525.Az

Yöteburqda "Bir qalanın sirri"nin 60 yaşı qeyd olunub


 

Yöteburqda "Bir qalanın sirri"nin 60 yaşı qeyd olunub<b style="color:red"></b>

İsveçdə fəaliyyət göstərən Batı Yötaland Azərbaycan Evi Birliyi "Azərbaycanfilm" kinostudiyasında 1959-cu ildə çəkilmiş "Bir qalanın sirr" filminin 60 illiyini qeyd edib. Xatırladaq ki, filmi Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında rejissor Əlisəttar Atakişiyev çəkib.

"Uşaqlar üçün film gecəsi" devizi altında Yöteburq şəhərində keçirilən toplantını  Azərbaycan Evi Birliyinin qərarı ilə Azər Fərruxiədl, Şəfa Nəsirova, Bəyim Rəhimova, Elşən Nəzərov və Rəşad Dünyamalıyev təşkil ediblər. Tədbirin başlıca hədəfi uşaqlarımızın öz milli kimliyinə yiyələnməsinə, öz varlığını tanıyıb-bilməsinə və Azərbaycanla, Azərbaycan mədəniyyəti ilə bağlılığının daha da dərinləşməsinə çalışmaqdı.

Tədbirə qatılan 25-dək uşaqdan çoxunun maraqla baxdığı bu film-nağıl yalnız bu gecə baxılmaqla qalmayacaq. Yöteburq məktəblərində Azərbaycan uşaqlarına ana dili dərsi deyən müəllimlər - Bəyim Rəhimova və Şəfa Nəsirova bildirdilər ki, növbəti dərslərdə bu film-nağılı müzakirə edəcək, süjet xətti, surətlərin təhlili ilə yanaşı, filmdəki danışıqlarda işlənən sözlər üzərində də ayrıca duracaqlar. Çünki bu cür maraqlı filmlər uşaqlarımızın öz ana dillərini daha yaxşı öyrənməsində önəmli qaynaqdır.

Filmarası fasilə zamanı uşaqlara meyvə, meyvə şirəsi, şirni, şirniyyat, çay da verilib və söhbət zamanı 8 yaşlı bir uşağın Simnar xanı və Göygöz Kosanı nəzərdə tutaraq verdiyi "Həyatda indi də belə pis adamlar var?" sualı gecəyə öz damğasını vurub: deməli, artıq bu uşaq pislə yaxşını bir-birindən ayırır və pisə mənfi münasibətini ortaya qoyur.

 





06.11.2019    çap et  çap et