525.Az

Gərək sanbalıyla gözə dəysin sənət də...


 

Gərək sanbalıyla gözə dəysin sənət də... <b style="color:red"></b>

Qərbə inteqrasiya yolunda rastlaşdığımız çətinliklərdən biri də xarici dilləri kifayət qədər bilməməyimiz oldu. Bir də onda ayıldıq ki, 70 il başımız qarışıb rus dilini öyrənməyə. Hətta kənddə-kəsəkdə belə, nənələrimiz heyva çubuğu ilə nəvələrini döyə-döyə binəvaları anaya mama, çörəyə xleb deməyə o qədər məcbur etdilər ki... Axırda  yazıqlar Allahın qəzəbinə tuş gəldilər, Vətəndə çörək atlı oldu,onlar piyada. Qazanc arxasınca üz tutdular  yaxın-uzaq diyarlara. Ayağını doğma torpağın çınqılı  qanatmayanların başını özgə yerin daşı partlatdı. Xülasə...

Sonra avropasayağı inkişaf edə-edə meylimizi saldıq xarici dillərə. Bəlini- okay, köynəkləri  t-shirtlər əvəz edə-edə bayramlarımız kutlu, gənclərimiz aşkı bulub, başladılar mutlu olmağa. Bu yerdə mütləq qeyd etməliyəm ki, mən xarici dil bilənləri, yaxud öyrənməyə çalışanları tənqid deyil, əksinə, böyük hərflərlə təqlid edirəm. İstənilən mənada, hər kəslə öz dilində danışanda yaşamaq da asanlaşır. Amma yazar, dilçi alim, ziyalı kimi bizi narahat edən məsələ başqadır. Zəmanə övladlarının qulaqları doğma dilimizin gözəlliyini səsləndirən dalğaları qəbul edə bilmir.Onların eşitmə orqanının  təbil pərdəsini xarici dillər rəqsi hərəkətə gətirir. Tibbə görə səsin gücü artdıqca rəqs amplitudası böyüyür. Bu isə öz növbəsində  yetişməkdə olan nəslin mənəvi  müalicəsinin prioritet olması fikrini aktuallaşdırır. Biz hər yerdə-bağça,sinif otaqları, auditoriyalar,televiziya ekranları, radio dalğalarından var gücümüzlə  hayqırmalıyıq: Azərbaycan dili hər birimizin qürur mənbəyi, kimliyimizin əyani sübutu, alovlu dəlilidir. Dilimiz dünyada Vətənə sədaqət, ataya ehtiram, anaya məhəbbətdir. Çünki o, yaranan zamandan od yanır binəsində. Çünki Azərbaycan dili hərarətini Vətənin sinəsində babalar qaladığı ocaqlardan alibdır. Bu yurdu sevə-sevə süzən gözlərdən,onun eşqiylə  döyünən ürəklərdən, şənini təbliğ və tərənnüm edən dodaqlardan alıbdır. Kimin üçünsə pafoslu, bayağı və gülməli səslənsə belə!

Dili sevdirən, onun incəliklərinin sehrinə salan, əsrlərdən boylanan dərin qatlarının ağuşuna atan vasitələrdən biri də ədəbi əsərlər, bədii tərcümələrdir. Şagird və tələbələrimizi kitaba, mütaliəyə yönləndirmə cəhdimizi bir tərəfdən də uğursuz tərcümələr əngəlləyir. Baxmayaraq ki, son dövrlər dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi gözəçarpacaq dərəcədədir. Amma xarici əsərlərin tərcüməsini oxuya bilmirik, əsəbləşirik, - deyib tələbələr imdad edirlər. Bu yazıda konkret  əsərlərdən nümunələr göstərib, kiminsə bostanına daş atmaq fikrində deyiləm. Sadəcə bu işə çox həssaslıqla yanaşmağın tərəfdarıyam. Bir var dili bilmək, bir də var onu duymaq. Biz əcnəbi dili bilirik, ana dilimizi isə həm də duyuruq. Yəni əcnəbi dil əqlimizdən o yana gedə bilmir, ana dili  təhtəlşüura nüfuz edir, ruhumuza sirayət edir.. Tərcümə etmək bir əsəri yazmaqdan daha çətindir fikri ilə yəqin, tənqidçilər də razılaşar. Tərcümə ədəbiyyatında əsərin ideya-məzmunu, obrazların daxili aləmi ilə bərabər yazıçının fərdi üslubu, oxucu ilə rahat dialoq üçün seçdiyi təhkiyə üsulu qorunmalıdır. Sadalananların təməli isə dilimizin orfoqrafiya-fonetik, morfoloji, tarixi-ənənəvi prinsipi əsasında  olmalıdır. M.V.Lomonosov deyirdi ki, qrammatikasız oratoriya küt, poeziya pəltək, fəlsəfə əsassız, tarix xoşagəlməzdir. Sözün boynuna ip salıb fırlatmaq, onu kəsərdən salmaq günahdır. Bəzi tərcümələrdə tez-tez cümlələrin səhv qrammatik quruluşu, çoxlu türk söz və deyimləri və intonasiyası ilə rastlaşırıq. Diqqət etdikdə, bu sadə sözlərin dilimizdə kifayət qədər sinonim cərgələrinin olduğunu görürük. Mən qardaş ölkə şair və yazıçılarını sevə-sevə mütaliə edirəm. Amma söhbət Azərbaycan dilinə çevrilən əsərdən gedirsə, bu yolverilməzdir. Bəziləri tərcümədə o qədər tələskənliyə yol verirlər ki, cümlənin mənası belə təhrif olunur. Görkəmli türkoloq professor Əsgər Rəsulovun “Tərcümə nəzəriyyəsində Türkiyə türkcəsi və Azərbaycan dili” monoqrafiyasında dilimizə çevrilən əsərlərdən kifayət qədər bu cür nümunələr yer alıb. Onsuz da bu dünyada baş verən münaqişələrin kökünə varanda, çoxunun din deyil, dil problemlərindən qaynaqlandığının şahidi oluruq. İnsanlar bir-birlərini səhv başa düşür, yanlış hökmlər verirlər. Ağır olur səhv tərcümələrin aqibəti! Düşünməliyik ki, hər bir ədəbi nümunə gələcəyə hesablanan əbədi abidəyə çevrilir. Əcdadlarımızın bir əmanət yerinə bizə ötürdüyü dilimizin şöhrətini qorumaq mənəvi borcumuzdur. Bir-iki kəlmə böyük xətaya yol açmaz dedikdə unutmayaq ki, hətta bir hecadan ibarət söz belə dilin neməti, zinəti, qüdrət və şöhrətidir. Bu qədər zəngin, avazlı, şirin, mayası və qayəsi şeiriyyət olan dilimizdə söz tapmayanları gördükdə mən filoloq olduğumdan utanıram. Axı bu millət laylanı da şeirlə yaradıbdır, ağını belə misrayla yoğurubdur. Nəzərə alaq ki, nəsə, kimsə həyatda olsa da, olmasa da, xatirə tünlüyündə qalsa da, qalmasa da Söz qalacaq, yaşayacaqdır. Şair demiş, bu dünyada qəti nə var yazı kimi?  Tərcümə olunan hər  əsər yeni ünvan gətirir söz sənətinə. Gərək sanbalıyla gözə dəysin sənət də. Tanrı qələminizə kəsər versin, ədəbiyyat dünyasında doğma söz diyarından kənara çıxmayaq...

 





01.11.2013    çap et  çap et