525.Az

Ermənistanın silah narahatlığı


 

RUSİYALI EKSPERTLƏR HESAB EDİRLƏR Kİ, İŞĞALÇI ÖLKƏ KTMT-dəki TƏRƏFDAŞLARINDAN MƏQBUL CAVAB ALA BİLMƏYƏCƏK

Ermənistanın silah narahatlığı<b style="color:red"></b>

Bir neçə gün əvvəl Ermənistanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının iclasında erməni rəsmilər yenidən qurum üzvlərinin Azərbaycana silah satmalarından açıq narahatlıqlarını bildiriblər. Söhbət əlbəttə ki, Rusiya və Belarusdan gedir. Əsasən də Rusiyadan. Azərbaycan daha çox silahı Rusiyadan tədarük edir, bu da İrəvanda ciddi etirazlar yaradır.

Mövzu ilə bağlı danışan rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, Ermənistan tərəfindən Rusiyanın Azərbaycana silah satmasına görə etirazlar hər zaman olur. Amma bunun praktik baxımdan heç bir təsiri yoxdur. Onun sözlərinə görə, həm Rusiya, həm də Belarus Azərbaycana müasir silahlar satıb və satmaqda davam edəcək: "Vəziyyət dəyişməyəcək. Üstəlik, Prezidentlər Vladimir Putin və İlham Əliyev arasındakı son görüşlərdə təsdiqləndi ki, Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində ən vacib tərəfdaşlarından biridir və Rusiya silahlarının davamlı tədarükünə arxalana bilər. Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar isə bunu heç bir şəkildə dəyişdirə bilməz. Rusiya hər dəfə bildirir ki, Azərbaycana müasir silah tədarükü hər hansı üçüncü ölkəyə qarşı deyil, Azərbaycanın suverenliyini və milli təhlükəsizliyini möhkəmləndirməyə yönəlib.

Ermənistan hesab edir ki, onun hüquqları pozulur, amma istədiyini düşünə bilər. İrəvanın narazı olması faktı başadüşüləndir, çünki Azərbaycan Silahlı Qüvvələri daha müasir, güclü və keyfiyyətli olur. Rusiya silahları Azərbaycan Ordusunun imkanlarını xeyli artırır. İnanıram ki, Bakının müasir yüksək dəqiqlikli Rusiya silahlarına olan istənilən tələbi, marağı ən qısa zamanda nəzərə alınacaq və təmin ediləcək".

Ekspert deyib ki, Ermənistanın da Rusiya silahlarını aldığını unutmaq olmaz: "Əlbəttə, Moskvanın mövqeyi budur ki, bölgədə tarazlıq qorunmalıdır, Azərbaycan artıq bizdən 5 milyard dollardan çox dəyərində silah alıb, real pul ödəyib. Ermənistan isə güzəştli qiymətlərlə və kreditlə silah alır və daha kiçik həcmdə".

Ermənistanın müdafiə nazirinin 2020-ci ildə yeni silah alacaqlarına dair açıqlamasına toxunan ekspert deyib ki, İrəvan dörd ölkədən silah aldığını bəyan edib: "Düzünü desəm, Rusiyadan başqa hansı ölkələrdən söhbət getdiyini bilmirəm. Ermənistan Rusiya silahlarını kreditlə alır. Digər üç ölkəyə gəldikdə isə, onların Ermənistana qiymət baxımından hər hansı bir üstünlük verəcəkləri barədə sual yaranır, çünki müasir silahlar bahadır və bunu hamı başa düşür. Rusiyanın Ermənistana tədarükü kredit sxemi əsasında aparıldığından, bu, İrəvanın müasir silahların geniş miqyasda almasına müəyyən bir maneədir, çünki kredit kreditdir, kifayət qədər məhdud alış-verişi təmin edir, onu keçmək olmur. Bundan əlavə, kredit ödənilməlidir. Üstəlik, Ermənistanın milli ÜDM baxımından müəyyən iqtisadi məhdudiyyətləri var".

Digər rusiyalı hərbi ekspert Pavel Felqenhauer isə vurğulayıb ki, Ermənistan Azərbaycana silah satmamaqla bağlı KTMT-dəki tərəfdaşlarından məqbul cavab ala bilməyəcək. Rusiya Bakıya silah tədarükünü davam etdirəcək. Çünki başa düşür ki, Azərbaycanın təkcə ondan deyil, istənilən ölkədən istənilən silahı almaq imkanı var. "Ermənistanın Rusiyanın strateji müttəfiqi olmasına gəlincə, nə olsun ki? Azərbaycan Rusiya üçün də vacibdir. Həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün strateji əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, hətta Ermənistan hansısa bir iddia irəli sürsə belə, heç bir halda Azərbaycanla mübahisə etmək və onu digər ölkələrdən silah almağa sövq etmək olmaz. Azərbaycan KTMT ölkələri üçün həm iqtisadi, həm də strateji cəhətdən olduqca vacib tərəfdaşdır", - hərbi ekspert vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Rusiya, İsrail, Pakistan və Türkiyədən silah alan bölgədəki ən böyük silah idxalçısıdır: "Düşünürəm ki, amerikalılar da məhsullarını Azərbaycana satmağa hazır olardılar. Əlbəttə ki, Amerikadakı erməni lobbisi çox güclüdür. Ancaq siyasi baxımdan ABŞ-dan heç bir etiraz olmayacaq.

Digər tərəfdən, Ermənistan Rusiya krediti ilə silah alır və sonra bunu necəsə ödəyir. Azərbaycan isə ödəməyə hazırdır. Təbii ki, ölkələrə iqtisadi nöqteyi-nəzərdən Azərbaycana silah satmaq faydalıdır və Rusiya da Qafqazda çox vacib geostrateji maraqlara malikdir. Bundan da görünür ki, Ermənistan müttəfiqdir, amma Azərbaycan da heç də az əhəmiyyətli deyil və balans qorunmalıdır. Beləliklə, KTMT tərəfdaşları əlbəttə ki, Ermənistanı dinləyəcəklər, amma heç bir praktik nəticələr olmayacaq, çünki bu, sadəcə heç kimə - nə Rusiyaya, nə də Belarusa faydalıdır. Axı, pul qoxu vermir, üstəlik, strateji bir marağınız varsa".

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səfərindən sonra Gümrüdəki 102-ci hərbi bazanın gücünün ikiqat artırılacağına gəlincə, ekspert deyib ki, bu, birmənalı olaraq Azərbaycana qarşı deyil, Rusiya buna ehtiyac duymur və Qafqazda tarazlığı qorumaq baxımından məntiqsiz olardı. "Gümrüdəki hərbi bazada bir çox ermənilər xidmət etsələr də, rəhbərlik hamısı ruslardan ibarətdir. Bundan əlavə, əgər narahatlıq Qarabağ məsələsinə görədirsə, birmənalı olaraq deyəcəyəm, Qarabağ ümumiyyətlə bu səlahiyyət sahəsinə daxil deyil. Əksinə, Ermənistandakı Rusiya bazası Qərbə qarşıdır. Əslində, Rusiya sadəcə yeni modellərlə silahlanmanı həyata keçirir. Yəni kəmiyyət deyil, keyfiyyətcə yenidən silahlanma var. Bu, Rusiya Silahlı Qüvvələrinin harada olmalarından asılı olmayaraq, yenidən silahlanmasına dair ümumi strategiyadır. Söhbət güc yaratmaqdan deyil, keyfiyyətcə yaxşılaşdırmaqdan gedir".

PƏRVANƏ

 





11.11.2019    çap et  çap et