525.Az

Bakı Bələdiyyə Teatrı 27 yaşında - Fotolar - Video


 

SƏNƏT OCAĞI YENİ PREMYERAYA HAZIRLAŞIR

Bakı Bələdiyyə Teatrı 27 yaşında - <b style="color:red">Fotolar - Video </b>

Bu gün Bakı Bələdiyyə Teatrının yaranmasından 27 il ötür.

1992-ci ildə xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış teatr ötən müddət ərzində Azərbaycan və dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirib. Bu illər ərzində sənət ocağı Muxtar Avşarov, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi canlı klassiklərin yeni və doğma evinə çevrilib.

2002-ci ilin 7 noyabrında Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə 23 aktyora fəxri adlar verilib.

Teatrın yaradıcı kollektivi nəinki ölkəmizdə, eləcə də xaricdə bir sıra uğurlara imza atıb. Sənət ocağının beynəlxalq uğurları sırasında məşhur rejissor K.Zanussinin öz pyesi əsasında quruluş verdiyi “Qadın oyunları” tamaşası mühüm yer tutur.

Müxtəlif ölkələrin ən məşhur aparıcı sənət ocaqlarının səhnəsində çıxış edən teatrın kollektivi qardaş Türkiyədə də öz tamaşaçı auditoriyasını formalaşdırıb. Təsadüfi deyil ki, bir neçə il öncə Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli aktrisa Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk mükafatı, Bələdiyyə Teatrı isə 2016-cı ildəki uğurlarına görə türk dünyasının “İlin teatrı” mükafatı ilə təltif olunub.

Ötən il teatrın yaradıcısı və rəhbəri Amaliya Pənahovanın vəfatından sonra da sənət ocağı öz işini layiqincə davam etdirir. Belə ki, onlar yeni mövsümə yeni tamaşalar, səhnə əsərləriylə başlayıblar. Onlardan biri də “Nəsimi” tamaşasıdır.

Hazırda yaradıcı kollektiv sözügedən tamaşanın premyerasına hazırlaşır. Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) “Məhşər” romanının motivləri əsasında dramaturq Çingiz Ələsgərlərinin hazırladığı tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tamaşa həm teatrın yaranmasının 27-ci ilinə, həm də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi İli”nə töhfədir.

Səhnə əsərində Nəsimi obrazını Tural Əhməd, Fatmanı Əməkdar artist Hüsniyyə Mürvətova, Nəimini Əməkdar artist Aydın Əliyev canlandıracaqlar.

Tamaşa noyabrın 12-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq.

Şahanə MÜŞFİQ

 





10.11.2019    çap et  çap et