525.Az

AzTU-da Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir


 

AzTU-da Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir <b style="color:red"></b>

Noyabrın 8-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Bayrağı və Konstitusiya günləri münasibəti ilə təntənəli bayram mərasimi keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev deyib ki, üçrəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilərək milli hökumətin yerləşdiyi binanın üzərində ucaldılıb: "Cümhuriyyətimizin süqutundan 70 il keçdikdən sonra Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də milli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisi üzərində qaldırılıb. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən, Dövlət bayrağını bərpa edib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub."

Çıxışında müqəddəs bayrağımızın hərb meydanında ucaldılmasından danışan rektor AzTU-nun 50 qəhrəman tələbəsinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb.

Daha sonra çıxış edənlər - "İctimai fənlər" kafedrasının professoru Əyyub Kərimov və Tələbə Gənclər Təşkilatının (TGT) sədri Zərifə Əlizadə Dövlət Bayrağı və Azərbaycan Konstitusiyası günlərinin önəmindən, müstəqil dövlətimizin 1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas Qanununun Azərbaycan vətəndaşlarına açdığı imkanlardan danışıblar.

Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbirdə AzTU Televiziya Studiyasının tələbələrin iştirakı ilə 9 noyabr - "Bayraq Günü" münasibətilə hazırladığı “flashmob”un vidoeçarxı nümayiş etdirilib.

S.QARAYEVA

 





11.11.2019    çap et  çap et