525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış davamı)(


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış<b style="color:red"> davamı)(</b>

İdris ABBASOV 

Həqiqi mənada din sosiologiyasının qurucusu qəbul edilən M.Veber “Protestant əxlaqı və kapitalizmin ruhu” başlıqlı əsərində din, cəmiyyət və iqtisadiyyat mövzularına üstünlük vermişdir. Eksperimentlərində konfusyanizm, taoizm, hinduizm, yəhudilik və xristianlığı tədqiq edən Veber islamiyyətə yetərli qədər yer verməmişdir. Onun din sosiologiyası ilə bağlı çalışmalarında başlıca məsələ dinlərin doğruluğu, yaxud yanlışlığı deyil, müxtəlif tarixi şəraitdə meydana çıxan dinlərin gündəlik həyatdakı, yəni siyasi, inzibati, iqtisadi və əxlaqi davranışlar üzərindəki təsiridir. Bununla yanaşı Veber sosial quruluşun dini həyatın formalaşmasında olduqca mühüm təsirə malik olduğunu irəli sürmüşdür. Sosial dəyişmə və tərəqqidə dinin oynadığı rol üzərində dayanan Veber kapitalizmin əmələ gəlməsində və cəmiyyətin təşkilatlanmasında protestantlığın yerinə yetirdiyi funksiyaları ortaya qoymuşdur. Onun fikrinə görə protestant əxlaqının Avropada yaratdığı yeni dəyərlər və iş əxlaqı kapital yığınını sürətləndirmiş, intizamlı iş və məslək adamını formalaşdırmışdır. E. Troelts Veberin çatışmazlığını tamamlayaraq bütün çalışmalarını xrisrtianlığın tarixi sosiologiyasına həsr etmiş, ortodoks olanlar və olmayanlar arasındakı inanc ziddiyyətlərindən kənar xristianlığın daxili fərqliliklərini pozitiv plan çərçivəsində işləmiş, özəl din sosiologiyasının bir örnəyini vermişdir. XX əsrdə din sosiologiyası sahəsində əhəmiyyətli araşdırmalar aparmış Qavriel Löbra “Tanrılar qədər onlara tapınanlara da diqqət edək” deyərək sosioloqların diqqətini inanclara və onların dini davranışlara olan təsirinə yönəltmiş, bu məqsədlə müqayisəli metoddan istifadə etmişdir. Ümumiyyətlə, Qərb sosioloqlarının dinə ilahi bir həqiqət kimi deyil, daha çox sosial bir fenomen olaraq baxdıqlarını qeyd etmək olar. Onların mülahizələrinə görə, dinin haqq, batil, yaxud təhrifə uğraması önəmli deyildir, önəmli olan dinin cəmiyyətin dinamikasındakı roludur. Din sosiologiyası ilə bağlı tədqiqatlar Belçika, Hollandiya, İtaliya, Kanada, Amerika Birləşmiş Ştatları və Yaponiyada geniş yayılmışdır. Son zamanlarda müstəqil din sosiologiyası, katoliklik və protestantlıq sosiologiyası konqresləri və simpoziumları keçirilməyə başlanmışdır.

Qərb ölkələrində yəhudilik, xristianlıq, Uzaq Şərq dinləri və ibtidai dinlər haqqında sosioloji çalışmaların olmasına baxmayaraq, yaxın zamanlara qədər islamiyyəti araşdırma mövzusu edən sosioloji tədqiqatlar yoxdur. Yalnız XX əsrin otuzuncu illərində Luis Masiqnon mövzu ilə maraqlanmağa başlamış və onu daha sonra Ruben Levi, A.R.Qibb, A.Bel, Luis Karde, Con Esposito kimi sosioloqlar onun ardıcılları olmuşdurlar. Fransada fərqli bir metodla müsəlman cəmiyyətlərin problemlərini tədqiq edən Jak Berqenin “Məğrib sosiologiyasının yüz iyirmi beş ili” (1957), “Müasir İslamda normalar və dəyərlər” (1966), “Məğrib - tarix və cəmiyyət” (1974) adlı əsərləri islam sosiologiyasının təşəkkül tapmasında mühüm rol oynamışdır.

Müsəlman sosioloqlar da həm metod, həm də mahiyyət etibarilə islam sosiologiyası sahəsində mühüm araşdırmalara girişmişdilər. Misirli Əli Əbdülvahid Vafi sosiologiyanı yerli mədəniyyəti qorumaqda bir vasitə şəklində dəyərləndirmiş və bununla bağlı bir sıra önəmli əsərlər yazmışdır. İbn Xəldunun “Müqəddimə”sini də nəşr edən Vafi müasir sosiologiyanı islam mədəniyyəti daxilində uyğun bir zəminə yerləşdirməyə səy etmişdir. Vafinin çalışmaları Misirdə islam sosiologiyasına dair silsilə əsərlərin yazılmasına öncüllük etmişdir. Tədqiqatçı Mahmud İsmayıl “İslam düşüncəsində sosiologiya” (I-IV, Kasablanka,1980) adlı əsərində Qərbin sosioloji yanaşma və nəzəriyyələrinin müsəlman cəmiyyətindəki hadisələri izah etməkdə aciz olduğunu söyləyərək əsərində islam cəmiyyətlərindəki sosioloji düşüncəni araşdırmışdır.

Elmu-l-kəlam

İslam dininin əsas prinsiplərindən bəhs edən bir elm kimi kəlam “bir fikri tam şəkildə izah edən söz” deməkdir. İfadə formalarına görə kəlam “ləfz”, “qövl”, “xətt”, “kitabət”, “rəmz” və ya “rəsm” adlanır. Bu termin Allahın sübuti və kamal sifətlərindən olub Allahın zatı ilə qaimdir. Allah səslərə, söz və cümlələrə ehtiyac duymadan xitab edər. Belə ki, O, həm peyğəmbərlərinə kitab nazil etmiş, həm də bəzi peyğəmbərlərlə danışmışdır: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı” (əl-Əraf, 7/143). Quran Allah kəlamıdır və məxluq deyildir. Kəlam nəfsi və ləfzi olmaqla ikiyə bölünür: Nəfsi kəlam Allahın Zatı ilə sabit olan, mahiyyətini dərk edə bilmədiyimiz əzəli bir sifətdir. Ləfzi kəlam isə nəfsi kəlama dəlalət edən səs və hərflərdən ibarət Quranın ləfzidir. Ləfzi kəlam əzəli olmayıb, sonra yaranandır (hadisdir). Kəlama müxtəlif təriflər verilmişdir. Mövzusuna görə verilən təriflərin bir qismi Allahı və nübüvvəti, bir qismi də axirəti əhatə etmiş9, digər qismi isə imanın üç təməl əsasını da diqqətdə saxlamışdır. Buna görə kəlam Allahın zatından və sifətlərindən, nübüvvət mövzularından, başlanğıc və son etibarilə kainatın vəziyyətlərindən bəhs edən bir elmdir. Kəlama verilən təriflər içərisində Əbu Nəsr əl-Fərabi və Adududdin əl-İcinin tərifləri qəbul olunmuşdur. Fərabinin tərifi belədir: “Kəlam sənəti din qurucusunun açıqca bildirdiyi müəyyən düşüncə və davranışları dəstəkləyib bunlara zidd olan hər şeyin yanlışlığını sözlə göstərmə gücü və mübahisə qabiliyyətidir”. Fərabi bu tərifində kəlam sahəsinə sadəcə inancları deyil, davranışlarla bağlı təməl dini prinsipləri də daxil etmiş və kəlamın ümumi çərçivədə dini qorumaq məqsədi güdən bir elm sahəsi olduğunu vurğulamışdır. Adududdin əl-İcinin tərifi də bir növ Fərabinin tərifi ilə paralellik təşkil edir: “Kəlam qəti dəlillər gətirməklə qarşı fikirləri puça çıxarmaq tərzində dini inancları əsaslandıran bir elmdir”. İstər mövzusu, istərsə də məqsədi önə çıxarılaraq verilən təriflərdə kəlam müəyyən bir məktəbi deyil, bütün kəlam məktəblərini əhatə edən bir elm sahəsi olaraq qəbul edildiyi halda, Qəzali kəlamı əhli-sünnə inancını qoruyan və əhli-bidətin tənqidi qarşısında onu müdafiə edən bir elm kimi qəbul etmiş13, əhli-sünnənin dinin təməl əsasları ilə ağlın prinsiplərini uzlaşdırmağa nail olduğunu söyləmiş, haşviyyə və ifrat mötəzilə kimi iki ifrat nöqtədə olan firqələrin bu funksiyanı icra edən metodlardan məhrum olduğunu irəli sürmüşdür. İbn Xəldun da kəlamı “inanc əsaslarını əqli dəlillərlə müzakirə edən və əqaid sahəsində sələf və əhli-sünnə yolundan üz çevirən bidətçiləri rədd etməyə dair bilgiləri ehtiva edən elm” - deyə tərif etmişdir. Təbii ki, Qəzalinin və İbn Xəldunun bu fikirləri ilə razılaşmaq olmaz. Amma son dövr kəlamçıları bu yanaşmanın tutarlı olmadığını, sünni metoda bağlı olub-olmamasından asılı olmayaraq dinin birbaşa etiqadi, dolayısilə də əməli hökmlərini əqli dəlillərlə əsaslandırmağa yönəlik bütün fəaliyyətlərin kəlamın əhatəsinə daxil edilməsinin zəruriliyini söyləmişdirlər. Əsasən İslamın ana prinsiplərini uğurla müdafiə edən mötəzilə və şiə kəlamçıları tərəfindən kəlama dair bir sıra əsərlər qələmə alınmışdır.  Qeyd etmək lazımdır ki, fiqh və əxlaq kimi islami elmlərlə yanaşı bir çox sosial elmin funksiyasını kəlama yükləmək anlamına gələn  yanaşmaları doğru hesab etmək o qədər də mümkün görünmür.

Kəlam bütövlükdə İslam dininə qarşı yönələn tənqidlərə cavab verməyə çalışan bir elm sahəsi olduğuna görə, təkcə inanc əsaslarını hədəf almamış, qlobal səviyyədə bir dünyəviləşmənin təsiri ilə İslamiyyətin davranışlarla bağlı prinsiplərini müdafiəyə qalxmışdır. Buna görə kəlam “İslam dininin inanc və davranışlara dair prinsiplərini naslardan (ehkamlardan) çıxış etməklə müəyyənləşdirən və əqli metodlarla əsaslandırıb dəstəkləyən bir elm” - deyə tərif edilə bilər. Fərabi və Əbu Həyyan ət-Tövhidi kimi mütəfəkkirlərin oxşar şəkildə verdikləri bu tərifin zamanımızda da keçərliliyini qoruduğu görünür. Kəlam hər nə qədər inkarçılar tərəfindən irəli sürülən fikirləri rədd edib İslam dinini müdafiə edən bir elm sahəsidirsə də, onun funksiyası yalnız müdafiə etmək deyil, bununla yanaşı islami prinsiplərin doğruluğunu həm əqli metodlara istinad edərək, həm də əlaqəli olduğu nöqtələrdə sosial və təbiət elmlərinin faktlarından faydalanaraq əsaslandırmaqdır. Bu elmə kəlam adı ilə yanaşı “tövhid, üsuli-d-din, əl-fiqhu-l-əkbər, əqaid, nəzər və istidlal elmi” kimi müxtəlif adlar verilsə də, kəlam adı daha geniş yayılmışdır.

İslam düşüncəsinin inkişafı ilə paralellik təşkil edən dəyişikliklərin ilk dövründə kəlamın mövzusunu Allahın birliyi, sifətlərinin üstünlüyü, qidəmi, yaxud hüdusu, təkfir və qədər məsələləri təşkil edirdi. Peyğəmbərlik, axirətə iman, imamət mövzuları ikinci sırada yer tuturdu. Şiə kəlamında isə imamət dinin əsl hökmləri qəbul edilmiş və digər xüsuslar onunla əlaqələndirilmişdir. Qəti ehkamlarla sabit olan inanc əsasları hər dövrdə kəlamın dəyişməyən mövzularıdır (məsail). Bunların açıqlanması və əsaslandırılması ətrafında baş vurulan sosial, humanitar və pozitiv elmlərdən əldə edilən yardımçı bilgilər isə (vəsail) bu elmlərin inkişafına paralel olaraq dəyişir.

(Ardı var)

 





01.11.2013    çap et  çap et