525.Az

"Neft Daşları"nda 10 quyunun qazılması layihələndirilib


 

"Neft Daşları"nda 10 quyunun qazılması layihələndirilib<b style="color:red"></b>

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Neft Daşları" yatağında hazırda qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 quyunun qazılması layihələndirilib.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları"na təşkil edilmiş media-tur zamanı deyib.

Onun sözlərinə görə, burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanılıb və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir.

"Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir", - deyə İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, "Neft Daşları" uzun müddət ərzində istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35%-dır ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur.

Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə "Neft Daşları" NQÇİ üzrə neft hasilatı 20% artaraq 2018-ci ildə 1 mln. tondan artıq olub.

Bununla yanaşı, İ. Əhmədovun sözlərinə görə, NQÇİ tərəfindən 2019-cu ilin 9 ayı ərzində 790 min ton neft və 72 mln. kubmetr qaz hasil edilib.

Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 mln. ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 mln. ton civarındadır. İstisna deyil ki, gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər.

Xatırladaq ki, "Neft Daşları" yatağının sənaye əhəmiyyətli işlənilməsi 1951-ci ildən başlayıb.

 





05.11.2019    çap et  çap et