525.Az

Dörd günün əbədi xatirələri - Səfər qeydləri


 

VƏ YA "SİZ VOLQA SAHİLİNDƏ OLMUSUNUZ?"

Dörd günün əbədi xatirələri - <b style="color:red">Səfər qeydləri </b>

Paytaxt sakinlərinin çoxunun hələ yuxuda olduğu bir vaxtda mən hava limanına gedirəm. Bir həftə başqa ölkədə, indiyə kimi görmədiyim şəhərdə yaşayacayam. Bu, çətin görünsə də, həm də həyəcanlı, daha doğrusu, cəlbedicidir.

Qəfil təyin edilən səfərin cazibədarlığı insanı riqqətə gətirir, səbirsizləndirir. Bir tərəfdən isə düşünürəm ki, həmişəki səyahətlərdən fərqli olaraq bu dəfə yanımda heç bir sevdiyim, əzizim yoxdur - nə valideynlərim, nə müəllimlərim, nə məşqçilərim, nə də məşq yoldaşlarım...

Rusiyanın qədim şəhərlərindən birinə - Həştərxana mediatreninqə gedirik. Səfərdə Xəzəryanı ölkələr təmsil olunurlar. Bizim nümayəndə heyətinin tərkibində isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrindən savayı, praktik jurnalistlər, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şəlalə Həsənova və onun tələbələri var.

Uçuş müddəti bir saat iyirmi dəqiqədir. Sərnişinlərə təhlükəsizlik tədbirləri haqqında məlumat verildikdən sonra təyyarə havaya qalxır...

Təxminən saat yarımdan sonra Həştərxan hava limanına çatırıq. Bizi burada "Sever-yu" siyasi mərkəzinin direktorları Anjelika Trapeznikova və Valeriya Romoşenko qarşılayırlar. Şəhərin mərkəzində yerləşən dörd ulduzlu "Viktoriya palace" otelinə gedirik. Xidməti işçilər bizi mehriban qarşılayırlar. Lazımi qeydiyyatları apardıqdan sonra otaqların açar-kartlarını verirlər. Hərə öz otağına qalxır. Otaqlar səliqəli və işıqlıdır.  İstirahət edirik. Həm yol yorğunuyuq, həm də proqrama əsasən sabahdan etibarən ard-arda xeyli yerə gedəcək, konfranslarda, mühazirələrdə iştirak edəcəyik. Ona görə də gərək enerjili olaq.

Axşam Volqa çayının sahilində gəzirik. Hava olduqca təmizdir. Gəzdikcə fotolar, videolar çəkirik. Hamımız bilirik ki, multimedia vasitələri konkret informasiyanın auditoriyaya ötürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bunu bizə professor Cahangir Məmmədli, dosent Zaur Babayev, baş müəllim Mirakif Babayev kimi mütəxəssislər izah ediblər. Fotoları smartfonun yaddaşına köçürdükcə Mirakif müəllimin "Fotojurnalisika" fənnindən dediklərini yadıma salıram. Çalışıram ki, materiallar mümkün qədər keyfiyyətli və canlı olsun.

Xeyli gəzdikdən sonra otelə qayıdırıq və restoranda şam edirik. Söhbət zamanı məlum olur ki, tələbələrdən ikisi idmançıdır. Yenə idmançıların arasında olduğuma görə sevinirəm...

Səhər çoxları kimi mən də yeddidə oyanıram. Otağın eyvanına çıxıb Volqaya baxıram. Dalğalanır və dalğalandıqca sanki şəhərə əzəmət verir. 5-10 dəqiqə təmiz hava qəbul etdikdən sonra restorana düşürəm. Səhər yeməyi yeyir və bir saat sonra yola düşürük. Əvvəl hərbi muzeydə oluruq. Burada mediatreninqin açılışı olur. Muzeyin əməkdaşı Svetlana Bataeva və artıq tanıdığımız Anjelika Trapeznikova bizi salamlayaraq, uğurlar arzulayırlar. Ardınca muzeydə ekskursiya başlayır. Maraqlı yerdir. Muzey işçiləri müxtəlif eksponatlar haqqında məlumat verir, arada bir də fəxrlə öz vətənpərvərliklərindən danışırlar.

Muzeydən birbaşa Həştərxan Dövlət Universitetinə gedirik. Ali təhsil müəssisəsi ən müasir standartlara cavab verməsə də, nəhəngliyi ilə diqqətimizi çəkir. Universitetin prorektoru Aleksandra Treşeva bizi burada görməkdən məmnunluğunu bildirir. Sonra isə master-klasslar başlayır. Universitetin müəllimləri, habelə müxtəlif ölkələrdən gələn mütəxəssislər öz sahələri ilə bağlı mühazirə oxuyurlar. Çıxış edənlər arasında Şəlalə xanım da var. PR (İctimaiyyətlə əlaqələr) və onun texnologiyaları haqqında danışır... O danışdıqca dekanımız Vüqar müəllimin (Vüqar Zifəroğlu) dərslərini xatırlayıram. Sonradan Şəlalə xanımın özünə də deyirəm ki, dedikləriniz bizə tanışdır, bu sahəni bizə Vüqar müəllim keçir. Razılığını bildirir və əlavə edir ki, PR dərin olduğu qədər də çətin elmdir, onu ancaq geniş bilik və bacarığa malik olanlar keyfiyyətli tədris edə bilərlər.

Rusiya Jurnalistlər İttifaqının katibi Yuliya Zagitova sonda çıxış edənlərdən biri olsa da, auditoriyanı ələ almağı bacarır. "Müasir media: mövzu və texnologiyalar" mövzusunda çıxış zamanı, həm də yalan informasiya ilə faktın fərqlərini izah edir. Diqqətlə dinləyirəm. Həqiqətən, spiker professional olanda dinləyicilər də yorulmur.

Beləliklə, bugünkü məruzələr başa çatır və otelə qayıdırıq.

... Dünənki vaxtda oyanır, eyvana çıxaraq səhər gimnastikası edirəm. Aşağı düşəndə əksəriyyətin artıq burada olduğunu görürəm. Çay içir və Trediakovskova küçəsində yerləşən Həştərxan Kremlinə yola düşürük. Gülərüz bələdçi qız bizi müxtəlif tarixi abidələrlə tanış edir. Hava dünənkinə nisbətən xeyli soyuqdur. Ona görə də çalışırıq ki, bir yerdə dayanmaq, hərəkət edək. Amma bu, deyəsən, rus qızı heç narahat etmir. Yəqin, artıq öyrəşib. Allah bilir, gündə neçə komandaya bu cür bələdçilik edir.

Kilsədə də oluruq. Yerli əhali dini ayinləri yerinə yetirir. Onlarla söhbət zamanı məlum olur ki, əksəriyyəti dinə inanır.

Kilsədə xatirə fotoları çəkdikdən sonra Həştərxan Texniki Universitetinə gedirik. Rektor Aleksandra Nevalennova bizi salamlayır. Ardınca isə çıxışlar başlayır. "Danışır Moskva" radiostansiyasının direktoru Vladimir Mamontovla görüş çoxumuzun ürəyincə olur. Maraqlı məlumatlar eşidirik.

Hacıbaba dünən olduğu kimi, bu gün də fəaldır. Müxtəlif mövzularla bağlı öz fikrini deyir, spikerləri müzakirəyə dəvət edir.

Avrasiya televiziya və radio akademiyasının akademiki Vladimir Kosençukun iştirakı ilə keçən debat da maraqlı olur. Akademik əvvəldən axıra kimi danışır, mümkün qədər çox informasiya verməyə çalışır.

İnteraktiv oyunlar, dəyirmi masalar zamanı da deyilənlərə münasibət bildirməyə çalışırıq. Fakültəmizə hələ yenicə qəbul olan Günel Abdullayevanın çıxışı hamımızı fərəhləndirir.

Qennadi Bordyuqovun moderatorluğu ilə İkinci dünya müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsinin 75 illiyinə həsr edilmiş konfrans zamanı bir sual məni çox düşündürür: Görəsən, iki dünya müharibəsindən məğlub ayrılan Almaniya necə oldu ki, planetin ən güclü, qabaqcıl ölkələrindən birinə çevrildi? Həqiqətən, dünyanın işlərini bilmək olmur...

Nəhayət, mediatreninq başa çatır və iştirakçılara sertifikatlar təqdim edilir. Hər kəs bir-birini təbrik edir. Hamının üzündə təbəssüm var.

Otelə qayıdanda yoldaşlarla birlikdə sabah nə edəcəyimizi düşünürük. Belə ki, sabah günortaya kimi proqram çərçivəsində heç bir işimiz yoxdur. Üçə işləmiş isə aeroporta gedəcəyik,  necə deyərlər, ezamiyyətimiz başa çatmaq üzrədir.

Yenə xeyli söhbət edirik. Birinci kurs tələbələrinə müəllimlərimiz, fakültəmiz haqqında ətraflı məlumat verirəm. Şirin söhbət uzandıqca uzanır.

Növbəti gün də ənənəyə sadiq qalaraq təxminən eyni vaxtda oyanırıq. Otelin dəhlizində oturub uşaqları gözləyənda masanın üzərindəki "Volqa" qəzetindən bir nüsxəni götürüb oxuyuram. Maraqlı yazılar var. Qəzet bizim mətbu orqanların əksəriyyətindən fərqli olaraq tabloid formatındadır.

Çox keçmir ki, digərləri gəlirlər. Gecədən yığdığımız çantalarımızı qeydiyyat masasının yanına qoyaraq taksi sifariş verib yarmarkaya gedirik. Mağazaların birindən müəyyən ərzaqları alıb digərinə keçəndə əlimizdəki paketləri xüsusi təyin edilmiş qutuya qoyuruq. Qutunun qapısını bağlayanda çətinlik çəkirik, hətta zarafatla deyirik ki, qayıdanda heç nəyi yerində tapmayacağıq. Elə də olur. Qızlar aldıqlarının pulunu ödəyəndə mən də vaxt itirməmək üçün paketləri götürməyə gedirəm. Bir də baxıram ki, içi boşdur, heç nə, o cümlədən də, Leylanın fotoaparatı yoxdur. Yoldaşlara deyəndə əvvəl inanmırlar, sonradan isə vəziyyətin ciddiliyini dərk edirlər. Bir neçə dəqiqəyə nə edəcəyimizi düşünüb mühafizə xidmətinin otağına yaxınlaşırıq.  Aparat da, paketlər də buradadır. Məlum olur ki, qutunun qapısı açıq qalıbmış. Mühafizə xidmətinin əməkdaşı bizə daha diqqətli olmağımızı tövsiyə edir. Əlini sıxır, təşəkkür edirəm.

Yarmarkanın yaxınlığındakı taksilərin birinə oturub otelə qayıdırıq. Sürücü hansı mehmanxanaya gedəcəyimizi bildikdən sonra bildirir ki, orada adətən nüfuzlu qonaqlar qalırlar. Bizim kim olduğumuzu soruşur. Cavab veririk ki, Bakıdan gələn jurnalistlərik. Kişi elə buna bənd imiş kimi, danışmağa başlayır. Həştərxanla Bakı arasında xeyli fərq olsa da, deyəsən, taksi sürücüləri dünyanın hər yerində eynidirlər - sərnişinlə danışmağa mütləq mövzu tapırlar.

Təxminən saat yarımdan sonra aeroportda oluruq. Digərlərindən fərqli olaraq mənim reysim birbaşa deyil - əvvəl paytaxt Moskvaya, oradan isə Bakıya uçmalıyam. Vaxtım azdır. Ona görə hər kəslə bir-bir sağollaşır və qeydiyyat masasına yaxınlaşıram. Xidməti əməkdaşa pasportumu və biletimi göstərəndə başa düşürəm ki, artıq təkəm, yanımda heç kim yoxdur. Elə bu vaxt yoldaşlardan birinin səsini eşidib üzümü çevirirəm.Təbəssümlə adımı çəkir və əl sallayaraq rus dilində "Hələlik" ("Poka") deyir. Dilucu "Salamat qalın" cavabı verərək yoluma davam edirəm.

Altı radələrində Moskvaya çatıram. Ətrafı müşahidə edirəm. Kimiləri sevdiklərini yola salır, kimiləri də öz əzizinə qovuşur. Mən isə nəhəng, işıqlı Moskva aeroportunda təkəm. Təyyarənin havaya qalxmağına hələ beş saat var. Kafelərin birinə gedib gülərüz ofisiant qızdan kofe gətirməsini xahiş edirəm. Cəmi bir neçə dəqiqə sonra kofeni içərək səfər zamanı çəkilən fotolara baxıram. Hiss edirəm ki, artıq yoldaşlarımdan darıxmağa başlayıram. Sanki ürəyimdən keçənləri hiss edirmiş kimi onların birindən mesaj gəlir: "Biz artıq çatmışıq. Sənə yaxşı ol". Cavab yazmıram. Ya da yaza bilmirəm. Əvəzində, kresloya söykənib gözümü yumuram. Mənə elə gəlir ki, son günlər ərzində yaşanılan hər şey sadəcə yuxudan ibarətdir.

Vaxtı keçirmək üçün hava limanında gəzir, mağazalara girib-çıxıram. Qəfildən 4-5 yaşlı bir uşaq atasının əlindən çıxaraq mənə yaxınlaşır. Çantamdan bir şokolad çıxarıb uşağa uzadıram. Valideyni nəzakətlə təşəkkür edir və hara getdiyimlə maraqlanır. Cavab verirəm ki, Həştərxandan Bakıya gedirəm. Nə isə düşünür və fikirli halda "Həştərxanda tarixin izləri var" deyərək uşağının əlindən tutaraq məndən uzaqlaşır.

Yuxusuzluğa qalib gəlmək üçün növbəti kofeni içir və çantamdan Rəşid Məcidin "Qələmsiz yazılanlar" kitabını çıxararaq oxumağa başlayıram.

... Nəhayət, qeydiyyatın başlandığı elan olunur. Pasport kontroldakı gülərüz qız Moskvaya niyə gəldiyimi soruşur. Jurnalist olduğumu, Həştərxanda keçirilən beynəlxalq konfransdan qayıtdığımı bildirirəm. Sonra da mən sual verirəm: "Bəs siz Volqa sahilində olmusunuz?" Gülərək "Xeyr" mənasında başını tərpədir və sənədləri mənə qaytarır.

Üç saatdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatıram. İki yorucu uçuşdan və bezdirici yoxlanış proseslərindən sonra, nəhayət, vətənimdəyəm. Sənədləri yoxlayan polis işçisi şəkildəki şəxsin mənə bənzəmədiyini iddia edir. İstehzalı təbəssümlə cavab verirəm: "Əgər üç gün ərzində mənim yaşadıqlarım sizin başınıza gəlsə idi, siz də dəyişə bilərdiniz". Bundan sonra pasportumu götürür və çıxışa doğru addımlayıram.

Paytaxt məni yağışlı hava ilə qarşılayır. Gödəkçəmin düymələrini bağlayıram. Gözüm yenicə səmaya qalxan təyyarəyə sataşır. Öz özümə düşünürəm ki, həmin sərnişinlər həyatlarındakı yeni bir macəra ərəfəsindədirlər. Bəlkə də, Həştərxana, Volqa çayı sahilinə gedirlər...

Bakı- Həştərxan- Bakı

 





07.11.2019    çap et  çap et