525.Az

"Uşaqlıq illərimizdən bəri bir şuarımız vardı: XXI əsr Türk əsri olacaq" - Müsahibə


 

"TÜRK BİRLİYİ SADƏCƏ TÜRK DÜNYASI ÜÇÜN DEYİL, BÖLGƏ BARIŞI ÜÇÜN DƏ BİRBAŞA ÖNƏMLİ BİR AMİL OLACAQ".

"Uşaqlıq illərimizdən bəri bir şuarımız vardı: XXI əsr Türk əsri olacaq" - <b style="color:red">Müsahibə </b>

Türkiyənin nüfuzlu qurumlarından biri olan "Türk Eğitim-Sen" - Təhsil üzrə Azad Həmkarlar İttifaqı Türk dünyasında da əhəmiyyətli yer tutmaqdadır.

Qurum həm də vətəndaş cəmiyyəti (qeyri-hökumət təşkilatı) kimi türkdilli respublikalarla əhəmiyyətli ortaq layihələr gerçəkləşdirməkdə, öz fəaliyyəti ilə türk dünyasına töhfələr verməkdədir. Təhsil üzrə Azad Həmkarlar İttifaqının baş direktoru Talip Geylanla qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, irəlidəki planlar və eyni zamanda, Türk dünyasına verdiyi töhfələr barədə danışdıq.  

- Talip bəy, oktyabrın əvvəllərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Qazaxıstan Təhsil və Elm İşçiləri Həmkarlar Birliyinin 95 illiyinə həsr edilən Beynəlxalq Forumda iştirak etdiniz, bir sıra görüşlər keçirdiniz. Tədbirlərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Nur-Sultanda Beynəlxalq Avrasiya Təhsil Həmkarlar Birliyimizin üzvü olan Qazaxıstan Təhsil və Elm İşçiləri Həmkarlar Birliyinin 95 illiyinə həsr edilən Beynəlxalq Forumda iştirak etdik. Səhəri gün isə Qazaxıstan Həmkarlar İttifaqının burada reallaşan 14-cü Konqresinə qatıldıq. Həm Forumda, həm də Konqresdə Türkiyə Təhsil İşçilərinin Həmkarlar Birliyi və Beynəlxalq Avrasiya Təhsil Həmkarlar Birliyi olaraq təmsil olunduq, özümüzü tanıtdıq. Foruma fərqli ölkələrdən 40-a yaxın həmkarlar və həmkarlar birlikləri qatılmışdı. Faydalı bir toplantı oldu. Qazaxıstan Təhsil və Elm İşçiləri Həmkarlar Birliyi ölkədə önəmli qurumlardan biridir. Üzvlərinin sayı və nüfuzu baxımından daha yaxşı yerdə durur. Bu vəziyyət bizi məmnun etdi. Müşahidə etdiyim  həm Qazaxıstandakı bürokratiyanın və həm də xarici qonaqların  Konqresdə iştirakı bizim həmkarlar ittifaqımızın Qazaxıstandakı etibarını, hörmətini isbat etmiş oldu. Təbii ki, biz Türk Eğitim-Sen - Təhsil üzrə Azad Həmkarlar İttifaqı olaraq Türk dünyası, türkdilli ölkələr ilə münasibətlərə önəm veririk. Hər fürsətdə bir araya gəlmək üçün səbəblər, vasitələr tapırıq. Qazaxıstandakı bu tədbirlər də bu anlamda həm ölkələrimiz, həm toplumlarımız, həm də Azad Həmkarlar İttifaqlarımız arasında işbirliyi, xüsusilə də duyğu birliyinin möhkəmlənməsinə bir töhfə oldu.

- Türk dünyasına daxil olan cümhuriyyətlər, topluluqlarla birgə fəaliyyətlər də gerçəkləşdirirsiz. Bu fəaliyyətlərinizlə bağlı geniş məlumat verə bilərsinizmi?

- 1992-ci ildə təşkilatımız qurulanda şüarımız bu oldu: "Türkiyə sevdamız, çörək üçün mübarizəmiz". İşçinin sosial haqları (çörək, dolanışıq) həmkarlar ittifaqının hər yerdə məşğul olduğu məsələdir. Amma biz bu mübarizənin önünə Türkiyə sevdasını qoymuşuq. Dövlətimiz varsa, millətimiz varsa, biz də varıq. Bunlar olmadıqdan sonra həmkarlar ittifaqı ilə məşğul olmağın bir anlamı yoxdur. Türk dünyasına gəlincə, biz onu Türkiyə ilə birlikdə, bir bütöv olaraq qəbul edirik. Bizim üçün Türkiyə nədirsə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İraq türkləri, Makedoniya türkləri və digər bütün toplumlar odur.

Türk Eğitim-Senin qurulduğu tarixdə türkdilli respublikalar da müstəqilliklərini qazandılar. Biz bu əsasda Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqı (BATHİ) adlı bir qurum yaratdıq. Onun rəhbəri də mənəm. Qurumun Türkiyə ilə bərabər 9 üzvü var. Türk dünyasının mədəniyyətdə, dildə, işdə birliyinin təsis edilməsində qurumumuz önəmli bir məsuliyyəti öz üzərinə götürüb. Ortaq tarix və mədəniyyəti paylaşan xalqlarımız arasında - dil, tarix, inanc və mədəniyyət ən önəmli körpülərdir. Mərhum İsmayıl Qaspıralının "Dildə, fikirdə, əməldə birlik" şüarını ölkələrimiz və quruluşlarımız arasında milli hədəf, ideal olaraq yaşaması yolunda addımlar atırıq. Türk dünyası əsrlər boyunca böyük bir mədəniyyətə sahib olub. Mədəniyyətimizi tarixi kökləri üzərindən yüksəldərək gələcəyə daşımaq vəzifəmizdir. Bu mənada qardaş Azərbaycanın iqtisadi inkişafını mədəni kimliyinə dayanaraq inşa etməyə çalışdığını görürük. Bizlər müəllimik, elm adamlarıyıq və bilirik ki, dil, tarix və inanc olmadan keçmişlə bu günü, bu günümüzlə gələcəyimizi bir araya gətirə bilmərik. 

Biz ildə ən azı bir dəfə bir araya gəlir, işlərimizi müzakirə edirik. Builki toplantımızı 10-16 iyunda  Şimali Kiprdə keçirəcəyik. Bundan başqa, ildə ən azı bir dəfə beynəlxalq elmi konfrans  keçiririk. 2016-cı ildə "Əhməd Yəsəvi ili" çərçivəsində ilk dəfə türk dünyası təhsil elmləri və sosial elmlər simpoziumu düzənlədik. Ötən ilin noyabrında üçüncü belə konfransı Antalyada keçirdik. Bu fəaliyyətlərimizlə türk dünyasına töhfə vermiş oluruq. Çünki biz öz yolumuza türk dünyasının birliyi arzusu ilə çıxmışıq. Amma öncə duyğu birliyi olmalıdır. Siyasi, iqtisadi əlaqələr isə bundan sonra qurulur. Bəzi ölkələrdə, məsələn,  Makedoniyada, İraqda iqtisadi durum yaxşı olmadığına görə tədbirlər keçirmək üçün onlara maliyyə dəstəyi veririk. Amma Qazaxıstan, Qırğızıstan, Azərbaycan kimi ölkələrdə üzv quruluşlarımız özləri öhdəsindən gəlirlər.

- Türk dünyası 15 oktyabr 2019-cu ildə özünün növbəti əlamətdar gününü  yaşadı. Türk dünyasının uzlaşma nöqtəsi olan Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşünə ev sahibliyi etdi. Bu tədbir böyük Türk coğrafiyasının birlik və həmrəylik ideyalarına sadiqliyini və müstəqil Türk dövlətlərinin qarşılıqlı tərəfdaşlıq əlaqələrini gücləndirməkdə israrlı olduğunu dünya birliyinə bir daha göstərdi. Qəbul edilən qərarlarla bağlı fikirləriniz maraqlı olardı...

- Uşaqlıq illərimizdən bəri bir şuarımız vardı: XXI əsr Türk əsri olacaq. Biz bu xəyalla böyüdük. Gəldiyimiz nöqtə göstərir ki, artıq bu yola daşları döşəyirik. Mən Türk Şurasını Türk birliyi anlamında önəmli bir künc daşı olaraq görürəm. Türk Şurası 2009-cu ildə dövlət rəhbərləri səviyyəsində Naxçıvanda quruldu. Türk Şurasının Bakı toplantısında sərgilənən iradə isə bu qurumun əhəmiyyətini konkret şəkildə ortaya qoydu. Məlumdur ki, Türkiyə terrorla mücadilə içərisindədir və var qüvvəsi ilə terrora qarşı mübarizə aparmaqdadır. Hətta dünyanın müxtəlif ölkələrindən Türkiyə əlehinə ittihamlar səsləndi. Bu hərəkatı işğal kimi xarakterizə edən fikirlər də irəli sürüldü. Ancaq Bakıdan bir səs yüksəldi: Türk Şurasını quran bütün dövlətlərimiz yekdil bir şəkildə Türkiyənin yanında olduqlarını, terror mücadiləsinə ona dəstək verdikləri nöqtəsində dəqiq bir qərar ortaya qoydular. Bu da onu göstərir ki, Türk birliyi sadəcə Türk dünyası üçün deyil, bölgə barışı üçün də birbaşa önəmli bir amil olacaq. Bu səbəbdən də Türk Şurasına önəm verirəm.

- Türk dünyasını bir araya gətirmək məqsədi ilə Türk Şurasından başqa da təşkilatlar qurulub.  Onların fəaliyyətini necə dəyərləndirirsiz?

- Türk dövlətləri və ya Türk dilində danışan topluluqlar arasında birlik sadəcə dövlətlər arasında atılacaq addımlarla qalmamalıdır. Bu işdə qurumlar, toplumlar və onları təmsil edən vətəndaş cəmiyyətləri də mühüm rol oynamalıdılar.  Bizim qurduğumuz Beynəlxalq Avrasiya Təhsil Həmkarlar Birliyinə də bu mənada önəm verirəm.  TÜRKSOY, TürkPA, Türk Mədəniyyət və Miras Fondu kimi bir çox qurumlar mövcuddur.  Onların da fəaliyyətləri Türk dünyasını bir araya gətirmək, təşviq etmək baxımından çox önəmlidir.

- Rəhbərlik etdiyiniz qurumla bağlı qarşıda daha hansı planlar gözlənilir?

- 7-10 noyabrda Antalyada Türkiyə Təhsil İşçilərinin Azad Həmkarlar Birliyi və Beynəlxalq Avrasiya Təhsil Həmkarlar Birliyinin beynəlxalq elmi konqresini keçirməyə hazırlaşırıq. Bu bizim toplantı 4 ildir ki, bir dəfə "Fənn elmləri" və  bir dəfə də "Təhsil və sosial elmlər"i mövzusunda olur. Məsələn, ötən il "Təhsil və sosial elmlər" mövzusunda konqres keçirdik. Həmin konqresdə 45 ölkədən 736 alim və akademik iştirak etmişdi. Bu, doğrudan da, yüksək göstəricidir. Bu il isə  "Beynəlxalq Türk Dünyası Fənn və Mühəndis Elmləri" mövzusunda konqresin ikincisini düzənləyirik. Yenə müxtəlif ölkələrdən gələn 430 konqresdə alim və akademik iştirak edəcək.  Beynəlxalq Avrasiya Təhsil Həmkarlar Birliyimizin üzvü olan ölkələrdən- Qırğızıstan, Qazaxıstan, Azərbaycandan, Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, Ruminiyadan gələn elm adamları təmsil olunacaq. Düşünürəm ki, əvvəlkilər kimi, bu elmi konqresimiz də uğurlu olacaq və gözəl nəticələr verəcək. Bundan başqa, Türkiyə içərisində də fəaliyyətlərimiz davam edir, aktiv şəkildə çalışırıq.

- Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası qərəzli şəkildə qondarma erməni soyqırımını növbəti dəfə gündəmə gətirdi, onun tanınmasını nəzərdə tutan qətnamə qəbul edib. Məsələ ilə bağlı mövqeyinizi bilmək maraqlı olardı?

- Dünya tarixinin hər səhifəsinə öz töhfəsini vermiş, lakin soyqırım və zülmlə anılmamış Türk tarixini, saxta böhtanlarıyla ləkələyə biləcəklərini zənn edən ABŞ parlamentinin üzvləri bilsinlər ki, Türk milləti keçmişində soyqırım və köləliyi görmədikləri nadir millətlərdəndir. Bundan başqa, tarix də şahiddir ki, son otuz ildə saxta "Demokratiya və insan haqları" adına dünyanın dörd bir yanında tökülən yüz minlərlə günahsız insanın qanını ABŞ imperializminin çirkli əlləriylə həyata keçirildi. Bilsinlər ki, yalan və böhtanlarıyla tərtəmiz tariximizi, qüsursuz tariximizi çirkləndirə bilməyəcəklər.

PƏRVANƏ

 





03.11.2019    çap et  çap et