525.Az

Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi anılıb


 

Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi anılıb<b style="color:red"></b>

Noyabrın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Tofiq Quliyev adına 12 nömrəli on birillik musiqi məktəbi ilə birgə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açaraq bəstəkarın ömür yolundan və yaradıcılığından danışıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Tofiq Quliyevin musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında çıxış edib.

Musiqi məktəbinin direktoru, Əməkdar müəllim Gülnarə Səfərova Tofiq Quliyev haqqında xatirələrini bölüşüb, rəhbərlik etdiyi musiqi məktəbinin ölməz bəstəkarın yaradıcılığının təbliğində fəal iştirakından danışıb.

Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində Tofiq Quliyev adına 12 nömrəli on birillik musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.

 





06.11.2019    çap et  çap et