525.Az

Milli Kitabxanada akademik Nizami Cəfərovun 60 yaşı qeyd edilib


 

GÖRKƏMLİ ALİMLƏ BAĞLI KİTABIN VƏ ELEKTRON MƏLUMAT BAZASININ TƏQDİMATI OLUB

Milli Kitabxanada akademik Nizami Cəfərovun 60 yaşı qeyd edilib<b style="color:red"></b>

Noyabrın 1-də Milli Kitabxanada akademik Nizami Cəfərovun 60 illik yubileyinə həsr olunmuş tədbir  və bu münasibətlə "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr olunan "Nizami Cəfərov. Biblioqrafiya" kitabının, həmçinin və "Nizami Cəfərov - 60" elektron məlumat bazasının  təqdimat mərasimi keçirilib. Nəşr və elektron bazanı Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən söhbət açıb. Bildirib ki, akademik Nizami Cəfərov ölkənin ictimai-siyasi həyatındakı fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib.

Direktor Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı "Nizami Cəfərov. Biblioqrafiya" kitabında alimin zəngin yaradıcılığı haqqında geniş məlumatın toplandığını, həyat və yaradıcılığının əsas tarixlərinin, görkəmli şəxsiyyətlərin onun haqqında fikirlərinin də öz əksini tapdığını bildirən professor, vəsaitin tədqiqatçılar, kitabxanaçılar, tələbələr və ümumən geniş oxucu üçün nəzərdə tutulduğunu vurğulayıb.

Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev akademik Nizami Cəfərovun əsərlərinin orijinal üslubu, yüksək peşəkarlığı ilə seçilən yaradıcı alim olduğunu söyləyib. Bildirib ki, dilçilik elmi ilə yanaşı, ədəbiyyatşünaslıq məsələlərilə də ardıcıl məşğul olan alim zəngin yaradıcılığa malikdir. Vaqif Əliyev çıxışında Milli Kitabxana tərəfindən hazırlanmış biblioqrafiyanın, akademikin yaradıcılığına verilmiş böyük töhfə olduğunu söyləyib. 

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək Nizami Cəfərovun Azərbaycanda dilçilik elmi ilə yanaşı, müasir Azərbaycan ədəbi dili tarixi ilə bağlı xüsusi mövqe formalaşdıran alim olduğunu vurğulayıb.  

Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri Afaq Məsud akademikin dilçilik və filologiya elminin nəzəri və praktik sahəsindəki xidmətlərindən, dil və ədəbiyyatın tədrisinə, klassik və müasir milli ədəbi prosesin tədqiqinə verdiyi töhfələrdən söhbət açıb.

Əməkdar elm xadimi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Nizami Cəfərovun elmi yaradıcılığı, ədəbi-məzmunlu yazıları haqqında söhbət açıb, yüksək təşkilatçılıq bacarığını yüksək qiymətləndirib.   

Xalq şairi Nəriman Həsənzadə, BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, professor Rüstəm Kamal, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid görkəmli alimin zəngin elmi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında fikirlərini, yubilyara xoş arzularını bildiriblər.

Daha sonra Milli Kitabxana tərəfindən hazırlanmış "Nizami Cəfərov - 60" elektron məlumat bazası təqdim edilib.

Sonda çıxış edən akademik Nizami Cəfərov kitabın və elektron məlumat bazasının ərsəyə gəlməsində əməyi olan hər kəsə, Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya təşəkkürünü bildirib.

 

 





02.11.2019    çap et  çap et