525.Az

Mingəçevirdə Adil Cəmil gecəsi - Foto


 

Mingəçevirdə Adil Cəmil gecəsi - <b style="color:red">Foto </b>

Sözə-sənətə dəyər verən insanların xeyir-duaları ilə filmin ssenari müəllifi və görkəmli şair və publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Adil Cəmilin 65 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin təşkilatçılığı, şəhər İcra Hakimiyyətinin və "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Biliyinin dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında düzənlənən tədbirin aparıcısı - AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə sözlü-nəğməli gecəyə qatılan ədəbiyyat sevərlərə xitabən dedi:

Bir həzin nəğmədir Araz da, Kür də
Heç vaxt geri dönməz bu çağlar bir də.
A dostlar, bu axşam Mingəçevirdə
Nə çəmənə, nə də bağa gəlmişik.

Bitib tükənməzdir sevgisi elin,
Səsi-sorağı var hər ötən ilin.
Şairlər şairi Adil Cəmilin
Sənətindən söz açmağa gəlmişik -
Misra-misra saflaşmağa gəlmişik.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Elşən Əzim yubilyarın vətən sevgisi, Qarabağ göynərtisi və əzəli-əbədi məhəbbətdən bəhs edən şeirləri barədə danışandan sonra, rəhbərlik etdiyi 35 saylı Kəlbəcər rayon köçkün orta məktəbin bir neçə şagirdi Adil Cəmilin düşmən tapdağı altda qalan torpaqlarımızın harayını əks etdirən şeirlərini əzbər söylədilər.

Yubilyarla birlikdə paytaxt Bakıdan gəlib yubiley şənliyinə qatılan tanınmış ədəbiyyatşünas alim, professor Şirindil Alışanlı Adil Cəmilin ədəbi yaradıcılığından bəhs edən çıxışı böyük maraqla qarşılandı.

Tədbirin ayrı-ayrı məqamlarında yubilyar şairin "O gün", "Duz həqiqəti" və "Qürbət qiyaməti"  adlı şeirlərini obrazlı şəkildə canlandıran MDDT-nın aktyorları - Xalq artisti Ella Yaqubova, Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Vüsalə Quliyeva, Paşa Salmanov, Turqut Məsimli və musiqi hissə müdiri Elnur Rəsulov tamaşaçı alqışları ilə mükafatlandırıldı.

Bölgədə və onun hüdudlarından uzaqlarda tanınan Aşıq Dumanın ifasının ardınca yerli İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev şəhər rəhbəri İlham İsmayılovun təbrik və arzularını çatdırandan sonra AYB Mingəçevir bölməsinin hədiyyələrini - fəxri fərman və şairin mingəçevirli rəssam Abdullanın çəkdiyi portretini yubilyara təqdim etdi.

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov təmsilçisi olduğu təşkilat rəhbərliyinin yubilyara ünvanlanmış məktubunu oxuyandan sonra özünün  də xoş arzularını dilə gətirdi.

Yubiley gecəsinə qonaq qismində qatılan tanınmış şair Mirsəyyaf  Zamanlı Adil Cəmili çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi dəyərləndirib, çıxışını bir şeirini söyləməklə tamamladı.

Ulu aşıq sənətinin görkəmli nümayəndəsi Ədalət Dəlidağlı isə alqışlara layiq görülən bənzərsiz ifaları ilə sözlü-nəğməli yubiley gecəsinə sözün əsl mənasında töhfə verdi.

Şairin illər öncəsi məzunu olduğu şəhər 9 saylı məktəbin və 11 saylı tədris ocağının şagirdləri Adil müəllimin  insanlara, o cümlədən, gənc nəslə vətən sevgisi aşılayan şeirlərindən nümunələr söyləyəndən sonra, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri, şair Fəxrəddin Əsəd istedadlı həmkarının söz sənətinin yüksək dəyər kəsb etdiyini vurğuladı, ona yeni yaradıcılıq uğurları arzuladı.

Vaxtıyla Adil Cəmillə birlikdə  şəhərin  9 saylı orta məktəbində oxuduğunu fərəh hissiylə bildirən Rizvan Mikayıllı, yerli yazarlardan AYB üzvləri Nəsib Bayramoğlu, Zümrüd Rəhimova və  Mingəçevir Turizm Kollecinin istedadlı qələm sahibi kimi tanınan  müəllimi Əşrəf Əsgərov da  yubilyar  sənətkarın bəşəri və milli-mənəvi dəyərlərə söykənməklə insanlara nəcib hisslər aşılayan poeziyasının təsir gücündən və ona yönəlik oxucu sevgisindən söz açdılar. İstedadlı gənc şair Səxavət Kəlbəcərli isə özünün qələmə aldığı yeni şeirlərindən birini söyləməklə hamını məmnun etdi.

Mingəçevir Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Flora Namazova Adill Cəmillə eyni gündə və eyni məkanda çeşidli mövzularda müdafiə etdikləri elmi işlərlə alim titulu qazandıqlarını fərəh hissiylə dilə gətirib, türk-dilli xalqlardan olan qırğızlara məxsus "Manas" dastanının ölkəmizdə ilk tərcüməçisi və tədqiqatçısı olan həmkarını həm peşəkar qələm sahibi, həm də istedadlı alim kimi dəyərləndirdi.

Mingəçevirdə hamının saz havalarının mahir ifaçıları kimi tanıdığı Aşıq Qoşqarın və Aşıq Hikmətin balabançı Fərəcin müşayiəti ilə  Adil Cəmilin şeirləri əsasında təqdim etdikləri mahnılardan sonra, yubilyar şairin qohumları adından çıxış edən Hacı Sərdar Xankişiyev sevinc hissini hamı ilə bölüşdü.

Sonda yubilyarın özü çıxış edərək sazlı-sözlü gecənin təşkilatçısı olan AYB-nin Mingəçevir bölməsinə, şəhər İcra Hakimiyyəti və "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin rəhbərliklərinə minnətdarlığını bildirməklə, tədbirə qatılan və ünvanına xoş  sözlər deyən hər bir kəsə təşəkkür edib, bir neçə şerini oxudu. Və tədbir öncəsi sərgidə nümayiş etdirilən kitablarını avtoqrafla oxuculara bağışlayıb, onlarla birlikdə xatirə şəkilləri çəkdirdi.

Cabir QƏDİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





06.11.2019    çap et  çap et