525.Az

Paşinyandan sülh prosesinə növbəti zərbə


 

ONUN DAĞLIQ QARABAĞDA REFERENDUM KEÇİRMƏK TƏKLİFİ BEYNƏLXALQ HÜQUQ NORMALARININ MİSLİ GÖRÜNMƏMİŞ SÜRƏTDƏ POZULMASIDIR

Paşinyandan sülh prosesinə növbəti zərbə<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl "Facebook" səhifəsi üzərindən canlı yayıma çıxaraq bir sıra mövzular, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb.

Paşinyan ötən il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginliyin xeyli azaldığını, ancaq təhlükənin hər zaman olduğunu deyib. Bununla belə, o, son 3, 4 və ya 5 il bundan əvvəllə müqayisədə sərhəddə gərginliyin azaldığını, bunu isə Prezident İlham Əliyevlə Düşənbədə görüşü ilə əlaqələndirib. Paşinyan deyib ki, Qarabağ danışıqlarında irəriləyiş olmasa da, maraqlı dinamika müşahidə olunur.

Erməni baş nazir əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib və münaqişənin həll yolunun referenduma çıxarıla biləcəyini vurğulayıb.  Paşinyanın bu təklifi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Çünki Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycanın ərazisi kimi tanınıb. Bir dövlətin işğal etdiyi digər dövlətin ərazisində referendum keçirmək niyyəti isə dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərin pozulması ilə yanaşı, həm də sülh prosesinə böyük zərbədir.

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı bildirib ki, Paşinyan hakimiyyətə gəldiyi andan həm Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etmək niyyətindən kənara çəkməyə, həm də öz aləmində işğal edilmiş torpaqların erməni ərazisi olması "faktını" dönə-dönə təkrara etməyə çalışır. O deyib ki, Paşinyanın Dağlıq Qarabağda referendum keçirməsi təklifi beynəlxalq hüquq normalarının misli görünməmiş sürətdə pozulmasıdır: "Bununla onlar Azərbaycan ərazilərini işğal edərək, oradan etnik təmizlənməyə məruz qalan azərbaycanlıların iştirakı olmadan, ölkəmizin referendum haqqında qanununa deyil, qondarma "respublikanın" çıxardığı hər hansı "qanun"la referendum keçirməyə cəhd edirlər". Politoloq söyləyib ki, bu, nə ATƏT-in nizamlanma prosesində, nə də indiyədək aparılan danışıqların heç birində öz əksini tapmayıb: "Referendum işğal altında olan torpaqları azad olunduqdan, qaçqın və məcburi köçkünlərin də öz torpaqlarına qayıtmasından sonra keçirilməsi nəzərdə tutulan bir proses olmalıdır. Azərbaycan bunu özünün referendum haqqında qanunu ilə həyata keçirmək istəyir". Ermənistan tərəfindən indiyədək belə bİr iddianın ortaya qoyulmadığını deyən Q.Hüseynli qeyd edib ki, bu gün işğalçı ölkənin beynəlxalq, vasitəçi təşkilatlar eləcə də Azərbaycanla razılaşmadan belə bir addım atmaq istəyi odla oynamaqdır: "Bu, bölgədə labüd müharibə vəziyyətinin yaranmasına şərait yarada və vəziyyəti daha da qarışdıra bilər. Əgər Paşinyan Dağlıq Qarabağda Referendum seçkiləri keçirməyə cəhd etsə, Azərbaycan ordusu hərəkətə keçməyə məcbur olacaq və bu sürünən anneksiyanı, işğal faktını qanuniləşdirmək cəhdinin qarşısını almağa çalışacaq". Q.Hüseynli vurğulayıb ki, avantürist, ciddi düşünməyi sevməyən Paşinyan növbəti riski etməyə çalışırsa, bu, mütləq şəkildə Azərbaycan tərəfindən dəf ediləcək: "Bu məsələyə beynəlxalq təşkilatlar da münasibət bildirməlidirlər. Çünki bu addımla Dağlıq Qarabağda gedən müharibəyə dair nə sülh prosesi, nə də danışıqlar gündəmdə olacaq".

Politoloq Elxan Şahiboğlu isə hesab edir ki, bu təkliflə Paşinyan məsuliyyətdən yaxa qurtarmağa çalışır: "Belə çıxır ki, Paşinyan Azərbaycan Prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenruma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Tutaq ki, Paşinyan Azərbaycan tərəfi ilə nəyəsə razılaşdı, ancaq Ermənistanda keçirilən referenduma ermənilər "yox" dedi. Paşinyan İlham Əliyevə nə deyəcək, "bağışlayın bu variant alınmadı, keçək başqa variantların müzakirəsinə"... Paşinyanın "hə", ermənilərin "yox" deməsinin özü müharibə ehtimalını artıracaq". Politoloq əlavə edib ki, əslində, danışıqlarda heç bir irəriləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur: "Görünür, Paşinyan sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya "gedişat ümid verir". Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa ümid verməyə çalışır. Üçüncüsü, Paşinyan canlı yayımda çıxışında Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır. "Qarabağ məsələsi mənim məsələm deyil, bu, ümummilli məsələdir" deyən Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığınl vurğuladı. Nikol Paşinyan canlı yayında verdiyi açıqlamalardan bir daha görünür ki, danışıqlardan nəticə gözləmək əbəsdir. O ki qaldı, atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır. Maraqlıdır ki, ordumuzun Naxçıvanda və Qazaxda həyata keçirdiyi əməliyyatlar Paşinyanın hakimiyyəti dövründə həyata keçirilib. Lakin erməni baş nazir bu haqda heç zaman bir cümlə də deməyib. Ermənistanın digər rəsmiləri və hərbçiləri də bu mövzuda əsasən susurlar. Lap yaxşı, bir az daha irəriləmək lazımdır".

Politoloq Fikrət Sadıqov Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifini gülünc və absurd adlandırıb: "Çünki nə vaxtdan bir ölkənin vətəndaşları digərinin taleyini həll edir?  Verilən bəyanat Paşinyan tərəfindən növbəti hoqqabazlıqdır. Əgər Dağlıq Qarabağda referendum keçirilərsə, o zaman tamamilə başqa formatda keçirilməlidir: "Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır və heç bir dövlətin, xüsusilə də Ermənistanın orada referendum keçirmək hüququ yoxdur". F.Sadıqov bildirib ki, görünür, Azərbaycanın xarici siyasətində əldə etdiyi uğurlar Paşinyanı çox qıcıqlandırıb: "Ona görə də Paşinyan bu cür sərsəm bəyanatlar verir. Onun bu təklifi tam mənada reallıqdan uzaq, danışıqlar prosesinə aydın və birmənalı şəkildə zərbədir". Politoloq vurğulayıb ki, beynəlxalq təşkilatlar Ermənistanın baş nazirinin qanuna zidd bəyanatına mövqe bildirməlidirlər: "Rusiyanın XİN başçısı Sergey Lavrov son keçirilən mətbuat konfransında bildirdi ki, Paşinyanın təklifi kimi bəyanatlar heç də problemin həllinə gətirib çıxarmır. Artıq Ermənistanın yaxın müttəfiqi Rusiya da bu addımlardan narazılığını bildirir". Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili yanaşmaların hələ də davam etdiyini deyən F.Sadıqov qeyd edib ki, ABŞ Konqresində Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma qurumun "xarici işlər naziri"nin tədbir və görüşlərin keçirilməsi buna əyani sübutdur: "Düzdür, bu addım Azərbaycandan çox Trampa qarşı yönəlib. Çünki Konqreslə Tramp arasında müəyyən uçurum, qarşıdurma var. Amma ümumilikdə beynəlxalq münasibətlər sistemində hüquq normaları açıq şəkildə tapdalanır və ikilistandartlılıq hökm sürür".

PƏRVANƏ

 





06.11.2019    çap et  çap et