525.Az

Jurnalistlər Əlincəqaladan yüksək təəssüratla ayrıldılar - Reportaj


 

Jurnalistlər Əlincəqaladan yüksək təəssüratla ayrıldılar - <b style="color:red">Reportaj </b>

Əsrlərin şahidi olan Əlincəqala illər idi ki, necə deyərlər, gözdən uzaq, könüldən iraq qalmışdı. Muxtar Respublikada bərpa olunan digər tarixi abidələr kimi, Əlincəyə də ikinci həyat verildi, tarixi araşdırıldı. Bir sözlə, Əlincəqala layiq olduğu əzəmətinə, möhtəşəm tarixinə qovuşdu.

Bu gün artıq Haçadağ kimi, Əshabi-Kəhf kimi Əlincəqala da Naxçıvanın rəmzinə çevrilib. Əlincəqalanın tarixinin elmi əsaslarla yenidən yazılması və geniş şəkildə təbliği ona dünya əhəmiyyətli abidələr siyahısına daxil etmə haqqını qazandırmaqla yanaşı, həm də dünyaca məşhur etdi. Naxçıvana gələn çox az sayda turist tapılar ki, Əlincə qalanın əzəmətindən özünü məhrum etmiş olsun. O cümlədən də, Əlincə qala Naxçıvana gələn media nümayəndələrinin həmişə diqqət mərkəzində olub. Bu dəfə də Əlincəqala qapılarını Bakı, Kanada və Türkiyədən gələn media nümayəndələrinin üzünə açdı.

Əlincəqalanı Azərbaycanın Maçi-Piçusu adlandıran kanadalı xanım Karen Edge abidəyə heyranlığını belə ifadə etdi: "Mən səyahət etməyi çox sevirəm. Əvvəl nəinki Naxçıvanda, ümumiyyətlə, Azərbaycanda olmamışdım. Burada əyləncəli vaxt keçirdik. Əlincə qalası bizi xüsusilə heyrətləndirdi. Bu abidə qeyri-adi bir mədəniyyət nümunəsidir. Bu gözəl diyarda gözəlliklərlə tanış  olmaq bizi heyrətləndirdi. Naxçıvanla bağlı danışacağımız çoxlu xatirələrimiz oldu".

"Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş Əlincəqalanın əzəmətinə məftun olduğunu bildirdi: "Qala məni xüsusilə heyrətləndirdi.  Qalanın elmi əsaslarla, təbiiliyi qorunaraq bərpa edilməsi diqqətimi çəkdi. Zirvədə insan özünü daha fərqli hiss edir. Bu hündürlükdən Naxçıvanın gözəl mənzərəsi açılır. İki gün Naxçıvanda bir çox yeri gəzdik. Artıq 1990-cı illərin Naxçıvanı yoxdur. Naxçıvanda gördüyüm dəyişikliklər, inanın, məni heyrətləndirdi. Naxçıvanın ən ucqar yerinə belə dövlətin bütün imkanları səfərbər edilmiş. İstər məktəbləri, istər yolları, istərsə də digər sahələrdəki inkişaf əhalinin rifahına hesablanıb. Əshabi-Kəhfdə sonuncu dəfə 1992-ci ildə olmuşdum. O zamanlar heç bir şey yox idi. Amma bu səfər gördüyümdə gözlərim qarşısında yeni mənzərə açıldı. Ziyarətə gələnlər üçün lazımi şərait yaradılıb. Naxçıvanda görmüş olduğum dəyişikliklər arasında məni ən çox valeh edən şəhərin təmizliyi oldu. Naxçıvanda heç zibil yox, küçədə yol kənarlarında plastik maddə yox. Küçələrin təmizliyinə nəzarət olunur. Məncə, Naxçıvan bu baxımdan Dünya Ətraf Mühitin Qorunması təşkilatının mükafatına layiq görülməlidir. Mən çox şəhərlərdə olmuşam. Elə yerlər var ki, gördüyün natəmizlikdən dolayı ikinci dəfə ora getmək istəməzsən. Batabatda olarkən siqaret kötüyünü atmaq üçün təmizlik qutusu axtardım. Çünki hər yer o qədər təmiz ki, zibilləmək günah olardı. Yəni bunun adı gerçəkdən mədəniyyət. Təhsil səviyyəsi yüksəlmiş, insanlar çox sürətlə dünyaya inteqrasiya etmişlər. Diqqətimi çəkən digər məsələ yol hərəkət qaydalarına həm sürücülərin, həm piyadaların riayət etməsi oldu. Avropada bu məsələ necə tənzimlənibsə, Naxçıvanda da eynidir. Mənim yaşadığım şəhərdə nəqliyyat bu qədər nizamlı deyil. Sanıram ki, bu cəza qorxusu deyil, bu, bir mədəniyyətdir. Ölkəniz əmin əllərdədir, müşahidə etdiklərim onu deməyə əsas verdi ki, xalq bu inkişafın qiymətini bilir".

Dünya Əlincəqalanı tanımalıdır...

"Əlincəqala kimi dünya əhəmiyyətli əzəmətli abidəni  bütün dünya görməlidir", - deyən Femida.az xəbər saytının redaktoru, Azərbaycan Televiziyasının kinoproqramlar və dublyaj redaksiyasının redaktoru Günay Arda Naxçıvanın dünya turizmi üçün hələ tam kəşf olunmayan bir yer adlandırdı: "Necə ki, Naxçıvan Azərbaycanın alınmaz qalasıdır, Əlincə də eləcə Naxçıvanın üzük qaşıdır. Bu pilləkənlərin sayının çoxluğu o deməkdir ki, Naxçıvanı pillə-pillə öyrənmək lazımdır. Hal-hazırda Naxçıvan inkişafının elə bir dövrünü yaşayır ki,  infrastrukturunun ən pik nöqtəsindədir. Nizaminin əsərlərindəki utopik cəmiyyət necə təsvir olunubsa, mən Naxçıvanda onu gördüm. Naxçıvanda hər şey o qədər yerli-yerində, qaydasındadır ki, düşünürəm artıq söz deməyə ehtiyac yoxdur. Şəhərləşmə mədəniyyətinin ən ideal formasını Naxçıvan hal-hazırda özündə yaşadır. Naxçıvan strateji bir nöqtədə yerləşir, həmişə təhlükə ilə üzbəüz qalıb. Adət-ənənələrimizi yaşatmaq, Naxçıvanın müstəqilliyini qorumaq elə də asan bir şey deyil. Bunların hamısı naxçıvanlıların, Naxçıvan rəhbərliyinin səyi nəticəsində başa gəlib. Mənim üçün ideal cəmiyyət, hər şeyin qayda qanunla idarə olunduğu cəmiyyət məhz Naxçıvandadır.

Naxçıvanda tariximiz, adət-ənənələrimiz olduğu kimi saxlanırsa, o saflıq olduğu kimi qoruna bilirsə, bu, bizim üçün xəzinədir. Mən çox ümid edirəm ki çox yaxın vaxtlarda Naxçıvan dünya turizmi üçün ən başlıca yerlərdən biri olacaq.

Düşünün ki, Quranda adı keçmiş, analogiyası müxtəlif ölkələrdə olan Əshabi-Kəhf artıq neçə illərdir, insanların inanc qapısıdır. Bunun tarixini, etimologiyasını bilməyən bir insan üçün ora sadəcə daşlardan, qayalardan ibarət ola bilər. Amma biz bilirik ki, necə müqəddəs, toxunulmaz bir yer kimi insanlar əsrlərlə, illərlə onu qoruyub saxlayıblar.  Deməli, bunun bir mistikası, bir dəyəri var. Bura şərq ölkələri üçün geniş şəkildə tanınmalıdır. Çox istərdim ki, Naxçıvanda adətlərin qorunması, təbii, canlı saxlanılması Azərbaycanın digər şəhərlərinə də təsirini göstərsin. Mən bu gün Cəmşid Naxçıvanski muzeyində də oldum. Ora muzey kimi yanaşa bilmirəm. Sanki sərkərdənin ruhu o muzeydədir. Hər şey o qədər təbii halı ilə, o qədər saf şəkildə ora ötürülüb ki, bunu tək biz yox, dünya görməlidir. Ən böyük arzum budur ki, Naxçıvanı dünya turizm mərkəzi kimi tanısın. Naxçıvan hələ bu mövzuda tam kəşf olunmayıb. Dünya bunu görməlidir. Dünya bu gözəlliyi görməlidir. Necə ki, Əlincəni biz pillə-pillə qalxırıq,  oradan Naxçıvanı görürüksə, dünya turizmi gəlib pillə-pillə Naxçıvanı tanımalıdır".

İnsanlar burada özünü tapır...

"Siyasal Birikim" qəzetinin İctimaiyyətlə əlaqələr və reklam meneceri, "Balkan Birikim" qəzetinin reklam müdiri Aytən Alkaşı: "Mən Naxçıvanı heç görməmişdim. İlk dəfə görürəm. Naxçıvandan çox təsirləndim. Şəhərin təmizliyi, yol hərəkət qaydaları diqqətimi çəkdi. İnsanlar qaydalara əməl edir. Soruşdum ki, bu şəhər niyə bu qədər təmizdir? Dedilər ki,  insanlar özləri də bəzən şəhərin təmizliyində iştirak edirlər. Muzeyləri gəzdik, Möminə xatın türbəsində oldum. Qadına verilən dəyəri gördüm. Əshabi-Kəhfə getdik. Eyni adlı yer Türkiyədə də var. Fəqət, buradakı daha dəyişik və təsirlidir. Duzdağına getdik. İnsanlara şəfa verən bir ocaq olduğunu eşitmişdim. Gözlərimlə şahidi oldum. 

Əlincə qalası isə o qədər gözəl və əzəmətli ki, nərdivanları çıxıb o gözəlliyi və əzəməti görməyin hər kəsə nəsib olmasını istəyirəm. Turistlər gəlsin, görsün. Nə qədər şahanə bir yer olduğunu görəcəklər. İnsan burada özünü özəl hiss edir, qürur duyur".

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasınn baş redaktoru

 





07.11.2019    çap et  çap et