525.Az

60 yaş nədir ki...


 

60 yaş nədir ki...<b style="color:red"></b>

Atalar yaxşı deyib: “Ömür keçdi, gün keçdi...” Doğrudan da, aylar-illər çox sürətlə gəlib keçir. Adam ailəsi, dostları ilə bir yerdə olanda üz-göz öyrəşir, zahirən, batinən necə dəyişməyimizin fərqində olmuruq. Əgər bu yaxında bir nəfər tələbə yoldaşımızın oğlunun toyunda bir masada yanaşı əyləşdiyim dostum Adil İrşadoğlundan qulağına pıçıltıyla-60-ın tamam olmayıb? - deyə soruşmasaydım, əziz dostumun 60-a hələ yol gəldiyini sanardım. Sən demə bu yaş məsələsi ürəyimə təsadüfi danmayıbmış. Bu sorğudan məlum oldu ki, noyabrın 1-i Adil İrşadoğlunun 60 yaşı tamam olur.

Etiraf edək ki, biz yaşa dolduqca ətrafımız seyrəlir, dostlarımızın bir çoxunu Allahın əmri ilə, ya da dar günün dostu olmadığından itiririk. Adil İrşadoğlunu 41 ildir tanıyıram. Dostluğumuzun yaşı da elə bu qədərdir. Bir-birimizin xeyir-şər işində, toyda-düyündə görüşə-görüşə, dərdləşə-dərdləşə bir də görmüşük saqqal saxlamaya-saxlamaya cavanlar bizə AĞSAQQAL deyə müraciət edirlər. Nə etmək, bundan pərt olmağa dəyməz, bu həyatın qanunudur.

Adil İrşadoğlu Ağdamda sayılıb-seçilən bir ailədə dünyaya göz açıb. Onun atası İrşad müəllim əsl Azərbaycan kişisinə xas bütün müsbət keyfiyyətlərin daşıyıcısı, milis podpolkovniki, anası Qənirə xanım isə savadlı, tələbkar rus dili müəlliməsi idi. Təəssüf ki, onlar da Ağdam işğal olunandan sonra Bakıda qaçqınçılıq həyatı yaşadılar. Qarabağın həsrəti ilə dünyalarını dəyişəndə Qaracı qəbiristanlığında doğmalarının yanında yox, Biləcəri qəbiristanlığında dəfn olundular...

Mən bunu bu yubiley yazısında təsadüfən xatırlamıram. Adil həmişə ata-anasının yolunu saxlayan, valideynlərini hər şeydən, hər kəsdən uca tutan oğul olub. O, millətini, dövlətini, ölkəsini də elə məhəbbətlə, ürəkdən, candan sevən şəxsdir.

Adil İrşadoğlu indiki Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib. 1977-ci ildən 1997-ci ilə qədər - düz 20 il Dövlət Televiziya və Radio Verilişləri Şirkətində jurnalistlik fəaliyyəti göstərmişdir. Bu illər ərzində hazırladığı müxtəlif səpkili verilişlərə görə Fəxri Fərmanlarla təltif olunmuşdur.

1988-ci il hadisələrindən sonra Adil İrşadoğlunun gecəsi-gündüzü olmayıb. O, 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaranmasında və separatçı qüvvələrə qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Adil, eyni zamanda o dövrdə Dövlət Televiziyasının hərbi vətənpərvərlik baş redaksiyasının təşkil olunmasında əlindən gələni əsirgəməmişdir. Adil İrşadoğlu bir jurnalist kimi 1-ci Qarabağ müharibəsinin iştirakçısı idi və onun cəbhədən hazırladığı çoxsaylı verilişlər şübhə etmirəm ki, AzTV-nin arxivində indi də saxlanılır. Təsadüfi deyildir ki, Adil İrşadoğlu əsgər və zabitlərin həyatından hazırladığı salnamələrə görə “N” saylı hərbi hissə komandirinin 1 avqust 1995-ci il tarixli qərarına əsasən “Şah İsmayıl Xətai” adına Fəxri Fərmanla mükafatlandırılmışdır.

Adil İrşadoğlunun Qarabağ müharibəsi dövrü bir telejurnalist kimi fəaliyyəti, əslində, daha çox təfərrüat, canlı xatirə və yaşantıları özündə əks etdirən ayrıca bir yazının mövzusudur. Mən  özüm də 1993-cü ildə onun çəkiliş qrupu ilə Ağdam-Tərtər bölgəsində onların canlı döyüş səhnələrini lentə almalarının şahidi olmuşam. Doğrudan da, Adilin bu dövrdəki fəaliyyəti təqdirəlayiqdir. Xatırladım ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) həyatından canlı çəkilişlərə görə də ona minnətdarıq.

Təəssüf ki, 1997-ci ildə Adil İrşadoğlu 20 il fəaliyyət göstərdiyi AzTV-dən müəyyən səbəblərə görə aralı düşdü. Lakin ruhdan düşmədi və qəzetçilik sahəsində jurnalistlik fəaliyyəti ilə məşğul oldu. O, “De-Fakto” qəzetinin yaradıcısı və baş redaktoru, “Yeni dünya” qəzetində baş redaktor müavini,  Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetinin məsul katibi, “Novıy mir” qəzetinin redaktoru, “Olaylar” və “Şans” qəzetlərinin baş direktoru olmuşdur. Adil İrşadoğlu 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki mətəqəsində 4 dəfə seçki komissiyasının katibi olmuşdur.

Adil İrşadoğlunun belə tez-tez iş yerini dəyişməsi onun xasiyyətinin ağırlığı ilə yox, qürurlu və təmizliyindən irəli gəlib. O, həmişə “dost dostuna tən gərək, tən olmasa gen gərək” prinsipi ilə işləyib.

Adil İrşadoğlu gözəl ailə başçısıdır, iki oğul atasıdır, cavanca babadır. Bir yaşlı nəvəsi Ayanla nəfəs alır.

Əziz qələm dostumu 60 yaşı münasibətilə təbrik edir, bir an belə unutmadığı Qarabağın işğaldan azad olacağı o böyük günü görməsini Allahdan diləyirəm. Yaşa, yarat, əziz dost, 60 yaş nədir ki...

Mustafa ÇƏMƏNLİ

 





01.11.2013    çap et  çap et