525.Az

Bədii təhsildə ənənə və varislik - Timuçin Əfəndiyev yazır


 

Bədii təhsildə ənənə və varislik - <b style="color:red">Timuçin Əfəndiyev yazır </b>

Məlum olduğu kimi, hər hansı bir sahənin inkişafı üçün onun tədrisi mühüm rol oynayır. Bədii ənənənin ötürülməsi və inkişaf etdirilməsi məhz təhsillə, müəllim-şagird-tələbə (biz burada həm müəllim, həm də şagird-tələbə sözlərini ümumi mənada işlədirik - müəl.) bağlılığı ilə birbaşa əlaqədardır.

Bu sözlər xoreoqrafiya sənətinə də aiddir. Nəinki aiddir, hətta demək olar ki, sənət təhsilinin stimullaşdırılması və bədii ənənənin inkişafı məhz xoreoqrafiya təhsilində öz hərtərəfli, dolğun ifadəsini tapır. Rəqs sənətində müəllim-şagird-tələbə münasibətəri, bu münasibətlərin səmimiliyi, ardıcıllığı və məhsuldarlığı sənətin inkişafının əsas meyarlarından biridir ki, bu da xoreoqrafiya təhsili nümunəsində çox aydın görünür. Bütün bunlar belə bir fikri vurğulamağa əsas verir ki, xoreoqrafiya təhsili rəqsin inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli mədəniyyətin və təhsilin inkişafının, onun diferensiallaşmasının vacib komponentlərindən biri kimi çıxış edir.

90 il kifayət qədər böyük tarixdir, inkişafı görüb duymaq, təhlil etmək üçün tamamilə yetərli rəqəmdir. Maraqlıdır ki, uzun illər ərzində respublikamızda xoreoqrafiyanın tədris olunması orta ixtisas təhsili səviyyəsində aparılmışdır. Bununla belə, Xoreoqrafiya məktəbi əsl sənət ocağı kimi formalaşmış, burada əsl sənətkarlar yetişmişdir.

2014-cü ildə ölkə başçısının fərmanı ilə Bakı Xoreoqrafiya Akademiyası təsis olundu. Mədəniyyət tariximizdə böyük hadisə olan bu fərman milli xoreoqrafiya sənətinin inkişafına yeni bir təkan oldu. İndi həmin günlərdən tam 5 il keçir. Bu müddət azdır, yoxsa çox? Bəlkə də bu, tarix baxımından o qədər də böyük rəqəm deyil. Lakin əməli işlərə nəzər saldıqda xeyli iş görüldüyünün şahidi ola bilərik. Bu müddət ərzində Xoreoqrafiya məktəbi yenidən təşkil edilmiş, burada tam orta məktəb, kollec, ali təhsil (bakalavr və magistratura səviyyələri) və doktorantura pillələri yaradılmış, peşə təhsilinin ardıcıllığı, fasiləsizliyi və mütəşəkkilliyi təmin edilmişdir. Akademiyada mədəniyyət təhsilinin digər ixtisasları üzrə də kadr hazırlığına başlanılmışdır.

90 illik tarixdə milli rəqs, xoreoqrafiya təhsilimizin şərəfli, o qədər də hamar olmayan inkişaf yolundan keçmişdir. Bu tarix kino lenti kimi gözlərimiz önündən keçib gedir. Az qala bir əsri haqlayan həmin tarixin xeyli hissəsini biz şəxsən görməmişik. Bu barədə yalnız oxumuşuq, eşitmişik, bəzi fraqmentlərə köhnə lentlərdə, fotolarda baxmışıq. Yaxşı ki, həmin dövrün böyük sənətkarlarının təcrübəsindən lazımınca istifadə olunmuşdur. Artıq onların çoxu həyatda yoxdur. Lakin bu ölməz sənətkarların pedaqoji fəaliyyəti, keçirdiyi ustad dərslər hələ də xatirələrdədir və təhsilin müasir mərhələsində onlardan yetərincə yararlanırlar. Bu, klassiklərimizin qoyduğu ənənələrin yaşaması, inkişaf etməsi və nəsildən-nəslə ötürülməsi üçün mühüm şərtdir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası" sənədi sürətlə modernləşən ölkəmizdə, təhsil sistemi qarşısında qoyulan məqsəd və strateji hədəflərə çatmağa, milli təhsil sisteminin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına imkan verir. Bu sənəd təhsilin digər sahələri ilə yanaşı, xoreoqrafiya təhsilinin də qarşısında yeni imkanlar açır. 

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunur ki, təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyətini nəzərə almaqla savadlı mütəxəssis hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir. Konsepsiyada oxuyuruq: "Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası gücləndiriləcəkdir. Təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşməsi ilə yanaşı, Azərbaycanın təhsil ocaqlarının, xüsusilə də təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcəkdir". 

"Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində digər ali məktəblər kimi Bakı Xoreoqrafiya Akademiyasında da müvafiq işlər görülür. Əsas məqsəd kreativ, innovativ düşüncəli gənc mütəxəssislər hazırlamaqdır. 

Bakı Xoreoqrafiya Akademiyasındakı yaradıcılıq mühiti, aparılan islahatlar, yaradılmış şərait və imkanlar, eləcə də müəllimlərin peşəkarlığı, təhsilalanların kəmiyyəti, keyfiyyətli təhsil qısa müddət ərzində akademiyanın dünyanın ən aparıcı xoreoqrafiya akademiyaları ilə bir sırada dayanmasına şərait yaradır.

Bugünkü sənət dünyasında gedən inkişaf prosesləri və yeniliklər ali təhsil müəssisələri qarşısında da mühüm vəzifələr qoyur. Həmin vəzifələrdən biri də xarici ölkə ali məktəblərindən dəvət olunmuş dünya şöhrətli mütəxəssislərin ustad dərslərinin təşkilidir. Təbii ki, görkəmli mütəxəssislərin ustad dərslərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Müasir xoreoqrafiya sənəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, tələbə kontingentinin rəqs sahəsində dünyada cərəyan edən müasir proseslərə cəlb olunması məqsədi ilə mütəmadi olaraq dünyanın müxtəlif ölkələrindən məşhur xoreoqraf, baletmeyster, klassik balet və xalq-səhnə rəqsləri üzrə mütəxəssislər Bakı Xoreoqrafiya Akademiyasına dəvət olunur.

Onların sırasında Rusiya Federasiyasının Xalq artistləri Vladimir Vasilyev, Nikolay Tsiskaridze, Əməkdar artistlər Sergey Moxnaçov, Vitali Axundov, Yaponiyanın Tokio Balet Akademiyasının Beynəlxalq Əlaqələr Departamentinin müdiri, balet artisti və xoreoqraf Andrey Orlov, Almaniyanın Höte (Goethe - İnstitut) İnstitutunun xoreoqrafı Susanne Graun, məşhur xoreoqraf, Rusiya Federasiyasının Xalq artisti, xalq-səhnə rəqsi üzrə peşəkar müəllim Dikalu Muzakayev, dünya şöhrətli amerikalı xoreoqraf Mark Morris, tanınmış rusiyalı quruluşçu baletmeyster və müəllim Aleksandra Tixomirova, məşhur litvalı xoreoqraf, Litva Respublikasının Əməkdar artisti Petras Skirmantas, məşhur Niderland xoreoqrafı Tom Bosma, dünya şöhrətli balet ustası, İngiltərə rəqs ustası Vilyam Pratt, tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri Arman Nurmaxamatulı və başqaları vardır.

Akademiyada keçirilən ustad dərslərinin əsas məqsədi xoreoqrafiya ixtisası üzrə yeni təhsil islahatlarını tətbiq etmək, inkişaf etmiş ölkələrin ali məktəblərinin səmərəli təcrübəsini öyrənmək, bu sahə üzrə dərs deyən ixtisas müəllimlərinin həm elmi-nəzəri, həm də praktiki hazırlığını artırmaq və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirməkdir. Keçirilən ustad dərsləri təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Elm, təhsil və sənət ocağı olan akademiyada münbit yaradıcılıq mühiti həm müəllim, həm də təhsilalanlara istedad və potensiallarını tam olaraq realizə etməyə imkan verir. Odur ki, son 5 il ərzində müəllim, şagird və tələbələrimizin birgə ərsəyə gətirdikləri P.İ.Çaykovskinin "Şelkunçik", Tofiq Bakıxanovun "Şərq poeması", Qara Qarayevin "Yeddi gözəl", L.Minkusun "Don Kixot" və Ə.Bədəlbəylinin "Qız qalası" baletləri mütəxəssislərin fikrincə desək yaradıcı heyətin akademizm səviyyəsində nümayiş etdirdiyi Azərbaycanda xoreoqrafiya təhsili tarixində ilk nümunəvi yaradıcılıq işləridir. Klassik irsə sadiqliyi qoruyub, zamanın və müasir sənət proseslərinin nəbzini tutaraq, akademiyanın müəllim, şagird və tələbələri yeni quruluşlar üzərində də yorulmadan çalışırlar. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən "Ömrünü xalqına bəxş edən lider", Şərqin ilk balerinası Qəmər Almaszadə və maestro Əfrasiyab Bədəlbəyliyə ithaf olunmuş "Prima və maestro", "Qələbə" xoreoqrafik kompozisiyaları, habelə "Azərbaycan yurdum mənim", "Səmayi Şəms" və "Arşın mal alan" kimi rəqs tamaşaları müasir dövrdə peşəkar xoreoqrafiya təhsili nəticəsində meydana gələn sənət incilərindəndir. Bununla yanaşı, "Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqəsi"nin təsis edilməsi, 2016 və 2018-ci illərdə dünyanın 12 ölkəsindən olan 324 iştirakçı ilə möhtəşəm keçirilməsi milli xoreoqrafiya sənəti tarixində olduqca böyük hadisədir.

Qısa zaman ərzində beynəlxalq tərkibli redaksiya heyəti olan "Sənət Akademiyası" beynəlxalq elmi-nəzəri jurnalının təsis edilərək, onun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilməsi, həmçinin, klassik balet və milli rəqs sənəti sahəsində ölkəmizin görkəmli şəxsiyyətlərinə həsr olunmuş fundamental elmi-tədqiqat işlərinin aparılması və monoqrafiyaların yazılması zənnimcə, sənətşünaslıq elminə verilən böyük töhfələrdən biridir.

 





07.11.2019    çap et  çap et