızda burada - Bakıda tanıdıq. Siz bu baxımdan şanslısınız. Ona görə də təşəbbüskar daha çox siz olmalısınız. Siz can atmalısınız Yazıçılar Birliyinə, teatrlara, konsertlərə. Kitab gündəliyiniz olsun, mən də tuturdum. Oxuduqlarınızdan qeyd götürün. Ümumiyyətlə, oxumursunuzsa, həvəsiniz yoxdusa, detektiv əsərlərdən başlayın, oxuyun".

Daha sonra görüş diskussiya şəklində davam edib. Şagirdlərdən Nərmin, Ramazan, Ramiz, Süsən və başqaları sevdikləri əsərlərdən söz açıb, ədəbiyyat haqqındakı fikirlərini bölüşüblər.

Gənc yazarlardan Elvin Nuri isə şagirdlərə ədəbiyyat dərsliklərində olan çatışmazlıqlardan sual verib.  Uşaqlar dərslikdə yazarların bioqrafiyasının verilmədiyindən, ya da çox yığcam olmağından şikayətləniblər.

Tədbirin sonunda bu cür görüşlərin davamlı keçirilməsi və şeir günü təşkil edilməsi təklif olunub. Məktəbin müəllimləri, qonaqlar fikri dəstəkləyiblər.

Sonda Xətai rayon Gənclər və İdman idarəsinin məsləhətçisi Elvin Orucov tədbirin təşkilatçılığı üçün AYB-yə və gənc yazarlara təşəkkür edib. İcra Hakimiyyətinin baş məsləhətçisi Aytən Sadiqova və məktəbin "Uşaq Birliyi" təşkilatının rəhbəri Məmmədova Aytən də tədbir haqqında öz fikirlərini bildiriblər. Elvin Orucov Xətai rayon Gənclər və İdman idarəsinin fəxri fərmanını Xəyal Rzaya təqdim edib.

MEHRİ

 





01.11.2019    çap et  çap et