525.Az

Türkiyə regionda gücünü və hərbi qüdrətini artırır - Aydın Ağazadə yazır


 

Türkiyə regionda gücünü və hərbi qüdrətini artırır - <b style="color:red">Aydın Ağazadə yazır </b>

Yola saldığımız oktyabr ayı Türkiyənin ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qaldı. Neçə illərdir ki, regiondakı proseslərə birbaşa bağlantısı olan, Orta və Yaxın Şərqdə baş verən münaqişlərin ağır fəsadlarını bilavasitə öz ictimai-sosial həyatında yaşayan, 100 kilometrlərlə sərhəd qonşuları olan İraq, Suriya və Liviyada son illərdə daha da fəallaşan terrorçu şəbəkələrin təzyiqləri ilə üzləşən Türkiyə beynəlxalq sülh koalisiyasının saxtakarlığından bezərək tarixində ən irimiqyaslı antiterror hərəkatını başlatdı.

Oktyabrın 9-da bütün hərbi birləşmələrin və xüsusi kəşfiyyat qruplarının cəmləşdiyi “Sülh çeşməsi” adlı antiterror hərəkatının başladılmasında məqsəd Suriyadakı terrorçu qrupların zərəsizləşdirilməsi idi. Prezident Rəcəb Tayyib Ərdoğanın əmri ilə başlayan bu hərəkatın digər başlıca hədəfləri terrorçuların Fərat çayının şərq sahilindən geri çəkilməsi və həmin ərazidən didərgin düşmüş on minlərlə suriyalının  doğma yurdlarına dönməsini təmin etmək idi. 

“Sülh çeşməsi” - terrora və onu dəstəkləyənlərə sarsıdıcı zərbə... 

“Sülh çeşməsi” Türkiyə Silahlı Qüvvələrinin 3 il əvvəl uğurla həyata keçirdiyi antiterror hərəkatının yeni həmləsi oldu. Türkiyə hərbi birləşmələri hələ 2016-cı il avqustun 24-də "Fərat Qalxanı” əməliyyatına başlamaqla, regionda terrorizmə qarşı qətiyyətli mövqeyini ortaya qoydu və qısa müddət ərzində Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərini İŞİD-dən təmizləndi. Fərat çayı boyu ərazilər Azad Suriya Ordusuna (ASO) təhvil verildi. 2017-ci ilin mart ayında uğurla başa çatdırılan həmin əməliyyat planı sayəsində doğma yurdlarından qovulmuş türkman və ərəblərin öz yurdlarına dönməsi təmin olundu.

Türkiyənin 2018-ci il yanvarın 20-də apardığı digər əməliyyat – "Zeytun budağı" hərəkatının məqsədi və strateji hədəfləri də Afrindən öz ərazisinə yönəlmiş terror şəbəkəsini, konkret olaraq PYD və YPG-ni zərərsizləşdirmək idi. Türkiyə bu hərəkatı da uğurla tamamlayaraq dünyaya göstərdi ki, terrorçunu sonuncu yuvasına qədər qovacaq və dayanmayacaq. Qərbin terrorçulara mənəvi-maddi və hərbi dəstək göstərməsinə baxmayaraq, rəsmi Ankara əzmkar və cəsur türk əsgərinin amansız həmlələri nəticəsində bu hərəkatı da möhtəşəm sonluqla yekunlaşdırdı. Türkiyə özünün hədəflərinə nail oldu, min kilometrlərlə ərazi YPG-PYD terrorçularından təmizləndi, 50 mindən artıq suriyalı öz torpaqlarına qayıtdı. Afrində həyat qaynamağa başladı, insanlar işləməyə, sabit həyat şəraitində yaçayışını qurmağa başladılar.

Bununla belə, əvvəlki 2 hərəkatın nəticələri göstərdi ki, YPG və PYD, habelə digər kürd terrorçuları qaldıqları ərazilərdə, xüsusilə də Fəratın şərqində yenidən fəallaşır, Türkiyə sərhədlərini yenidən zərbələrə məruz qoyur, sabitliyi pozur və insanların həyatını təhlükəyə məruz qoyurlar. Məsələ ondadır ki, bu terrorçuların silahlanmasında, hərbi təlimlərə cəlb olunmasında , geyim, ərzaq və digər təminatlarla təzhiz edilməsində ABŞ və digər Qərb ölkələrinin canfəşanlığı Türkiyənin xüsusi xidmət orqanları tərəfindən təkzibolunmaz faktlarla təsdiqini tapmaqdadır. 20-dən artıq xarici dövlətin birbaşa iştirakı ilə yaradılmış 12 hərbi bazada təlim keçmiş 40 mindən artıq YPG terrorçusu da məhz Türkiyədə sabitliyi pozmaq, bu ölkənin ərazi bütövlüyünü parçalamaq niyyəti ilə meydana bıraxıldı. Əsəd hökumətinin mərkəzi hakimiyyətinin dağılmasından istifadə edən Qərb məhz kürdlərin əli ilə Suriyanın parçalanmasına və burada bir neçə dövlət yaradılmasına çalışır. Türkiyə isə bu məkrli plana yol verməyəcəyini ilk gündən bəyan edib və ölkənin süverenliyini qoruyan müxalif qüvvələrlə, Azad Suriya Ordusu ilə birgə bu işğalçı plana qarşı qətiyyətlə mücadilə edir. “Sülh çeşməsi” hərəkatının strateji məzmunu da məhz bu idi: terroçuların ölkəni parçalamaq planlarını darmadağın etmək və Suriyanın ərazi bütövlüyünü qorumaq, kürd terrorçuların nəzarətində olan ərazilərin azad olunaraq ölkədə milli birliyi dəstəkləyən qüvvələrə vermək, Türkiyədə sığınmış on minlərlə qaçqını öz yurdlarına qaytarmaq və Suriya-Türkiyə sərhədi boyunca güclü və etibarlı təhlükəsizlik zolağı yaratmaq.

Etiraf etmək lazımdır ki, “Sülh çeşməsi” hərəkatı Türkiyənin əvvəlki antiterror əməliyyatlarından daha uğurlu oldu və və dinamikliyi ilə diqqəti cəlb etdi. Türk silahlı qüvvələrinin sürətlə irilələməsi ABŞ və Rusiyanı narahat etdiyindən, dərhal atəşkəsin əldə edilməsi üçün Türkiyə ilə danışıqlara başlanıldı. Oktyabrın 17-də Türkiyə ilə ABŞ arasında hərəkatla bağlı 13 maddəlik ortaq bəyanat imzalandı. Oktyabrın 22-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə 10 maddəlik müqavilə imzaladı. Hər iki sənəddə Türkiyənin qoyduğu bütün şərtlər kürdlərə qəbul etdirildi. Hər iki ölkə ilə Ankaranın imzaladığı sənədlərin icrası oktyabrın 30-da yekunlaşdı. Əslində, Türkiyənin də istədiyi bu idi: terrorçular 444 km-lik ərazidən 30 km geri çəkildilər, təhlükəsizlik zolağı hesab edilən ərazilər Türkiyə ordusunun nəzarətinə keçdi. Həmin ərazilərdə qurulmuş xüsusi məntəqələrdən kürd terrorçuları daim izləniləcək.

“Sülh çeşməsi” hərəkatının ən mühüm uğurlarından biri də Türkiyənin planlaşdırdığı qərarlardan birinin – qaçqınların yerlərinə qayıtması da təmin olunmaqdadır. Oktyabrın 20-dən 30-dək 75 min Suriya vətəndaşı Türkiyədən öz ölkəsinə geri dönüb. Yaxın günlərdə daha 180 min vətəndaşın yurdlarına dönəcəyi nəzərdə tutulur.  

Türkiyə bir daha dostunu və düşmənini də ayırd etdi...  

“Sülh çeşməsi” hərəkatı bir daha Türkiyənin terrora qarşı mübarizədə dostunu və düşmənini ayırd etmək fürsəti əldə etməsinə səbəb oldu. Özünü Türkiyənin strateji müttəfiqi hesab edən ABŞ və NATO ölkələrinin ikili standartları, Avropa Birliyinin saxtakar mövqeyi özünü göstərdi. Avropa hər zaman yalan vədlər verərək terrorla mübarizədə Türkiyəni yarı yolda qoyduğunu, saxtakarlığını biruzə verdi. PKK-nın Suriyadakı qolu olan PYD-nin əsas rəhbərlərindən olan Məzlum Kobaninin 196 ölkədə qüvvədə olan qırmızı bülletenlə axtarışda olmasına baxmayaraq, ABŞ-da xüsusi qonaqpərvərliklə qarşılanması Qərbin və Amerikanın terror adı ilə siyasi alver etdiyini göstərir. Belə görünür ki, Qərbi Suriyanın zəngin sərvətləri maraqlandırır, minlərlə insanın ölümü isə onu narahat etmir. ABŞ Prezidenti Donald Trampın dediyi kimi, "Bizi Suriyada neft maraqlandırır, Amerika öz qoşunlarını neft yataqlarının qorunması üçün saxlayacaq".

Suriyada beynəlxalq gücləri insan həyatı, qaçqınların acı taleyi deyil, neft düşünüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalıq güclərin bu cür ədalətsiz addımlarını qətiyyətlə pisləyərək bildirib ki, Qərbi Suriyada insanların tökülən qanı deyil, neft maraqlandırır.

Məsələ ondadır ki, “Sülh çeşməsi” əməliyyatının başa çatmasına və atəşkəsin əldə olunmasına baxmayaq, Türkiyənin faktiki olaraq oktyabr ayında həm hərbi, həm də siyasi zəfəri Amerika və Avropa dövlətləri tərəfindən həzm edilmir. Onlar Ankaranın bu uğuruna qarşı müxtəlif çirkin vasitələrlə, namərdcəsinə "cavab vermək" istəyirlər. ABŞ Nümayəndələr Palatasının oktyabrın 29-da “erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnamə də Amerikanın qıcığının, siyasi riyakarlığının, Türkiyəyə qarşı qisasçılıq siyasətinin bir hissəsidir. Çünki Türkiyə açıq-aşkar Amerikanın çirkin Rojova və Yaxın Şərq planlarını pozur.  

Türk dövlətləri hər zaman Türkiyənin arxasındadır 

Türkiyənin güclənməsini qəbul edə bilməyən beynəlxalq güclər artıq anlamalıdrlar ki, dünayda baş verən yeni geosiyasi proseslər Türkiyə başda olmaqla türkdilli dövlətlərin nüfuzunu və təsir imkanlarını daha da artırır. Bu, qlobal miqyasda türkün möhtəşəm gücünün qəbul olunması deməkdir. Hələ oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü də türk ölkələrinin siyasi qüdrətini dünyaya nümayiş etdirdi. Türkiyənin haqq işini, terrorla mübarizə qətiyyətini dəstəkləyən türk dövlətləri bir daha qardaş ölkənin yanında olduqlarını bəyan etdilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, türk dövlətlərinin ən dinamik strukturlarından biri olan Türk Şurasının dünya siyasətində rolu daha da artır. Türkdilli dövlətlər qlobal proseslərin mürəkkəbləşdiyi bir dövrdə milli mübarizələrdə və milli məsələlərdə bir-birimizin yanında durmalıdır. Toplantıda Türk dövlətlərinin başçılarının birlik və bərabərlik, ortaq soy kök, ortaq tarix, ortaq dil təklifləri də təqdirəlayiq haldır.

Zirvə Görüşündə səslənən fikirlər və verilən mesajlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaxın zamanlarda möhkəmlənərək dünyada vacib güc mərkəzinə çevriləcəyini deməyə əsas verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, türk xalqları arasında mədəni-mənəvi bağların möhkəmləndirilməsi, turist axınını təşviq etmək üçün ortaq təşəbbüslərin gücləndirilməsi, iqtisadi və siyasi sahədə birgə proqramların həyata keçirilməsi bu təşkilatın siyasi statusunu və rolunu gücləndirəcək. Eyni zamanda, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Şuranın Türk Dövlətləri Təşkilatı adlandırılması təklifi Türk Dövlətləri Birliyinin təşəkkülündə təsisatlanma prosesini sürətləndirən bir addım kimi dəyərləndirilə bilər.

Hazırda regional təhdidlər, yeni çağırışlar daim var və regional təhdidlərin qarşısını almaq üçün türkdilli dövlətlər arasında siyasi inteqrasiyanın güclənməsi çox mühüm əhəmiyyət kəsb edir. Dünyada qlobal ticarət və tranzitlər uğrunda rəqabət dərinləşir, türk respublikalarının yerləşdiyi coğrafiya ən strateji nəqliyyat-tranzit qovşaqlarıdır. Burada tarixi İpək Yolu, Şərq və Qərbi birləşdirən tranzitlər mühüm əhəmiyyət kəsb edir. Hazırda regionda ən nəhəng meqalayihə olan “Bir kəmər, bir yol” qlobal iqtisadi, siyasi və sosial inteqrasiyanı dərinləşdirən geniş platformadır. Bu isə Avrasiya regionunda Türk Şurasının rolunu möhkəmləndirəcək. Məsələ ondadır ki, təşkilat tək Asiya qitəsi ilə yekunlaşmır. Artıq Macarstanın da təşkilatda müşahidəçi status alması, Monqolustanın da qurumla əməkdaşlığa can atması təşkilatın Avropa və Uzaq Şərq sərhədlərinə qədər uzanması deməkdir.

 





04.11.2019    çap et  çap et