525.Az

Prezidentin yeni icra başçılarından tələbi: “Rayonlarda həyat daha dinamik xarakter almalıdır”


 

Prezidentin yeni icra başçılarından tələbi: <b style="color:red">“Rayonlarda həyat daha dinamik xarakter almalıdır”</b>

Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar təkcə ölkəmizdə deyil, beynəlxalq müstəvidə də olduqca müsbət qarşılanmaqdadır. Bu yenilikçi islahatlar Azərbaycanın daha da inkişafına, iqtisadi qüdrətinin artmasına, sosial rifahın yüksəlməsinə hesablanıb.

Ölkəmiz beynəlxalq reytinqlərdə də irəliləməkdədir və dünyanın ən islahatçı dövləti elan olunub. Əlbəttə ki, islahatların paralel olaraq kadr sahəsində də aparılması nəticələrin daha da güclənməsinə səbəb olacaq. Bu mənada son aylar ərzində ölkədə həyata keçirilən kadr dəyişiklikləri, xüsusilə, gənc, savadlı insanlara yüksək vəzifələrdə etimad göstərilməsi müsbət bir haldır. Dövlət başçısı yeni təyin edilən şəxsləri qəbul edərək, onların qarşısında vəzifələr və tapşırıqlar qoyur və etimadı doğrultmağa çağırır. Bir neçə gün əvvəl isə Prezident Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul etdi. Ölkə rəhbəri hər şəxsin qarşısında duran əsas vəzifənin rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafının təmin etmək olduğunu deyib. Prezident, həmçinin deyib ki, onlar vətəndaşlarla daim təmasda olmalı, bütün kəndləri gəzməli, kənd camaatı ilə görüşməlidirlər: "Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən, qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz. Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən, Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək".

Dövlət başçısının yeni icra başçılarının qarşısına qoyduğu mühüm vəzifələrdən biri də onların düzgün işləməsi ilə bağlıdır: "Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır".

Bu gün abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması bütün rayonlarda həyata keçirilir. Azərbaycanın bəzi şəhər və rayonları öz inkişafına, infrastrukturuna görə paytaxt Bakıdan fərqlənmir. Eyni zamanda, regionlarda turizm, kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqətin ayrılması yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına və onların sosial rifahının yüksəlməsinə səbəb olur.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən söylədiyi fikirlər dövlət başçısının yerli hakimiyyət orqanlarının qarşısında qoyduğu vəzifələr, tələbləri, xəbərdarlıq idi.

Ölkə başçısının qəbul zamanı kadr islahatları, xüsusilə də gənclərin vəzifələrə təyin edilməsi ilə bağlı fikirlərinə toxunan deputat söyləyib ki, Azərbaycan Prezidenti bir daha izah etdi ki, məqsəd yaşlı nəslin vəzifədən uzaqlaşdırılması və ya gənclərin vəzifələrə gətirilməsi deyil: "Əsas məqsəd işinin öhdəsindən gələ bilməyənlərin, vəzifəsini düzgün yerinə yetirməyənlərin işindən uzaqlaşdırmaqdır. Hazırda ölkəmizdə çox təcrübəli, işinin öhdəsindən yüksək səviyyədə gələn yaşlı kadrlarımız var. Gənc nəsil onların təcrübəsindən bəhrələnməli, öyrənməlidir".

E. Məmmədov söyləyib ki, ölkəmizdə hər kəs xüsusilə də vəzifə sahibləri Azərbaycanın inkişafına xidmət etməlidirlər: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vəzifələrdə təmsil olunan bəziləri həyata keçirilən kadr islahatlarını yaşlılara qarşı kampaniyaya çevirmək istəyirlər. Lakin ölkə başçısının da söylədiyi kimi bu, yolverilməzdir".

Deputat qeyd edib ki, ötən gün ölkə başçısının icra başçısı vəzifəsinə təyin olunan iki gəncin qəbul etməsi digər ölkələr üçün də nümunədir: "Dövlət başçısının qəbul zamanı gənclərə verdiyi tövsiyyələr təkcə onlara aid deyildir. Deyilən fikirlər bütün icra başçılarına, digər vəzifələrdə işləyənlərə aid idi. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparmalı, bu bəladan qurtulmalıyıq. Bundan başqa, Prezident media işçilərinə də müraciət edərək onları öz köməkçiləri adlandırdı".

E.Məmmədov vurğulayıb ki, ölkə başçısının verdiyi tapşırıqlar qəti şəkildə yerinə yetirilməlidir: "Dövlət başçısı çıxışında da qeyd etdi ki, verilən tapşırıqları yerinə yetirməyənlər cəzalandırılacaq. Mən hesab edirəm ki, ölkə başçısının son dövrdə vəzifələrə təyin etdiyi insanları qəbul etməsi, onlara tövsiyə, tapşırıqlar verməsi və bunların bütün ictimaiyyətə çatdırılması vacib, ibrətamizdir. Bu addımın müsbət nətcələri var və bundan sonra da olacaq".

Dil-ədəbiyyat müəllimi Gülnarə Əliyeva isə bildirib ki, ölkədə həyata keçirilən islahatlar hər bir vətəndaş tərəfindən böyük məmnunluqla qarşılanır. Bu islahatların nəticələrini isə artıq hər bir ailə hiss etməkdədir: "Kadr dəyişiklikləri isə bu islahatları daha da möhkəmləndirir. Azərbaycan Prezidenti xalq üçün çalışır. Atılan bütün addımlar məhz insanlarımızın daha yaxşı yaşaması, sosial vəziyyətinin yaxşılaşmasıdır. Müəllimlərin əmək haqlarının artırılması da buna sübutdur".

G.Əliyeva bütün sahələri əhatə edən islahatların kadr islahatları ilə bərabər dövlətimiz, xalqımız üçün daha yaxşı gələcək, daha yaxşı nəticələr vəd etdiyini vurğulayıb.

PƏRVANƏ

 





02.11.2019    çap et  çap et