525.Az

Ellada - Aytac Sahədin hekayəsi


 

Ellada - <b style="color:red">Aytac Sahədin hekayəsi </b>

- Niyə belə gec gəldin?

- İşimiz uzun çəkdi. Mebellərin yerini dəyişməli olduq. Sonradan fikirləşdim ki, beşik pəncərəyə çox yaxın olsa, uşağa yaxşı olmaz, ona görə yerini dəyişdik. Sən yaxşısan?

- Bizim niyə uşağımız olmadı? - Samirin ağarmış saçlarına baxanda onun beşik arxasınca qaçmaq üçün çox gecikdiyini düşünüb qeyri-ixtiyari bu sözləri dedi.

Samir öncə duruxub heç nə demədi, amma bilirdi ki, indi Elladanın əlini tutmasa, sonra onun göz yaşını silməli olacaq. Ətrafa göz gəzdirib dəhlizdə tanış adam olmadığına əmin olduqdan sonra arvadının yanında oturub əlini ovcuna aldı.

- Yenə başladıq da! Deyirəm, eyni şeyləri nə qədər danışmaq olar axı?! Bircə uşaq tez doğulsaydı, bu mövzunu daha açmazdın. Bax, o uşaq bizimdi. Mən o qədər ailələr tanıyıram, uşaqla ana-atanın damarlarında eyni qan axmasa da, xoşbəxtdilər. Mənim üçün bunun bir fərqi yoxdu. Guya uşaq xəstəxanada səhv düşsə, kim nə bilər? Doğma uşaqları kimi böyüdərlər.

Sonuncu zarafatının mənasız səsləndiyini özü də hiss etdi, amma Elladanın fikri onda deyildi. Artıq qəlbinin dərinliyindəki ağrını təsəllilərlə boyamaqdan yorulmuşdu. Sakitcə başını Samirin çiyninə qoyub gözlərini yumdu. İkisi də bu anda heç nə danışmaq istəmir, saniyələri iplə çəkirdilər. Bayaqdan Elladanın əlində saxladığı balaca bantı görən Samir, nəhayət, bu cansıxıcı sükutu pozmaq üçün bəhanə tapıb dedi:

- Bu bant nədi?

Ellada bantı ona uzadaraq gülümsəyib dedi:

- Bu bantı neçə il bundan qabaq almışdım. Həmişə şagirdlərin ağ bantına baxıb elə həsəd aparırdım ki, görəsən, mən də nə vaxtsa qızımın saçlarına bu bantı vura biləcəm? Təsəvvür edirsən, mənim də qızım olacaq, onun saçının ucuna bu bantı vuracam. Elə bil yuxudayam, saatlar keçmək bilmir.

- Dəhşətsən, vallah! Uşağın saçları bu banta gəlməsinə bir əsr var. Səndən olsa, uşağı bu dəqiqə məktəbə yazdırarsan, - deyəndə hər ikisi güldü.

Həqiqətən də, Ellada indi anlayırdı ki, ömür boyu bu uşağı necə gözləyib. Ellada və Samir on beş ildi evliydilər. Xoşbəxt olmaq üçün Tanrı onlardan heç nəyi əsirgəməmişdi. Evliliklərinin ilk illəri xoşbəxt sabaha daha yaxın keçir, bir gün uşaq səsinə oyanacaqlarının xəyalı ilə yaşayırdılar. İllər təkcə xatirələrə çevrilmir, həm də onları bu xəyaldan uzaq salırdı. Günlər ümidlərin qəsdinə durduqca bu ağrı Elladanı daha çox incidirdi. Bunun səbəbi təkcə onun həssaslığı, qadın təbiətindəki analıq ehtiyacı deyildi. O, müəllimə idi. Hər dəfə körpə uşaqları gördükcə, az qala, hər şagirdinin anası olmağı arzulayırdı. Məhz uşaqlara sevgisindən müəllimə olmuşdu. Samir polis olduğu üçün tez-tez canilərlə rastlaşırdı. Günahsız valideynlərin gözünün yaşını, saatlarla ziyarət növbəsində necə dayandıqlarını görür, "Belə övladım olmaqdansa, olmasa yaxşıdı" - deyib özünə təsəlli verirdi. Elladanın belə bir təsəllisi yox idi. Bəlkə də o, canilərin əlindən tutub ilk hərfi yazdırırdı, amma o, həmən caninin əlində bıçaq yox, qələm tutduğunu görürdü. Bu da onu lap incidirdi. Nə ərinə, nə işinə olan sevgisi onu ən gözəl günlərində belə, uşaq oyuncağına baxıb ağlamaqdan saxlaya bilmirdi. Ancaq son aylar Ellada oyuncaqlara baxıb ağlamır, onları bu gecə doğulmalı olan qızı üçün alırdı. Belə ki, onun bacısı üç qızdan sonra dördüncü uşağın da qız olduğunu öyrənəndə uşağı tələf etmək istəyirdi. Bilirdi ki, əri dördüncü qızı istəməyəcək. Amma Ellada ona mane oldu. Bacısının bütün müalicə xərclərini üstünə götürüb uşağı ondan istəyəndə, bacısı razılaşdı. O gündən sonra həyatı bu balaca ümid işığına büründü. Ana olmağın sevinci ilə bəzən uşağın bətnində olmadığını belə unudurdu. Deməli, bu gecə Ellada xala yox, ana olacaqdı. O, son ayları bu ümidlə yaşayır, qızını qucağına alacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət, o an gəldi.

Tibb bacısı dəhlizdə oturub xəyallar quran bu cütlüyə yaxınlaşıb xəstəni doğum şöbəsinə apardıqlarını deyəndə, onlar tibb bacısından daha tez gəlib əməliyyat otağının qarşısında idilər. Səhər saat yeddiyə işləyirdi. Şəhərin qaranlığı yavaş-yavaş günəşə təslim olurdu. Amma günəş bu gün buludların arasından çıxmağa, xəstəxana dəhlizinin pəncərələrindən baxmağa utanırdı. Elladanın yaşaran gözlərinə düşməyə utanırdı. Axı onun ağladığını heç kim görməməli idi.

İlk dəfə uşağı qucağına alan Könülun həyəcandan əlləri titrəyirdi. Körpənin boynunu qoxlayıb, əllərindən öpdü. Qızlarını da ilk dəfə qucağına alanda birinci işi boyunlarını iyləmək olmuşdu. Artıq dördüncü dəfə ana olsa da, bu dəfə keçirdiyi hisslər tamam başqa cür idi. Uşağı bağrına basaraq bir anlıq hər şeyi unudub, ana olmağın sevincini yaşayanda Elladanın asta səslə:

- Elə et, oyanmasın. İndi birtəhər yatızdırmışam, - deməsi onu, sanki yuxudan ayıltdı.

Bir anlıq hər şeyi unutduğunu anladı. Anladı ki, Ellada olmasaydı, bu uşaq doğulmayacaqdı. Axı bu uşağı özü öldürmək istəyirdi. Aborta getmək istədiyini xatırlayanda ürəyi sıxıldı. Uşağın məsum sifətinə baxmaqdan çəkinib gözlərini Elladanın gözlərinə zillədi. Bu gözlərdə kədər, bir az da ümid vardı. Bu baxışları yaxşı tanıyırdı. Kədəri də. Axırıncı dəfə Elladanın gözlərində bu kədəri heç vaxt ana ola bilməyəcəyini deyəndə görmüşdü. Ümidi isə uşağını ona verəcəyini deyəndə. Özü-özünə: "Ay mənim bəxtsiz bacım! Axı indi mən başıma haranın daşını salım? Uşağı sənə necə verim? Axı bu, həmişə sən ağlayanda dayana bilməyib oynamağa verdiyim gəlinciyim deyil" - dedi. İndi verəcəyi qərarla ya yaxşı ana olacaqdı, ya yaxşı bacı. Ən pisi də o idi ki, o, bu qərarı tək verə bilməzdi. Ümumiyyətlə, o, əri Yusifdən xəbərsiz bir addım ata bilməzdi. Yusifin qərarı isə bəlli idi. Çünki uşaq qız yox, oğlan doğulmuşdu. Bu oğlan uşağının yolunu Yusif neçə illərdi ki, gözləyirdi. Elladanı da ən çox bu qorxudurdu. Könülün əməliyyatı ağır keçdiyinə, əri Yusif isə hələ xaricdən gəlib çıxmadığına görə uşağa o baxmışdı. Bu günlərdə Ellada uşağa, həqiqətən, ana olmuş, körpəyə çox bağlanmışdı. Ancaq uşağın oğlan olması hər şeyi həll edirdi. Özü də başa düşürdü ki, bacısının ailəsi bu uşağın yolunu neçə illərdi gözləyir. Bir tərəfdən də, qəlbinin dərinliyində "Axı mən olmasam, bu uşağı qız bilib tələf edəcəkdilər" düşüncəsinə qorxaq bir ümid bəsləyirdi. Amma Könülün uşağı necə bağrına basdığını görəndə bu ümidindən utandı. Könül də indi çox utanırdı. Heç biri heç nə demirdi. Guya bu sükutun səbəbi uşağın yatması imiş kimi ikisi də gah uşağa, gah bir-birinə baxırdı. Əslindəsə, ikisini də eyni sual düşündürürdü: bu uşaq onlardan hansına ana, hansına xala deyəcək? Nəhayət, Yusifin dəhlizdən gələn səsi bu dəhşətli sükutu pozaraq hər şeyi həll etdi:

- Oğul atası olmuşam e, oğul atası!..

 





06.11.2019    çap et  çap et