525.Az

Bir içim qadın - İradə Tuncay


 

Bir içim qadın - <b style="color:red">İradə Tuncay</b>

Bir gün yuxuda görüşdük İradəylə... Hə... 2004-ün dekabrında. Gördüm üçümüz oturub çay içirik. İradə, Aqil, mən. Ayağa dururuq ki gedək, görürük Aqilin iki ayağı kəsilib, yoxdu, durub gedə bilmir. Dəhşət içində axtarırıq ayaqlarını. Yuxudan hövlnak oyandım. İşə çatan kimi gözüm qapıda, bir də saatda qaldı. Gecikirdi İradə, bu əcaib yuxu da bir tərəfdən... Zəng vurduq evlərinə. "Məmməd Araz dünyasını dəyişdi" - dedilər. Bu, mənim olacağı söyləyən ilk yuxum idi.

Böyük şairin səhhətindəki problem üzündən İradə zatən kövrək idi, atasının vəfatı qızı param-parça elədi. Uzun müddət özünə gələ bilmədi İradə. Uzun müddət. 

***

Mən onu görəndə... Hə... ilk dəfə ekranda görmüşdüm onu... AzTV-nin "Dalğa"sında. Ən çox da gözləri qalmışdı yadımda... Danışan, dipdiri gözlər. Türkan Şorayın gözlərinə bənzətmişdim, yadımdadı. Sonralar, çox sonralar - romanlarındakı daxili monoloqunda özü də məhz öz gözlərini vurğulayacaq, "Qumral gözlüm" deyəcəkdi özünə. O vaxta isə hələ vardı, hələ çox vardı.

Sizə danışıram bizim məkanın real, yəni qeyri-virtual olan zamanlarından. O zamanlar ki internet yeni-yeni yaranırdı, bugünkü qədər populyar informasiya mənbəyi deyildi. Və o vaxt ziyalı təbəqə qəzet jurnalistlərini televiziya jurnalistlərindən daha yaxşı tanıyırdı. Çünki nə myvideo vardı, nə youtube - proqram efirə gedən vaxt gördün, gördün, görmədinsə - efemer idi, uçub çıxıb gedirdi. Qəzetçilərinsə fəaliyyəti göz önündəydi, yazdıqları oxunurdu, bir neçə gün sonra belə oxunurdu, podşivkalarda qalırdı. Bəndəniz o zaman qəzetçi idi, qəhrəmanım televiziyonçu. O, mənim imzamı tanıyırdı, təbii, yazdığımı-pozduğumu, nə düşündüyümü bilirdi, mənim bildiyimsə sadəcə onun kimliyi və gözəl gözləri idi. Belə idi vəziyyət - mən onu görəndə - hesab onun xeyrinəydi: 1- 0.

***

Vəzifəsi olmayan naxçıvanlı. Özünə yarızarafat-yarıgerçək elə belə deyir. Romanında bu təyini bir az da dərinləşdirib - vəzifəsi olmayan naxçıvanlı elə filan (açıqlamır haranı nəzərdə tutduğunu) bölgəli kimi bir şeydi, - yazıb. Bu, onun özünə ironiyası və zəmanədən şikayətidi. Ki əslinə qalsa, heç zaman vəzifə-mənsəb dalınca qaçmayıb da qəhrəmanım. Kənardan öz faydalı işini görüb. Yazılarıyla ictimai rəyə təsir edib, düşünücə formalaşdırıb, azad, vətənçi düşüncə, hər publisistik yanaşmasında milli ideologiyanın konturlarını dəqiq göstərib - bunu eləmək üçün vəzifə səlahiyyətlərinin xeyri daha çox ola bilərdi təbii, amma vəzifə olmayanda belə (fakt bu ki yoxdur) millət üçün söylənilən mesaj zatən ünvana çatır, oxuyan oxuyur, maariflənən maariflənir, hər kəs payını götürür - bacardığı kimi və lazımi miqdarda. Bu da belə.  

***

Adı çəkiləndə ilk yadıma düşən Məmməd Araz olur, bir də Tuncay (təkcə təxəllüsünə görə deyil həm də). Mavi gözlü Dev də düşür yadıma, cümhuriyyət çocuqları da, Arazın o tayı da (diqqətli oxucu bilir - sadaladıqlarım onun sevimli qəhrəmanları və işlədiyi mövzulardır).

Böyük Məmməd Arazın qızıdı qəhrəmanım. Bu gün tanınan yazıçı-publisist, müstəqilliyimizin yaşı qədər tarixi olan bir mətbu orqanının - "Ədalət"in baş redaktoru və mediadakı ən sevilən imzalardan biri. O zaman - mən onu Məmməd Arazın qızı və Aqil Abbasın xanımı kimi tanımışdım. Və o zaman qəribə bir romantik-nisgilli halı vardı İradənin - sonbeşiyini - Tuncayı Türkiyəyə göndərmişdi oxumağa, səhv eləmirəmsə, uşağın yaşı da az idi - 15-16 olardı, üstəlik, hərbi rejimli təhsil ocağındaydı. O aralar İradənin gözünün yaşı qurumurdu ki. Tuncay adını özünə təxəllüs seçməsi də içindəki o darıxmağıyla bağlıydı, bir də ki istəmirdi İradə, böyük şairin adının kölgəsində qalmaq istəmirdi deyə Məmməd Araz ismini daşımadı imzasında. Və doğru da elədi. Zaman göstərdi ki, böyük söz ustadının təsir arealından kənarda da özünü tapmaq, özünü qazanmaq, özünü sübut eləmək olur, bəli, olur.

"Space"in "Sabah" proqramında bərabər çalışırdıq. Və mən onu gün-gün, həftə-həftə kəşf etməkdəydim. Mən onu oxuyanda, yazdıqlarını yox, özünü oxuyanda bəlli qənaətə də gəlmişdim - ədalətli, dərrakəli, məlumatlı gözəl xanım idi qarşımdakı. Və bizim cəmiyyətdəki stereotipə görə, xanımın gözəl, həm də ağıllı olması - nadir hadisə kimi dəyərləndirilir. Bax bu mənada da İradə hamıdan fərqli idi - həm gözəl idi, həm də ağıllı. Vaxt keçdikcə İradə bir növ intellektual hakimə çevrilirdi aramızda. Elm, tarix, dilçilik, nə olur olsun - istənilən mövzuda kimin nə mübahisəsi olurdusa - son söz kimi İradəyə müraciət edirdi. İradə dedisə düzdü, deməli, düzdü. 

***

Oğlum Qaraqan aşağı siniflərdə oxuyanda şeir yazmağa başladı. Birinci şeirini səksəkə içində göstərdiyim ilk adam da İradə oldu. Fatalistcə yazılmış bir səhifəlik ağır bədbin bir mətn idi. "Qadağan edim, yazmasın? -  soruşdum, -  çox fəlsəfidi, uşağın dəngəsi pozular". Arxayın elədi ki, qorxma, istedaddı gələn, qabağın ala bilməyəcəksən, bir şəkildə üzə çıxacaq. Mən ona həm də səmimi insan kimi bağlanırdım. Hesab bərabərləşirdi: 1-1 olmuşduq.

***

Təbiətdə mimikriya adlanan bir hadisə var. Məsələn, gözəl bir kəpənək qorunmaq üçün yarpağa, budağa "bənzədir" özünü, yaxud yenə də qorunmaq üçün ətrafındakıları qorxutmaq "qərarına gəlir", əlvan qanadının üstünə bir vahiməli göz "çəkir". Ki "mənə yaxın durmayın ha" deyir, təhlükəliyəm. Bu priyoma insanlar da əl atırlar, bilmədən, təbii. Bax mən onu tanıyanda İradə Tuncay məlumatla, biliklə ləmələm doluydu, istənilən məsələyə münasibəti, özəl çözümü vardı, amma realizə imkanı - sıfır. Və o çağacan İradə zənnimcə - elə mimikriya ilə məşğul idi. İki övlada analıq eləyəndə də, məşhur kişinin xanımı kimi qır-qızılla, bər-bəzəklə süslənib məclislərə gedəndə də o, özü deyildi, potensialını üzə çıxara bilmədiyinə görə duruxub qalan, içindəki uşağı qorumaq istəyən BİR İÇİM QADIN idi - əsəbi, narazı, öz məni ilə daim savaşan, durumuyla barışa bilməyən, eyni zamanda, ailəsini qucaqlayıb qoruyan, realizə olunmayan bir istedada sahib, qumral gözlü, kədər baxışlı QADIN. Hə, İradənin ilk həqiqi realizə haqqını tanıyan Etibar Babayev oldu - beləcə "Space" kanalında müəllifin "Bir içim insan"ı gəldi ekrana.. Çox sonralar Etibar müəllimə "Sarı odalar"ını bağışlayanda "İradəni Tuncay edən Etibar Babayevə" avtoqrafı ilə imzalayacaq mənim qəhrəmanım. O vaxta isə hələ vardı, çox vardı.

***

İradə Tuncayın Space TV-də efirə gedən filmlərinin rejissoru Teymur Quliyev görün nələri xatırlayır. Cümhuriyyətin xaricdə təhsil almağa göndərdiyi 100 tələbənin taleyi indi hər kəsə bəllidi, o zaman çox az adam agah idi o hadisədən. İradə Tuncayın "100 tələbə" filmi o talesiz gənclər haqqındaydı. Filmin çəkilişləri zamanı o vaxt Sarbonnada təhsil aldığına görə repressiya olunan bir vətən aydınının diplomunu tapıb üzə çıxardır İradə. Gətirir ki, repressiya qurbanının qızına versin. Qadıncığaz illərlə həsrətini çəkdiyi sənədi görə bilmir amma, ikicə gün əvvəl itiribmiş gözünün nurunu. Bu da İradəyə bir dərd olur. Teymur deyir hər biri bir vətən olan o filmləri təmənnasız işləyiblər, bir çox hallarda da İradənin şəxsi vəsaiti hesabına. Və deyir İradə indi də nəsə çəkmək istəsə, tam məccani, canla-başla "hə" deyərəm. "Qonorarsız?" soruşuram. Təsdiqləyir - İradəylə işləmək zövqdü, zövq.

***

İradə "Space"dən gedəndə yaradıcılığın elə mərhələsindəydi ki, durub dayana bilməzdi. Bu dəfə jest Aqil Abbasdan gəldi - əziz xələfi "Ədalət"i öz xanımına həvalə elədi. Ürəkli jest idi - razılaşaq. Amma "Ədalət" də çətin durumda idi, həm qəzetlərin əvvəlki gəlhagəl dövrü bitmişdi, həm də millət vəkilliyi ilə qəzet redaktorluğunu eyni məsuliyyətlə həyata keçirmək deputat bəyə asan başa gəlmirdi. Bəlkə də "Ədalət"i əmin əllərə ötürməsindən də məmnun idi bu mənada. 90-lardan birinci səhifəsindəki yumoristik atmacalardan tutmuş vurub-kəsən məqalələrinə qədər hər gün gündəm yaradan kişiyana (oxu - bəzən hətta lotuyana), döyüşkən (oxu - bəzən davakar) bir qəzet çevrilirdi bir xanıməlinə - İradə qəzetə başqa sima gətirirdi, daha işıqlı, daha sanballı, daha ağırtaxta. Maskulinlik əriyirdi, amma əmələ gələn tam feministlik də deyildi, peşəkarlıq idi hər yazıda meydan sulayan. Yeni imza qəzetə böyük oxucu kütləsi gətirdi. İradə ayrı-ayrı şəxsiyyətləri zərrə-zərrə xırdaladı - mavi gözlü Devdən, Çe Gevaradan, Heydər Əliyevdən, İndira Qandidən yazdı. Ayrı-ayrı dövrlərə yazısıyla körpü saldı - ta yunan mifologiyasından tutmuş öz əsarət tariximizə qədər - olub keçənləri xatırlatdı. Ki büdrəyən, çaşan, duruxan oxucusuna dəstək olsun. Oldu da. Və daha bir məqam. Söylədim ki, İradənin telejurnalist kimi parlamasına imkan yaradan Etibar Babayev olmuşdu, sonradan - hər ikisi kanaldan gedəndə həmin bumeranq geri qayıtdı, təbii ki, yaxşı mənada. Bu dəfə İradə Etibar müəllimin yazılarına tribuna verdi. "Ədalət"in  səhifələrində sevdiyimiz imzalarla yanaşı, onun da imzasını gördük. O aralar gizli təxəllüslə bəndəniz də yazılar yazdı "Ədalət" üçün. Olub, bu da olub.

***

Bu da yeni dönəmin İradə Tuncayı. “Facebook”a məndən 2-3 ay sonra gəldi İradə. Qısa zaman içində böyük bir elektorat topladı ətrafına. Cəmiyyətə təsir edən hər hansı hadisəyə operativ rəy, dürüst yanaşma, doğru qiymət və hər dəfəsində də vətənçi, vətənçi, vətənçi mövqe.

"Möhtəşəm yüzil"in populyar vaxtlarıydı, sosial şəbəkədəki heyranlarından ona "sultanım" deyə müraciət eləyənlər vardı. Privat söhbətlərin birində "Bu nədi, ay İra, - dedim, "sultanım" nədi - ətin tökülmür?" "Neynim - dedi - özünəxas yumorlu ədayla, - məni sevirlər də". Onu gerçəkdən sevirlər. Və bugün o, yeni mərhələnin - sosial medianın, virtual dünyanın real qəhrəmanıdı. Yüz il sonra Azərbaycan gerçəkliyini araşdırmaq istəyən tədqiqatçılar tarix kitablarındansa İradə Tuncayın FB statuslarını oxusalar, əminəm, daha real, daha dəqiq məlumatlar əldə eləyəcəklər, həm də son dərəcə vətənçi şərhlər, səbəb-nəticə izahları, pesperktiv konturları ilə bərabər. Bax bu məkanda da illərdi bərabərik. İradə burada cəmiyyətin mini-modeli üçün ictimai rəy formalaşdırır. Onu oxuyur, onu izləyir, bilgilərilə maariflənir, qərarları ilə hesablaşır, azad və sərbəst diskussiyalar aparır, ortaq məxrəcə gəlirlər. Və adi ölərilər yox, gözəlim məmləkətin sayılan-seçilən ağıllı-dərrakəli qafaları. Bəli, təşkilatlandırmaq və yönləndirmək qabiliyyəti də var qəhrəmanımın. Bunu da bilin, istədim.

***

İradə Tuncayı yazıçı və publisist kimi araşdırıb tədqiq edənlər çox olacaq - elə bu gün də, sabah da bu fenomeni şünaslarımız qiymətləndirəcəklər təbii. Mənim oxucu olaraq bir təsbitim var - İradə bir yazıçı kimi maraqlı, məlumatlı və çox səmimidir. İradəni oxuyanda elə bil özünlə söhbət edirsən, İradə faktları, tarixi hadisələri sadalayır, paralellər aparır və sonda oxucusuna onun eşitmək istədiyini - həqiqəti söyləyir. Eyni vətənçi və yaxşı mənada millətçi yanğını Üzeyir bəyin də publisistikasında görmüşük, Mirzə Cəlilin də. Bu mənada İradə ənənəni yaşadır, amma həm də tamamilə yeni söz deyir.  İradənin mətni tam bir özümüzəironiyadır, özümüzütənqiddir. Gileyi də, narazılığı da, tərifi də, təsdiqi də yüzə-yüz obyektiv.

***

İradə Tuncaydan sitat: "Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan". Amma bəzən belə də olur, dostum. Bir dostunun yubileyinə yazı yazırsan. Nə yazacağını bilmədiyin halda bir də görürsən qəzet səhifəsi dolub. Bəlkə yazmalı olmadıqlarını da yazmısan. Eynən bu yazıdakı kimi.

***

Yadımdadı, Teodor Drayzerin "Dahi"sini oxuyurdum. Yaşım 13-14 olardı. Özüm özümlə oyun qurmuşdum. Kitabı hər səhər ayrı-ayrı yerlərdə elə gizlədirdim ki, yatmazdan qabaq oxumaq istəyəndə tapmayım. Sevimli qəhrəmanımla ünsiyyətimin vaxtı uzansın deyə. Romandan ayrılmamaq idi amacım. İradənin "Yol" romanını da elə o cür oxudum. Uzada-uzada... bitməsin deyə... daha uzunmüddətli təmas üçün. Bax burada hesab, heç şübhəsiz, yazıçının xeyrinədir. Və mən bir oxucu kimi İradə Tuncaydan yeni yollar gözləyirəm, yeni gedişlər, yeni romanlar. Və bir şey də keçir ağlımdan. Dostumuz Rəşad Məcidin başladığı maraqlı yeni bir janr var - fb statuslarının kitab halında çapı. Nola yubiley sonrası İradə Tuncay da eyni priyoma əl ata, statuslarından ibarət bir kitab çap edə. Əminəm - onun bir çox statusları şüura təsir gücü mənasında bir romandan bəlkə də çox olar ki, az olmaz.

***

Bu dünyadakı yolun uzun, zəngin, işıqlı, fərəhli, rəvan olsun, İradə Tuncay. Günün mübarək!

 





09.11.2019    çap et  çap et