525.Az

Dirilər üçün rekviyem - Əli Əmirli yazır


 

Dirilər üçün rekviyem - <b style="color:red">Əli Əmirli yazır </b>

Vüqar Tofiqlinin Ağdama ağrı dolu məhəbbətlə yazdığı silsilə məqalələr bir vaxtlar bütün Qarabağın faktiki mərkəzi olmuş, bu gün isə  viranəyə çevrilmiş Ağdam şəhərinə həsr edilmiş  rekviyemdir. Yaddaş yarasına çevrilmiş nisgil dolu xatirələr, ayrılıq həsrətindən rəngini itirib solğunlaşmış Ağdam mənzərələri, əfsanəyə, nağıla çevrilmiş əhvalatlar,  Ağdamın tanınan şəxsiyyətləri ilə təkrar-təkrar yada salınan  Ağdamlı günlər...

... Yadındamı Voroşilov küçəsində kimlərin evləri vardı... Xatirindəmi mədəniyyət evində keçirilən tədbirlər, çal-çağırlı konsertlər, muğam gecələri, bəs İmarət deyilən tarixi abidələr məkanı... Yadındamı məşhur Ağdam stadionundakı futbol oyunları, sonralar çörək muzeyinə çevrilmiş od dəyirmanı, haqqında nağıllar söylənən Dəyirman həyəti, Çin memarlığı üslubunda tikilmiş Çay evi... Bəs  Şah Abbasdan yadigar qaldığı deyilən Cümə məscidi, Mir Heydər ağanın qoşa minarədən ucalan azan səsi... Yadındamı Ağdam?!

Hayıf ki, qoruya bilmədiyimiz viranə Ağdam haqqında yeni heç nə deyə bilmirik, axı ölmüş adam haqqında daha yeni bir şey olmur, ondan ancaq xatirələr qalır. Ağdam da dünyasını dəyişmiş adam kimidir. Nə qədər ağır olsa da, nə qədər istəməsək də, etiraf etməyə məcburuq: bizim tanıdığımız, sevdiyimiz   Ağdamı düşmən öldürdü, qətlə yetirdi, yüz il içində yığıb qatılaşdırdığı kin-küdurətlə, iblisanə bir nifrətlə oda qaladı, yandırıb-yaxdı, yağmaladı, nifrətlə çabalayan murdar  ürəyi soyumadı şəhəri yerlə yeksan elədi...  Ağdamlılar pərən-pərən düşdü, vətəndən vətənə qaçmağa məcbur oldu. Bu qaçqınlıq illərində dərddən, qüssədən, xəcalətdən  ölənlər öldü, qalanlar  ölmüş şəhərini, dağıdılmış xanimanını, böyük vətən içində kiçik, amma daha doğma vətənini yana-yana xatırlamaqla,  oxşamaqla, onun haqqında söhbətlərlə ovunmalı oldular.

Vüqar Tofiqlinin məqalələrində itirilmiş Ağdam ağrısının içində bir şirin, həzin  kədər də var. Bu   kədər Ağdamın keçmişini yada salanda zühur edir, sızıldayır. Ölüb getmiş adamın yaxşı əməllərini yada salanda baş qaldıran həzin kədər kimi. 

Mən Vüqar Tofiqlinin Ağdam məqalələrini rekviyem adlandırdım, ölmüş, dünyasını dəyişmiş adamın ruhuna  bəstələnmiş kədərli musiqi əsəri. Amma bu rekviyem daha çox dirilər üçündür, Ağdamsız qalmış ağdamlılar üçündür. Məqalələrin ümumi ruhunda da rekviyemdən gələn bir kədər,  hüzn var, amma  bu kədər sonsuz  deyil, onun içində bir ümid ulduzu görünür.  Ağdamın azad olunacağına solmaz-sarsılmaz bir ümid, inam var.

Hiyləgər düşmən ölkəmizin ən çətin, zəif düşdüyü  gücsüz vaxtında daha güclülərə arxalanıb  Qarabağı, o cümlədən, Ağdamı işğal elədi, amma haqq nazilər, üzülməz, zaman bizim xeyrimizə işləyir,  Azərbaycan ordusu gün-gündən güclənir. Bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusuna  çevrilmişdir. Azərbaycan əsgəri işğalda olan bütün torpaqlarımızı azad etmək əzmindədir. O gün uzaqda deyil, yaxındadır, biz hamımız buna inanırıq, inanmalıyıq!   Biz Ağdamı sülh danışıqları ilə deyil, döyüşlə qaytaracağıq!  Necə ki, qəhrəman oğlumuz Fred Asif ölümlə çarpışdığı məqamda  deyirdi: "Ağdam döyüşlə azad edilməsə, mən ora qayıtmayacam". Ağdam mütləq azadlığa qovuşacaq, daha möhtəşəm bir şəhərə, yeni Ağdama çevriləcək.

Amma yeni Ağdam daha əvvəlki Ağdam olmayacaq. Ağdam uşaqlığı, gəncliyi  işğaldan qabaqkı  Ağdamda keçmiş  ağdamlıların xatirələrində qalacaq, Ağdam haqqında  yazılarda, məqalələrdə, nağıllarda, rəvayətlərdə, nəğmələrdə, kitablarda  yaşayacaq.

... Yadındamı, İmarət yolunda, Ağdamın göyçəmən stadionunda düzənlənən "Xarı bülbül" musiqi festivalı, skamyalarda sıx-sıx oturmuş insanların üzündəki sevinc, fərəh, xoşbaxtlıq işığı... Yadındamı, ateizmin tüğyan etdiyi bir vaxtda Ağdam Cümə məscidinin həyətindəki məhərrəmlik dəsgahı, şəbeh tamaşaları...  Yadındamı bir nömrəli məktəbdən dəstə-dəstə çıxdığımız  nağıl günlər... Yadındamı fəxr elədiyimiz, sevdiyimiz, qürrələndiyimiz, mənəm-mənəm deyən  şəhər...

Yadındamı AĞDAM?!

 





04.11.2019    çap et  çap et