525.Az

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - Araşdırma


 

VƏ YA HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - <b style="color:red">Araşdırma </b>

Hüseyn Ələkbər oğlu Əsgərov 1955-ci il dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar kəndində anadan olub.

1977-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı" qəzetində, 23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Həmin müddətdə 4 il "Xalq qəzeti"nin Naxçıvan MR üzrə müxbiri olub. 2001-ci ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir.

Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur."Araz", "Yeni səslər" almanaxları,  "Heraklın 13-cü qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə" (2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında" (2015-ci il), "Gülüşlərin cingildəsin saz kimi" (2017-ci il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı kitabları  oxuculara təqdim edilib. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haqqında əhatəli tədqiqatını oxucularımıza təqdim edirik. 

(Əvvəli ötən sayımızda) 

"Molla Nəsrəddin"in satira aeroplanı bir ucu Qroznıdan, bir ucu Kəlkəttədən tutmuş böyük bir coğrafi ərazilərdən keçərkən Şərura da öz desantlarını yendirmiş, müxbir məntəqələri təşkil etmişdir. Jurnalın Yengicədəki məntəqəsindən "Mehdi" 1927-ci ilin 37-ci nömrəsində Molla əmiyə "Hətərən-pətərən" xəbərlər göndərib. Birinci budur ki, Şərurun ispalkomu Mütəllim əhaliyə olmazın zülmünü eləyib. Arvadbazlığı o yerə çatıb ki, bir-iki dəfə döyülərək xurd-xəşil olub. Müxbir Molla əmisinədən xahiş edir ki, bir təhər eləyib o vələdüznanın Şərurda bir daha xidmətə buraxmamasına nail olsun, yazıqdır bu kəndçilər. Yazını oxuduqca oxucunun gözü qarşısında ispalkom əvəzinə bir qudurğan surəti yaranır, beləsi isə əvvəl-axır məhvə məhkumdur.

İkincisi, Nəcəfi-Əşrəfdə müctəhid olan Mir Mustafa ağanın oğlu Culfadan qatarla atasının doğulduğu Xok kəndinə varid olub. Yeddi para kəndin əhalisi böyük, balaca, arvad, qız, kişi ayaqyalın başıaçıq ağanın görüşünə gəliblər. Ağa on gün Xokda qaldı. Əlini o qədər öpmüşdülər ki, əlinin üstü yara idi. Ağa Culfaya qayıdanda Naxçıvan dəmiryol vağzalında Hacı Şeyx Kərəmin oğlu ilə möhkəm konyak içəndən sonra vətəninə yola düşüb getdi və özü ilə də 2 min manat pul apardı, hansı ki, kəndçilər ağaya bəxş etmişdilər.

Üçüncü də budur ki, şərurlu Ağa Quliyevdən Əmirovun etdiyi iddianı xalq məhkəməsi atkaz etdi.

Bu nə məhkəməymiş, cavabını 26-cı nömrədə tapdıq. Deməli, bir nəfər firqəçi restoranda toy eləyib, restorana çatacaq 211 manatı verməyib. Restorançı da bunu verib məhkəməyə, üstəlik, "Mehdi"ni də şahid çağırıb. "Mehdi" Molla əmisindən soruşur ki, firqəçinin əleyhinə şahidlik eləsə, firqəçi onu Naxçıvandan sürgün eləyəcək, lehinə də insafı yol vermir. Çünki o toyda o qədər içib ki, piyan olub. İndi durum necə deyim ki, günahkar firqəçidir?

Sovet hakimiyyətinin ilk onilliyində maddi-texniki bazanın olmaması, həkim çatışmazlığı səhiyyə sistemində ciddi problemlər yaratmışdı. Naxçıvan və Şərur qəzalarında bir sıra xəstəliklərlə yanaşı, qanlı ishal, qızılca, malyariya keçmişdə hər il yüzlərlə adamı, xüsusən uşaq və hamilə qadınları məhv edirdi. Əhali arasında malyariya Naxçıvan qəzasına nisbətən Şərur qəzasında daha geniş yayılmışdı. Jurnal bu məsələyə 4 dekabr 1926-cı il nömrəsində öz münasibətini bildirir. Yazır ki qanuna görə, bir kişi bir idarənin başçısı olanda, onun arvad-uşağı həmin idarədə qulluq edə bilməz. Amma Şərurdakı Qızdırma Stansiyasının (GEM)   böyüyünün arvadı da yanında işləyir. Ayda bir aləm pul alır. Nə var, nə yox, qızdırmalıları qeyd edir. Arvad çox xoşrəftarlıdır. Belə ki, bir mığ-mığ xanımı çılpaq qolundan sancanda, xanım kəndlilərin üstünə acıqlanır, guya ki, xanımın qolunu yazıq qızdırmalı kəndli dişləyibdir. Kəndlilər onun üzünü görməmək üçün həkimxanaya getməyib gəçək yağdan-zaddan içirlər. Yekə qulluqçular gələndə isə xanım ayağa qalxıb altına stul çəkir, tez də yola salır. Belələri də elə bilir ki, xanım hamı ilə yaxşı rəftar eləyir. Daha mığ-mığ məsələsini yadlarına salmırlar...

Mən bu sətirləri yazarkən qulağımda "Molla Nəsrəddin"in Şərur müxbiri "Avara"nın hənirtisi gəlir. Pıçıldayır ki, ayə, bə mənim 29-cu nömrədə çap olunan "And içdi" felyetonumdan niyə bəhs etmirsən? Vərəqlədim və həmin yazını tapdım. Kaş tapmayaydım. Çünki "Avara" "Yengicədən" sərlövhəli yazıda o kənddən bircə kəlmə də bəhs etməyib. Oradan çox yaxınlıqda olan, mənim doğulub boya-başa çatdığım Şəhriyar kəndinin bostanına daş atıb. Mən kəndin ağsaqqallarından eşitmişdim ki, o zaman Şərur qəzasının ən mötəbər mollalarından olan Hacı Şeyx Həbib ağa icarə etdiyi kəndlərdə moizə oxuyub, Şəhriyar kəndinə çatanda isə and içib ki, bu kənddə mərsiyə deməyəcək.  And içib qəsəm elədiyindən deməyib də. Məhərrəmliyi Maxtada, Axəmətdə, Qorçuluda, Şorkənddə keçirib, Şəhriyara heç yan da baxmayıb. Bu səbəbdən də məhərrəmlikdə kənd camaatında dini natamamlılıq sindromu yaranıb və bu hal uzun illər davam edib.

"Avara"nın yazısını oxuyandan sonra Şeyxin hikkəsinin səbəbini tapdım. Məlun oldu ki, Şəhriyarda hansısa bir dinsiz qələm əhli "Molla Nəsrəddin" jurnalında Şeyxi məsxərəyə qoydub və Hacı Şeyx Həbib ağa bu səbəbdən qəzəbnak olub.

Həmin "Avara" onu da yazır ki,  Yengicə kənd təsərrüfatı kredt şirkəti Yengicə meydançasının qarşısında olan xaraba binanın təmirinə başlayıb hələ qurtarmır (Müxbir kəndin bu il təmir olunub tarixi abidələr sırasına qoşulan hamamını nəzərdə tutur). Bilmirəm, buranın işi başlayanda hansı bədqədəm adam işin üstə çıxıb, çünki yay, qış, payız iş qurtarmır. Soruşanda cavabı budur ki, 5 ildir ki, Yengicə məktəbi təmiri başlanılıb, o, nə vaxt qurtarsa, bu da onda qurtaracaqdır. Az qala bir il olar ki, para buraxılıb Yengicədə səhiyyə şöbəsi üçün olan bina təmir olunsun, o, hələ başlanmayıb, o, qurtaranda bu da qurtaracaq. Yaz var, qış var, nə tələsik iş var (1927, №31).

"Yengicədən" daha bir xəbər isə poçt-rabitə işləri barəsindədir. Belə ki, Zaqafqaziya poçt-teleqraf idarəsi, Naxçıvan Daxiliyyə Komissarlığı və Şərur dairə icraiyyə komitəsinin qərarına baxmayaraq, Yengicə Kənd Şurası kənddə poçt şöbəsinin açılmasını aydan-aya təxirə salır. Görünür, onların özləri təxirə salınmalıdır.

1927-ci ilin 31-ci nömrəsində "Molla  Nəsrəddin Şərur qəzasında hörmətli yazıçı  Eloğlu ilə dərdləşir. Eloğlunun yazdığına görə, Şərur qəzasında torpaq bölünəndə toprağı çox olan dövlətlilər və mollalar kəndlilərə deyirdilər ki, xalqın toprağı halaldırmı siz onları talan edirsiniz, nə xəbərdir.

"Molla Nəsrəddin" cavab verir: "Əzizim Eloğlu! Sən bilmirsənmi ki, müftəxorlar və qarnıyoğunlar heç vaxt bərabərliyə razı ola bilməzlər?

Yeri gəlmişkən jurnalın hörmətlə  yanaşdığı Eloğlu kimdirsə, tədqiqatçılar tərəfindən oxuculara tanıdılmalıdır. Bu, həm də yubileyini qeyd etdiyimiz Mirzə Cəlil irsinə ehtiramın ifadəsi olardı.

Torpaq bölgüsü mövzusu jurnalın 1927-ci il 36-cı nömrəsində də davam etdirilir. "Son peşmançılıq fayda verməz" adlı yazıda bildirilir ki, Şərur qəzasında torpaq bölgüsü aparılarkən bəzi kəndlərin torpağı ayrı kəndlərin payına düşüb. Torpaq sahibləri paylarına düşən torpağa görə peşmandırlar. Çünki şəriət özgə torpağını haram buyurub.

Junalın 1927-ci il 4-cü nömrəsində isə "İki müxbir" bir cümlə ilə azyaşlı qızların ərə verilməsinə satirik münasibət bildirir: "Naxçıvan ölkəsi Baş Noraşen dairəsi Mahmud kəndində qızları 13 yaşında ərə verirlər. Hər kəsin meyli olsa, buyura bilər. Ancaq kişinin yaşı 50-dən artıq olmamalıdır".

Qıvraq və Şərur kəndlilərindən bir neçə nəfəri Xorasan ziyarətinə gedərkən yolda quldurlar tərəfindən soyulur. Üstəlik, hökumət adamları da quldurların əvəzinə bunları həbs edirlər. "Dağlı" sual edir ki, bu mömin müsəlmanlar ki, bu qədər zəhmətə və borca, üstəlik, həbsə düşüblər, onlara məşədi demək olar, ya yox?

Molla cavab verir ki, bunlara nəinki məşədi, hələ lap məşədinin məşədisi də demək olar (№9).

Adam gərək işinin ustası ola. Necə ki, "Mastır" adlı yazısında həmin "usta"nın ünvanını göstərir. Şahtaxtı dəmiryolunda bir mastır var, belə mastır heç yerdə tapılmaz. Adı Ərtünovdur. Əlinin altında olan fəhlələrlə çox yaxşı rəftar edir. Belə ki, bir fəhlə qalmayıb ki, Ərtünov ona söyüb üstünə hürməmiş olsun. Hətta bir neçə fəhləni qapmışdır (№22).

Molla əmi, aradan gör neçə illər keçib, həmin naxələflər hələ də üstümüzə hürməyə davam edir.

"Mığmığa"nın qələmə aldığı "Köçmürəm" monoloqu isə Şərur qəzasının alim mollası Şeyx Həmidə məxsusdur. Şeyx bütün istəkli müştərilərinə xəbər verir ki, Şərurdan bir qədər para toplayandan sonra Dərələyəzə getməyi yalandır. Mən heç yerdə Şərur camaatı kimi xalis məhəbbətli və mömin müsəlman tapa bilmərəm. Atın yaxşısını, pendirin təzəsini, südün üzü tutulmamışını, yağın safını, buğdanın təmizini, siğənin gözəlini, cavanını mollaya vermək adəti Şərurdan başqa heç yerdə qalmamışdır. Nə qədər ömrüm vardır Şərur mömin müsəlmanları içində qalıb gündə beş vaxt xudavənd aləmə ibadətimi eləyəcəyəm.

And olsun çağırdığıma, hökumət qovalasa da getmərəm. Xalq yığılıb üzümə tüpürsə də, getmərəm. Çünki keçən gecə aləmi-röyada həzrəti gördüm. Buyurdular ki, mənim bu uzunqulaq ümmətimin içindən məbada çıxıb bir tərəfə gedəsən (1927, №31).

... Molla əmi! Sən Şəruru belə görmüşdün, beləcə də təsvir etmisən. Artıq  o dövrdən illər, qərinələr keçib. Bu günün Şəruru bir ayrı Şərurdur. O mübürək qədəmlərini bu yerlərə bassan, sinəsindən Arpaçayı, ətəyindən Araz keçən bu qədim diyarda yeniləşmə və yüksəlişin, sabaha daha dərin inam və ümidin şahidi olarsan. İnsan əlinin zəhməti ilə hüsnünə minbir sığal çəkilən bu qədim diyar indi özünün ən gözəl günlərini yaşayır, yaradır və onun övladları daha xoş sabahlara doğru inamla addımlayırlar.

Sənət, ədəbiyyat, estetik problemlər barədə satirik-nəzəri düşüncələr

Jurnalda az-az rast gəlinən, ancaq maraq doğuran mövzulardan biri də sənət, ədəbiyyat, estetik problemlər barədə satirik-nəzəri düşüncələrin əks olunmasıdır. Bu baxımdan 24 oktyabr 1926-cı il tarixli 43-cü sayında "15 sənəlik yubiley" felyetonu maraq doğurur. Naxçıvan Türk Hökumət Teatrının baş rejissorunun 15 illik yubileyinə qatılan "Naxçıvanlı" ayamalı müxbir sual verir ki, bəyəm teatrın ayaq rejissoru var ki, baş rejissoru da olsun. Rejissor xüsusi adamlar vasitəsilə səhnəyə çıxarılanda xalq baxır ki, kim, kim? Ayda bir dəfə teatr olanda oynayırdı ha - Həsən, o. Camat məəttəl qalır ki, bu, necə işdi axı, bu, anadan olub 1896-cı ildə. Yekəlib... 1917-ci ilə qədər oxuyub. Sonra nələr qayırıb, onda işimiz yox. Belə-belə hesablayıb hamısını da aktyorluğuna çıxanda yenə 15 il eləmir, 9 il edir.

Müxbir sual verir ki, ay Molla əmi, bəlkə bu hesablama ali riyaziyyata daxildir? Siz bunu həll edin görün, bəlkə də 15 il edər?

Yaxud 1927-ci ilin 37-ci nömrəsində Naxçıvandan belə bir teleqraf xəbəri verilir: "Hökumət teatrının təmiri nəfinə verilən müsamirədə xor oxuyan qızlara on min kəlmə "səsini yeyim" və "səsinə vurulmuşam" ədəbiyyatı hədiyyə edildi".

Sərxoşlardan biri, hansı ki adı "Şərq qapısı" və "Yeni fikir" qəzetlərində zikr olunub, gedib teatra, "Əsli və Kərəm" tamaşasında nə hoqqa çıxarıbsa, hamı bunun tamaşasına baxıb, nəticədə Kərəm rolunu oynayan artistin səsi batıb, "Şikəsteyi-fars", "Mahur hindi", "Bayatı kürdi" və "Şikəstə"ni şikəst eləyərək böyük bir əriştə aşı meydana çıxarıb.

"Məhzun" yazır ki, Ordubad klubunun qiraətxanasında iki ədəd stol örtüyünü dörd-beş müdir görsə də, birinin də rəhmi gəlməyib ki, onları yudurtsun. Odur ki, adam görəndə qusmağı gəlir. Klub da ki açılmaz. Açılanda qəzet yox, kitab yox. Dörd-beş qadın toplaşıb yun əyirir. Əsas odur ki, təsərrüfat inkişaf eləsin...

"Molla Nəsrəddin" jurnalının həmişəyaşar ənənələri, mübariz mollanəsrəddinçilik təlimi bu gün müstəqil Azərbaycanın tərəqqisinə etibarlı dəstək, sabaha gedən yollarına işıq salır. Deməli, mollanəsrəddinçilik təlimi davam edir. Müasir Azərbaycan ədəbiyyatında tənqidi-realist meyllər, satira, vətəndaşlıq cəsarəti, dərin milli düşüncə, Azərbaycançılıq məfkurəsi yaşadıqca, "Molla Nəsrəddin" ənənələri də, mollanəsrəddinçilik təlimi də yaşamaqda davam edəcəkdir.

1-8 oktyabr, 2019-cu il

 





07.11.2019    çap et  çap et