525.Az

Bakı Dövlət Universiteti 1980-1990-cı illərdə - Misir Mərdanov yazır


 

Bakı Dövlət Universiteti 1980-1990-cı illərdə - <b style="color:red">Misir Mərdanov yazır </b>

1969-cu ildə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda təhsilin bütün pillələrində, o cümlədən, ali təhsildə islahatların aparılmasını sürətləndirdi.
 
Ali təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, ali məktəblər üçün yeni tədris korpuslarının və tələbə yataqxanalarının tikilməsi, yeni ali məktəblərin yaradılması, ali məktəb həyatında sağlam təhsil mühitinin formalaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Ulu öndərin "Qoy ədalət zəfər çalsın" konepsiyası ali məktəb həyatında mənəvi-psixoloji iqlimi kökündən dəyişdirdi, ali təhsilin inkişafında keyfiyyət dəyişikliklərinə gətirib çıxartdı. 1970-ci illərdə və 1980-ci illərin əvvəlində ölkədə 5 yeni ali məktəb yaradıldı. BDU-nun  həyatında 1970-ci ildən başlayan intibah dövrü 1980-ci illərdə uğurla davam etdirildi. 

Həmin illərdə ali təhsil sahəsində ən böyük uğurlardan biri ölkədən kənarda təhsillə bağlı idi. Həmin dövrdə Azərbaycan Dövlət Universitetində ölkədən kənarda təhsillə bağlı bilavasitə məsul şəxs olduğumdan yaxşı xatırlayıram ki, bu məsələ birbaşa ölkə rəhbərinin nəzarətində idi. Hər il bu məsələ ilə bağlı xüsusi tədbirlər planı hazırlanır və həyata keçirilirdi. 70-ci illərin əvvəllərindən başlayaraq hər il 800-900 nəfər, 80-ci illərin əvvəllərindən isə ildə 1000-1400 nəfərə qədər azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu mülki və hərbi ali məktəblərinə göndərilirdi. Onu da qeyd etmək yerinə düşər ki, əgər 1970-ci ildə respublikadan kənara ali təhsil almağa 60 nəfər plana qarşı cəmi 47 nəfər göndərilmişdisə və onların 40 %-i azərbaycanlı idisə, 1980-ci illərin əvvəllərində göndərilmiş 1000 nəfərdən çox gəncin 97 %-dən çoxu azərbaycanlı idi.  Onu da yaxşı xatırlayıram ki, həmin illərdə ölkədən kənarda təhsillə bağlı Ali və Orta İxtisas Təhsili Nazirliyində xüsusi idarə yaradılmışdı. Azərbaycan Dövlət Universiteti bu vacib məsələ ilə bağlı mərkəz hesab olunurdu və hər il bilavasitə həmin mərkəzin təşkilatçılığı ilə keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə 200-dən çox azərbaycanlı gənc göndərilirdi. Hər dərs ilinin əvvəlində onlarla görüşə xüsusi hazırlıq görülür, həmin görüşlərdə Heydər Əliyevin özü şəxsən iştirak edir, tələbələr xüsusi təyyarələrlə böyük təntənə ilə yola salınırdılar. Ümummilli lider hər dəfə keçmiş SSRİ-nin böyük şəhərlərində olarkən orada təhsil alan azərbaycanlı gənclərlə görüşür, öz dəyərli tövsiyələrini verir, problemlərinin həllinə kömək edirdi. Yaxşı yadımdadır, 1998-ci il martın 25-də məni Təhsil Naziri vəzifəsinə təyin edərkən Ulu öndər digər məsələlərlə yanaşı, mənə xüsusi tapşırdı ki, onun 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış gənclərlə görüşünü təşkil etmək lazımdır. Həmin tarixi görüş 1998-ci ilin avqust ayının 31-də indiki Heydər Əliyev adına sarayda keçirildi. Heydər Əliyevin həmin görüş zamanı dərin məzmunlu çıxışı və müdrik tövsiyələri bu gündə yadımdadır.

1970-1987-ci illərdə universitetin rektoru vəzifəsində akademik Faiq Bağırzadə, elmi İşlər üzrə prorektor vəzifəsində 1971-1987-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü Yəhya Məmmədov,1988-1990-cı illərdə Azərbaycan EA-nın müxbir üzvü Cəlal Allahverdiyev; tədris işləri üzrə prorektor vəzifəsində 1971-1976-cı illərdə professor Əlövsət Abdullayev, 1977-1989-cu illərdə  Azərbaycan EA-nın müxbir üzvü Teymur Vəliyev, 1989-1990-cı illərdə professor Eldar Məsimov, beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində 1981-1984-cü illərdə professor Məmməd Məmmədov, 1984-1993-cü illərdə professor Niftalı Yusubov; axşam və qiyabi təhsil üzrə prorektor vəzifəsində 1984-1989-cu illərdə professor Məmməd Məmmədov işləmişdir. Həmin dövrdə partiya komitəsinin katibi vəzifəsində 1975-1988-ci illərdə professor Qurban Bayramov, 1988-1989-cu illərdə dosent Nadir Şıxlı, 1989-1990-cı illərdə professor Tofiq Rüstəmov işləmişdir.

80-ci illərdə ADU-da 12 fakültə fəaliyyət göstərirdi. Mexanika-riyaziyyat fakültəsinə Azərbaycan EA-nın müxbir üzvü, professor Arif Babayev, Tətbiqi riyaziyyat fakültəsinə 1980-1988-ci illərdə dosent Mustafa Vəliyev, 1989-1990-cı illərdə akademik Mirabbas Qasımov; Fizika fakültəsinə 1978-1988-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü, professor Sabir Hacıyev, 1988-1989-cu illərdə professor Əhməd Abdinov, 1989-1994-cü illərdə dosent Qəhrəman Ağayev; Kimya fakültəsinə 1980-1981-ci illərdə dosent Dəmir Qəmbərov, 1981-1983-cü illərdə professor Səkinə Ələkbərova, 1982-1988-ci illərdə dosent Ənvər Bəşirov, 1988-1993-cü illərdə professor Valeh İsmayılov; Biologiya fakültəsinə 1978-1988-ci illərdə professor Nemət Qasımov, 1988-1990-cı illərdə professor Akif Quliyev; Geoloji-coğrafiya fakültəsinə 1980-1984-cü illərdə Azərbaycan EA-nın müxbir üzvü, professor Qədir Sultanov, 1984-1991-ci illərdə professor Tofiq Şahsuvarov; Filologiya fakültəsinə 1980-1990-cı illərdə professor Ağamusa Axundov, Tarix Fakültəsinə 1980-1986-cı illərdə professor Miryusif Mirhadıyev, 1986-1990-cı illərdə professor Yaqub Mahmudov; Hüquq fakültəsinə  1980-1985-ci illərdə professor İsa Məmmədov, 1985-1989-cu illərdə professor Firudin Səməndərov, 1989-1998-ci illərdə Məmmədxan Rəsulov; Jurnalistika fakültəsinə 1979-1988-ci illərdə professor Tofiq Rüstəmov, 1989-cu ildə dosent Nəriman Zeynalov, 1989-1999-cu illərdə dosent Akif Rüstəmov; Kitabxanaçılıq və İnformasiya fakültəsinə 1979-1993-cü illərdə professor Abuzər Xələfov; Şərqşünaslıq fakültəsinə 1981-1991-ci illərdə professor Vasim Məmmədəliyev rəhbərlik etmişlər.

Həmin illərdə universitetin qiyabi və axşam şöbələrinə qəbul imtahanları iyun ayında, əyani şöbəyə qəbul imtahanı isə avqust ayında keçirilirdi. Yaxşı xatırlayıram, qiyabi və axşam şöbələrinə qəbul imtahanları başa çatmışdı. Faiq Bağırzadənin qardaşı Kamran Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin birinci katibi vəzifəsində işləyirdi. Səhv etmirəmsə, 1987-ci il iyun ayının sonu və ya iyul ayının əvvəli idi. Universitet Elmi Şurasının iclası keçirilirdi. İclasda Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyev iştirak edirdi. İclasda Ramiz Mehdiyev dedi ki, universitetin rektoru Faiq Bağırzadə ölkə rəhbərliyinə müraciət edərək sağlamlığı ilə bağlı tutduğu vəzifədən azad olunmasını xahiş edib. Ölkə rəhbərliyi onun müraciətinə hörmətlə yanaşıb və tövsiyə edib ki, o, gələcəkdə daha yüngül vəzifədə - Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (indiki Neft və Sənaye Universiteti) kafedra müdiri vəzifəsində işini davam etdirsin. O, çıxışına davam edərək qeyd etdi ki, indi biz universitetin rektoru vəzifəsinə müvəqqəti olaraq bir nəfəri təyin etməliyik. Yəqin ki, payızda bu vəzifəyə seçki keçiriləcəkdir. Bu zaman universitetin Fəlsəfə kafedrasını müdiri, professor Həmid İmanov ayağa durub dedi ki, təklif edirəm həmin vəzifəyə Yəhya Məmmədov təyin olunsun, universitet kollektivi onu çox yaxşı tanıyır, 16 ildir ki, elmi işlərə rəhbərlik edir, Azərbaycan EA-nın müxbir üzvüdür, tanınmış riyaziyyatçı alimdir. Həmid müəllimin təklifi səsə qoyuldu və 1987-ci ilin yayında professor Yəhya Məmmədov universitetin rektoru vəzifəsinə təyin olundu.

1987-ci ilin payızında universitet tarixində ilk dəfə olaraq rektor vəzifəsinə seçki keçirildi. Bu vəzifəyə Yəhya Məmmədov və Mirabbas Qasımovun namizədliyi irəli sürüldü. Universitetin genişlənmiş Elmi Şurasının iclasında Yəhya Məmmədov daha çox səs toplayaraq rektor vəzifəsinə seçildi. Yəhya müəllim iki ilə yaxın -1989-cu ilə qədər bu vəzifədə işlədi.

1987-ci ildə universitetin indiki ikinci tədris korpusu istifadəyə verildi. Bununla da bütün fakültələr bir ərazidə - universitet şəhərciyində yerləşdirildi. Yaxşı xatırlayıram, həmin illərdə universitetin 1964-cü ildə istifadəyə verilmiş əsas korpusunda rəhbərlik və digər inzibati qurumlarla yanaşı, Mexanika-riyaziyyat, Fizika, Kitabxanaçılıq, Geoloji-coğrafiya, Tətbiqi Riyaziyyat, Biologiya və Kimya fakültələri yerləşdirilmişdi. 1977-ci ildə istifadəyə verilmiş birinci tədris korpusunda Filologiya, Tarix, Hüquq, ikinci korpus istifadəyə verildikdən sonra Tətbiqi Riyaziyyat və Kitabxanaçılıq fakültələri yeni korpusa köçürüldü. Həmin korpusa o vaxta qədər indiki İstiqlaliyyət küçəsindəki binada yerləşən Şərqşünaslıq və Jurnalistika fakültələri də köçürüldü.

1980-ci illərin ikinci yarısından keçmiş SSRİ-də baş verən ictimai-siyasi proseslər bir çox sahələrdə olduğu kimi, təhsil həyatına da öz təsirini göstərdi. Azərbaycanda ali təhsilin yenidən qurulması ciddi müzakirə mövzusuna çevrildi. Universitet rəhbərliyi tədris-metodik, elmi-tədqiqat və ideya-tərbiyə sahəsində bir sıra ciddi tədbirlər həyata keçirməyə başladı. Həyata keçirilmiş tədbirlər 1989-cu ildən başlayaraq daha əməli xarakter daşımağa başladı.

 Ali təhsilin, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi ilə bağlı  Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən bir neçə qərar qəbul edildi. "SSRİ-də ali və orta ixtisas təhsilinin yenidən qurulmasının əsas istiqamətləri" (1986-cı il), "Ali təhsilli mütəxəssislərin hazırlanmasını və onların xalq təsərrüfatında istifadə olunmasını əsaslı şəkildə yaxşılaşdırmaq tədbirləri haqqında" (1987-ci il), "Elmi-texniki tərəqqinin sürətləndirilməsində, mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılmasında ali məktəb elminin rolunu yüksəltmək haqqında" (1987-ci il), "Aspirantların, ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin maddi və mənzil-məişət şəraitini yaxşılaşdırmaq tədbirləri haqqında" (1987-ci il), "Tədris müəssisələri işçilərinin əmək haqqını yüksəltmək haqqında" (1987-ci il) qərarlar yeni dövrün çağırışlarına uyğun kadr hazırlamağa istiqamətləndirilmişdi.

SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi həmin qərarların icrası ilə bağlı "Ali məktəblərin elmi-pedaqoji kollektivinin təşəbbüsünü inkişaf etdirmək, tədris prosesinin yenidən qurulmasının həyata keçirilməsində onların hüquqlarının genişləndirilməsi" haqqında əmr verdi. Nazirliyin bu əmri universitetlərin şuralarına aşağıdakı əlavə hüquqları verirdi:

1. Tədris planlarında müəyyən olunmuş tədris məşğələlərinin ümumi həcminin 15 faizdən çox olmamaq şərti ilə fənlərin siyahısını tərtib etmək və proqramlarını təsdiq etmək;

2. Məcburi auditoriya məşğələlərinin ixtisar edilməsini və müəllimin nəzarəti altında tələbələrin müstəqil işinin artmasını nəzərdə tutan tədris prosesinin əyani şöbədə tədricən həyata keçirmək;

3. Fənləri birləşdirmək yolu ilə onların sayını azaltmaq, çoxsemestrli olub-olmamasından asılı olmayaraq, hər kurs üzrə bir imtahan təyin etmək;

4. Tədris planlarında verilmiş müxtəlif növ tədris məşğələləri arasındakı nisbəti praktik məşğələlərin xeyrinə dəyişdirmək;

5. Tələbələrin gələcək peşə fəaliyyətində zəruri olan vərdişlərə yiyələnməsi məqsədi ilə müstəqil iş saatları hesabına tədris praktikumu (tədris emalatxanaları) tətbiq etmək;

6. Buraxılış kafedraları və fakültə şuralarının təqdimatı ilə bəzi yuxarı kurs tələbələri üçün fərdi hazırlıq planları (təhsil müddəti hüdudunda) təyin etmək.

Universitet rəhbərliyi və tədris-metodik şurası bu qərardan irəli gələn məsələləri geniş müzakirə etdi, tədris işləri üzrə prorektor Teymur Vəliyev və tədris-metodik şuranın sədri Yusif Seyidov həmin məsələlərlə bağlı geniş məruzə ilə çıxış etdilər.

80-ci illərin ikinci yarısında universitetin həyatında mühüm hadisə baş verdi. Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 13 mart tarixli qərarı ilə Azərbaycan Dövlət Universiteti ölkənin aparıcı universitetləri sırasına daxil edildi. Bu etimadı doğrultmaq məqsədilə universitetin yeni inkişaf planı təsdiq olundu. Tədris-metodik, ideya-tərbiyə və elmi-tədqiqat proseslərinin yenidən qurulmasının vahid planını işləyib hazırladı. Universitetin Elmi Şurasında yenidənqurma ilə əlaqədar kollektiv qarşısında duran vəzifələri müzakirə etdi, onların həyata keçirilməsi yollarını müəyyən etdi. 1987-ci ilin yanvarın 3-də universitetin Elmi  Şurasında tədris prosesinin yenidən qurulması ilə əlaqədar Hüquq və Fizika fakültələrinin dekanları - professorlar Sabir Hacıyev və Məmmədxan Rəsulovun hesabatları dinlənildi. Həmin ilin aprel ayında Tarix fakültəsinin dekanı, dosent Yaqub Mahmudovun tədris və elmi tədqiqat işinin yenidən qurulması gedişi haqqında hesabatı müzakirə edildi. 1987-ci ilin aprelin 24-də Elmi Şuranın iclasında axşam və qiyabi təhsil üzrə prorektor, professor Məmməd Məmmədovun "Yenidənqurmanın tələbləri ilə əlaqədar seçilmiş ixtisas üzrə təhsilin istehsalata uyğunluğu haqqında" məruzəsi dinlənildi. Bunlardan əlavə, bütün fakültələrdə dekanların sədrliyi ilə yeni tədris planlarının işlənib hazırlanması üzrə komissiyalar yaradıldı. Həmin illərdə digər məsələlərlə yanaşı, tədris-metodiki işlərin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılırdı. Bu məsələ ilə fakültələrin və universitetin tədris metodiki şuraları məşğul olurdu.

Tədris metodiki şuraların əsas vəzifələrindən biri tədris planlarına yenidən baxmaq və tələbələrin həftəlik dərs yükünün  norma daxilində olmasına nəzarət etməkdən ibarət idi. SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən tələbələrin həftəlik dərs yükünun 36 saatdan çox olmaması nəzərdə tutulsa da, bəzi fakültələrdə tələbələrin həftəlik dərs yükü 40-42 və hətta 46 saata  çatırdı. Bu problemi qaydaya salmaq məqsədi ilə universitetdə xüsusi komissiya yaradılmışdı. Komissiyanın işinin yekunları fakültə dekanlarının müşavirəsində, tədris-metodiki şurada və universitet şurasında geniş müzakirə olundu, tədris planlarına düzəlişlər edilərək, tələbələrin həftəlik dərs yükü 36 saata endirildi. Rektor tərəfindən təsdiq edilən yeni tədris planlarında I-III kurslarda məcburi auditoriya məşğələləri həftədə 28 saatadək, IV-V kurslarda 24 saatadək azaldılmış, eyni zamanda, müəllimin nəzarəti altında kurs layihələri və işləri, referatlar və başqa yaradıcı tapşırıqlar üzərində müstəqil iş saatları artırılmışdı. Nəzarət işi müəllimin tədris yükü planında nəzərə alınırdı. Tələbələrin müstəqil işinə tədris-metodiki rəhbərliyə I-III kurslarda həftədə 12 saatadək, IV-V kurslarda 16 saatadək vaxt ayrılırdı. Yeni tədris planlarına əsasən hər sessiyada imtahanların sayı dörddən, məqbulların sayı isə 5-6-dan artıq olmamalı idi.

Universitet üzrə verilən əmrlə tələbələrin növbəti kurslara şərti keçirilməsi praktikası ləğv olundu. Ən çoxu iki fəndən akademik borcu olan tələbələrin növbəti semestrin əvvəlinədək həmin borcları verməsi üçün  müəyyən vaxt müəyyənləşdirilmişdi.  1986/87-ci dərs ilinin qış imtahan sessiyasına aid akademik borcların tətil zamanı ləğv edilməsi müsbət nəticələr verdi. Elə həmin il yay imtahan sessiyasını səmərəli təşkil etmək məqsədi ilə imtahanların sayı nəzərə alınmaqla, sessiyanın keçirilməsi müddəti iyunun 20-25-dək müəyyən edildi. Akademik borcların ləğvi üçün yay imtahan sessiyasının başa çatdığı gündən iyulun 5-dək vaxt verildi.

Universitetdə struktur dəyişikliyi baş verdi. 1987-ci il martın 11-də Filologiya fakültəsində rus dili və ədəbiyyatı şöbəsi yaradıldı.  

1980-1990-cı illərdə universitetin alimləri Avropa, Asiya, Afrika və Amerikanın onlarla elm və təhsil ocaqları ilə səmərəli əməkdaşlıq edirdilər. Universitetin professor və müəllimlərinin beynəlxalq əlaqələri xarici ölkələrlə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, inkişaf etmiş ölkələr üçün milli kadrların  hazırlanmasına, xarici ölkələrdə elmi və texniki nailiyyətlərin, təhsilin təşkili sahəsindəki qabaqcıl təcrübənin öyrənilməsinə xidmət edirdi. Həmin illərdə universitetin 40-dan artıq müəllimi Asiya və Afrika ölkələrinə pedaqoji işə göndərilmiş, 300-dən çox müəllim və tələbəsi inkişaf etməkdə olan ölkələrdə tərcüməçi işləmiş, 30 nəfər müəllimi və elmi işçisi inkişaf etmiş Avropa ölkələrinə, ABŞ-a və Yaponiyaya uzunmüddətli elmi stajkeçməyə göndərilmiş, 50-dən çox müəllim xarici ölkələrdə qısa müddətli səfərlərdə olmuş, təcrübə mübadiləsi keçmiş, mühazirə oxumuşdular. Universitetin professor və müəllimləri xarici ölkələrdə 50 müxtəlif beynəlxalq simpozium və konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdilər. Universitetlə Çexoslovakiyanın 4 ali məktəbi arasında tələbə mübadiləsi haqqında müqavilə bağlanmışdı. Bu müqavilələrə əsasən, hər il Çexoslovakiyadan 40 tələbə və müəllim Azərbaycanda, Azərbaycandan 40 tələbə və müəllim Çexoslovakiyada istehsalat təcrübəsi keçirdilər.

1989-cu ildən etibarən Almaniya Demokratik Respublikasının Qreysvald Universiteti və ABŞ-ın Lindelvud kolleci ilə tələbə mübadiləsi həyata keçirilirdi. Azərbaycan Dövlət Universitetində ABŞ-ın, Fransanın, İtaliyanın, Polşanın tanınmış alimləri mühazirələr oxuyurdular. 1990-cı ilin may ayında Türkiyənin Egey Universiteti ilə Azərbaycan Dövlət Universiteti arasında elm, tədris, incəsənət və mədəniyyət sahələrində mübadilə haqqında protokol imzalanmışdı. Bu protokola əsasən, elmi və texniki nəşrlərin mübadiləsi, elmi-tədqiqat işləri aparmaq üçün əməkdaşlıq mübadiləsi, mühazirə oxumaq üçün alimlərin ezamiyyəsi, birgə elmi konfranslar, simpozium və digər elmi konfransların keçirilməsi, tələbə qrupları ilə mübadilə nəzərdə tutulmuşdu.

Həmin illərdə universitet bir sıra xarici ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması mərkəzinə çevrilmişdi. Bu mühüm işdə universitetdə 1968-ci ildən fəaliyyətə başlamış Xarici tələbələrin təhsili üzrə fakültənin rolu xüsusi qeyd olunmalıdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1983-cü ildə universitetdə dünyanın 61 ölkəsindən 500 tələbə təhsil alırdı. 227 əcnəbi vətəndaş universitetdə aspiranturanı bitirib, riyaziyyat, fizika, kimya, geologiya ixtisasları üzrə namizədlik dissertasiyası müdafiə edərək Misir, Suriya, Polşa, Almaniya Demokratik Respublikası və Bolqarıstanın universitetlərində mühazirə oxuyurdular. Fakültə qısa müddət ərzində 15 buraxılış həyata keçirmiş, dünyanın 69 ölkəsindən gəlmiş 2000-dən artıq məzuna diplom vermişdi. Xarici ölkələrdən gəlmiş tələbələr rus dilində təhsil alırdılar. Onların qısa müddətdə rus dilini mənimsəməsi məqsədi ilə 1968-ci ildə fakültənin tərkibində müasir texniki tədris vasitələri ilə təchiz edilmiş Rus dili kafedrası yaradılmışdı. Xaricdən gəlmiş tələbələr kafedra əməkdaşlarının köməyi ilə bir il ərzində rus dilini öyrəndikdən sonra müvafiq ixtisaslar üzrə təhsillərini davam etdirirdilər. Kafedraya 1968-1988-ci illərdə C.Tağıyeva rəhbərlik etmişdir. 1988-ci ildən  Ədibə Paşayeva Rus dili kafedrasına müdir vəzifəsinə seçildi.

Həmin illərdə universitetə tələbə qəbulu SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin təlimat xarakterli məktublarına və göstərişlərinə əsasən həyata keçirilirdi. İlin əvvəlində qəbul komissiyası yaradılırdı. Qəbul komissiyasının tərkibinə universitetin rəhbərliyi, fakültə dekanları daxil edilirdi. Qəbul komissiyasının əsas ağırlığı məsul katibin üzərinə düşürdü. Komissiya tərəfindən SSRİ və Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən göndərilimiş sənədlər vaxtında ictimaiyyətə çatdırılır və universitetin ərazisində quraşdırılmış stendlərdə nümayiş etdirilirdi. Yaxşı xatırlayıram, həmin dövrdə universitetə başqa ali məktəblərdən köçürülmə halları demək olar ki, yox idi. Müxtəlif səbəblərdən universitetdən xaric edilən tələbələrin bərpa məsələlərinə yay tətili dövründə qəbul komissiyasında baxılırdı. Qəbul imtahanları zamanı vətəndaşların ərizə və şikayətlərinə baxmaq üçün apellyasiya komissiyası yaradılırdı.

1985-ci ildə universitetin əyani şöbəsinə 1448 nəfər plana qarşı 4003 nəfər sənəd vermişdi. Qəbul imtahanlarının nəticələrinə görə 1226 nəfər qəbul olunmuşdu. Axşam şöbəsinə 375 nəfər plan yerinə 857 nəfər ərizə vermiş, 330 nəfər qəbul olunmuşdu. Qiyabi şöbəyə 500 nəfər plan yerinə 1431 nəfər ərizə vermiş, onların 505 nəfəri qəbul edilmişdi.

1987/88-ci tədris ilində universitetdə  oxuyan 12469 tələbənin 7036 nəfəri əyani şöbədə, 2189 nəfəri axşam şöbəsində, 3244 nəfəri qiyabi şöbədə təhsil alırdı.

Nəzərdən keçirilən illərdə tələbələrin tədris-istehsalat praktikasına daha ciddi yanaşılmağa başlandı. Tədris-istehsalat praktikasını uğurla həyata keçirmək məqsədi ilə 150 müəssisə ilə müqavilə bağlanırdı. İstehsalat praktikası müasir avadanlıqlarla təchiz olunmuş müəssisələrdə, qabaqcıl elmi-tədqiqat idarələrində həyata keçirilirdi. Praktikaya rəhbərlik rektor, prorektor və istehsalat praktikasının rəhbəri tərəfindən həyata keçirilirdi. 1970-ci illərin sonunda bu vacib işə daha ciddi yanaşılaraq ona rəhbərlik və nəzarət məqsədi ilə təcrübəli professor Bəylər Ağayev, dosentlər Şəmsəddin Həmidov, Yusif Mehdiyev və M.Səlimovdan ibarət komissiya yaradılmışdı.

Praktikaya rəhbərlik işinə universitet müəllimləri ilə yanaşı, elmi tədqiqat müəssisələrinin işçiləri, orta məktəb müəllimləri cəlb edilirdilər. Tədris ilinin  əvvəlində universitetin tədris hissəsi və fakültə dekanları il ərzində keçiriləcək praktikaların cədvəlini tərtib onu prorektora təsdiq etdirirdilər. Hər il praktikanın nəticələri ixtisas kafedranın iclaslarında və pedaqoji praktikada bilavasitə iştirak edən pedaqogika və psixologiya kafedralarında müzakirə edilirdi. Kafedra müdirləri universitetin Elmi Şurasında praktikanın yekunları ilə bağlı hesabat verirdilər. Universitetdə aşağıdakı praktikalar həyata keçirilirdi: məktəb müəllimləri hazırlayan 7 fakültə (Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Coğrafiya, Filologiya, Tarix) üzrə tədris və istehsalat, pedaqoji və pioner praktikası; qalan beş fakültə (Hüquq, Jurnalistika, Kitabxanaçılıq, geologiya, Tətbiqi riyaziyyat) üzrə - tədris, istehsalat və diplomqabağı praktika. 1987/88-ci tədris  ilində respublikanın və SSRİ-nin 137 müəssisə və təşkilatında 1675 tələbə istehsalat praktikası keçmişdi. 1986/90-cı illərdə pedaqoji praktikanın keçirilməsi üçün universitetə Bakıda 32 məktəb ayrılmışdı. Tələbələrin pedaqoji praktika keçmələri üçün bu məktəblərlə 5 illik müqavilə bağlanmışdı. Məktəblər öz profillərinə uyğun olaraq fakültələr arasında bölüşdürülmüşdü.

Universitetin müəllim hazırlayan fakültələrində 1986/87-ci tədris ilindən pedaqoji təcrübələr birinci kursdan başlanılırdı. Fasiləsiz pedaqoji təcrübələr universitetin istehsalatla əlaqəsini daha da möhkəmləndirməyə xidmət edir, müəllim hazırlığının səviyyəsini yüksəldirdi. Burada əsas yenilik ikinci və beşinci semestrlərdə dörd həftəlik (hər semestrdə bir həftəlik) pedaqoji təcrübələr idi. Bu təcrübələr dərsdən ayrılmadan (dərsdən sonra və ya əvvəl) həyata keçirilirdi.

Tədris metodikasının təkmilləşdirilməsində Tədris - metodiki şura fəal rol oynayırdı. Şuranın 28 nəfərdən ibarət olan tərkibinə prorektorlar, kafedra müdirləri təcrübəli professor və dosentlər daxil idilər. Şuranın sədri Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Yusif Seyidov idi.

Universitetin Elmi Kitabxanası bütün dövrlərdə olduğu kimi, 1989-1990-cı illərdə də elmi-tədqiqat və tədris prosesində mühüm rol oynayırdı. Kitabxanaya 1965-1984-cü illərdə professor Kərim Həsənov rəhbərlik etmişdir. 1984-cü ildə həmin vəzifəyə Sara İbrahimova təyin olundu.  Sara xanım kitabxanaya rəhbərlik etdiyi illərdə yüksək mədəniyyəti, kitabxana işini yaxşı bilməsi və qayğıkeş rəftarı ilə professor-müəllim və tələbələrin hörmətini qazanmışdı. 

Əvvəllər bir neçə dəfə fəaliyyəti dayandırılan və yenidən fəaliyyətə başlayan Universitet nəşriyyatı 1984-cü ilin yanvarında hökumətin qərarı ilə yenidən fəaliyyətə başladı. Nəşriyyata yarandığı ilk günlərdən 1990-cı illərin əvvəllərinə qədər professor Kərim Həsənov rəhbərlik etdi. Kərim Həsənov Sovetlər İttifaqının bir çox universitetlərinin nəşriyyat təcrübəsini, strukturunu, ştat cədvəlini öyrənmək və ADU nəşriyyatında tətbiq etmək məqsədi ilə Moskva, Leninqrad, Minsk, Kiyev, Lvov, Minsk və Xarkov şəhərlərinə ezam olunmuşdu. Universitetin yeni istifadəyə verilmiş II korpusunun kürsü hissəsində nəşriyyatın redaksiya və şöbələri, zəmin hissəsində isə mətbəə yerləşdirildi. Beləliklə, nəşriyyat müstəqil mətbəəsi ilə birgə fəaliyyət göstərməyə başladı.

1988-ci ilin yazında Kamran Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən azad olundu və bu vəzifəyə Əbdürrəhman Vəzirov təyin edildi. Respublika rəhbərliyin dəyişdirilməsi universitet həyatına da ciddi təsir göstərdi. 1989-cu ildə Yəhya Məmmədov universitetin rektoru vəzifəsindən azad olundu və bu vəzifəyə Cəmil Quliyev təyin edildi.

Universitetin 70 illik yubileyi ərəfəsində  1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağda baş verən hadisələr ölkədə geniş müzakirə olunurdu. Universitet kollektivi həmin müzakirələrdə fəal iştirak edirdi. Azərbaycanın vətənpərvər ziyalıları bu hadisələrlə bağlı gündəlik mətbuat səhifələrində çıxışlar edərək, ölkə rəhbərliyi tərəfindən daha qətiyyətli addımlar atılmasını tələb edirdilər.

Həmin dövrdə universitetin qocaman müəllimi, partiya komitəsi katibinin müavini Səfər İbrahimovun "Bakı Dövlət Darulfununun təsisi" adlı kitabı çap olundu. Kitabda arxiv sənədləri əsasında universitetin yaradılması haqqında ilkin rəsmi sənədlər, xalqın maariflənməsi yolunda fəal iştirak etmiş ziyalıların və ictimai xadimlərin, həmçinin, bəzi mətbuat orqanlarının fəaliyyəti yığcam şəkildə şərh olunmuşdu. Bu kitabda çap olunmuş materiallarla tanış olan universitetin bir qrup tələbəsi Azərbaycan SSR Ali və Orta İxtisas Nazirliyinə və universitet rəhbərliyinə müraciət edərək universitetin tarixi adının özünə qaytarılması təklifi ilə müraciət etdi. Əslində, bu təklif yalnız bir qrup tələbənin deyil, Azərbaycan cəmiyyətinin fikri idi və o zamankı hakimiyyət bu təklifi nəzərə almaya bilməzdi. Nazirlik həmin müraciəti Elmi Şurada müzakirə etmək üçün universitetə göndərdi. Universitet Elmi Şurasının 27 oktyabr 1989-cu il tarixli iclasında bu məsələ geniş müzakirə olundu. Elmi Şura üç bənddən ibarət aşağıdakı qərarı qəbul etdi:

1. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin adı dəyişdirilərək Bakı Dövlət Universiteti adlandırılsın;

2. Bakı Dövlət Universitetinin yerləşdiyi küçə "Universitet" küçəsi adlandırılsın;

3. Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adı verilsin.

Bu qəradan bir az sonra, 31 oktyabr 1989-cu ildə universitetin rəhbərliyi bu qərarın müvafiq fərmanla qanuniləşdirilməsi ilə bağlı Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə məktub göndərdi. Universitet rəhbərliyinin xahişini nəzərə alan Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 19 fevral 1990-cı il tarixində 1740-XI nömrəli fərman verdi. Fərmanda deyilirdi: "Azərbaycan Dövlət Universitetinə S.M.Kirovun adının verilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1939-cu il 16 aprel tarixli fərmanı qüvvəsini itirmiş hesab edilsin".

1990-cı ilin 20 yanvar hadisəsindən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov tutduğu vəzifədən azad olundu və həmin vəzifəyə Ayaz Mütəllibov seçildi. Universitetin rektoru Cəmil Quliyev də tutduğu vəzifədən azad olundu və bu vəzifəyə akademik Mirabbas Qasımov təyin edildi.

Universitetin tarixi adının bərpa edilməsi ilə bağlı növbəti addım Azərbaycan SSR Xalq Təhsili Nazirliyi tərəfindən atıldı. Nazirliyin 1 mart 1990-cı il 188 nömrəli əmrində deyilirdi:

1. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın;

2. Bakı Dövlət Universitetinin rektoru Mirabbas Qasımov yoldaş universitetin əsasnaməsinə müvafiq dəyişikliklər daxil etsin.

Nazirliyin bu qərarı universitet rektorunun 7 mart 1990-cı il tarixli "R-15" nömrəli əmri ilə elan edildi.

Beləliklə, 70 illik yubileyi ərəfəsində universitetin tarixi adı bərpa edildi. Azərbaycanın dövlətçilik tarixi və mədəniyyəti ilə heç bir əlaqəsi olmayan Kirovun adı universitetin üzərindən götürüldü. Lakin Universitet Elmi Şurasının qərarı istisna olmaqla, istər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, istərsə də Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin oxşar qərarlarında universitetin tarixi adı bərpa olunsa da, universitetə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi öz əksini tapmadı.

Universitetin rektorluğu 1990-cı il oktyabrın 29-da universitetə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi ilə bağlı o zamankı respublika rəhbərliyi qarşısında vəsatət qaldırdı. Yalnız bu vəsatətdən sonra, Azərbaycan SSR Nazirlər Soveti özünün 10 dekabr 1990-cı il tarixli 564 nömrəli qərarı ilə universitetə Məhəmməd Əmin Rəsulzadənin adı verildi. Nazirlər Sovetinin bu qərarından sonra Azərbaycan SSR Xalq Təhsili Nazirliyi özünün 4 yanvar 1991-ci il tarixli əmri ilə həmin qərarı rəsmləşdirdi.

Beləliklə, ötən əsrin 80-ci illərinin sonundan keçmiş SSRİ məkanında yenidənqurma islahatlarından sonra ictimai-siyasi proseslərin milli zəmində yüksələn xətlə davam etməsi ölkəmizin təhsil sisteminə də təsirsiz ötüşmədi. Universitet Azərbaycanda azadfikirliliyin, müstəqil düşüncənin mərkəzinə çevrildi. Bütün bu addımlar məntiqi sonluqla başa çatdırıldı. Universitetin tarixi adı bərpa edildi. Təəssüf ki, BDU-nun 70 illik yubileyi keçirilmədi. 

 





05.11.2019    çap et  çap et