525.Az

Quba soyqırımı haqqında yeni kitab


 

Quba soyqırımı haqqında yeni kitab<b style="color:red"></b>

Bugünlərdə "Azərbaycan" nəşriyyatı yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun "Qanlı dərə. 1918-ci il Quba faciəsi" kitabının əlavələr olunmuş və tamamlanmış ikinci nəşrini çapdan şıxarıb.

Erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba qəzasında  törətdikləri  qırğınlarla  əlaqədar  olaraq 40 ildən çox axtarəşlar aparmış müəllifin bu kitabı Azərbaycan, Türkiyə, Dağıstan və Rusiya arxivlərinin sənədləri, həmin dövrün  mətbuat orqanlarının materialları, işğalçılarla döyüşmüş insanların, qanlı hadisələrin şahidi olmuş adamların xatirələri əsasında qələmə alınıb.

Quba soyqırımının ilk tədqiqatçısı olan Müzəffər Məlikməmmədovun 2009-cu ildə işıq üzü görmüş "Qanlı dərə. 1918-ci il Quba faciəsi"  kitabının birinci nəşri nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş əks-səda doğurub. 2015-ci ilin mart ayında İsveçrənin Azərbaycanlılar Konqresinin 1918-ci ilin soyqırımı ilə bağlı bu ölkənin siyası partiyalarının  liderləri və İsveçrə parlamentinin üzvləri ilə birgə keçirdiyi tədbirdə digər sənədlər, kitablarla yanaşı   "Qanlı dərə. 1918-ci il Quba faciəsi"  kitabı da erməni daşnaklarının törətdikləri vəhşilikləri tutarlı faktlarla sübuta yetirən mənbə kimi təqdim olunub.

Ölkənin ayrı-ayrı rayonlarından, xüsusən də şimal bölgəsinin rayonlarından 2 mindən çox oxucunun müraciətindən sonra müəllif kitabın əvəllər oxunmuş və tamamlanmış ikinci nəşrini çapa hazırlamağı qərara alıb, axtarışları davam etdirib.

Quba soyqırıımı tarixə ən dəhşətli qırğınlardan biri kimi düşüb. 1918-ci ildə işğalçı erməni bolşevik qoşunları Quba qəzasında 167 kəndi dağıtmış, bunlardan 27-sini əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişdir. Təəpədən dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən ləzgilər azərbaycanlılarla və başqa millətlərin nümayəndələri ilə birlikdə işğalçıların 5 bindən çox əsgərini tələf etmişdir. Ona görə də Ulu öndər Heydər Əliyev 1998-ci ilin oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşü zamanı demişdir: "Qanlı dərə"də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər".

Uzun illər apardığı tədqiqatlar müəllifə Quba qəzasının 1918-ci ildə erməni daşnaklarına və 1920-1928-ci illərdə bolşevik işğalçılarına qarşı döyüşlərdə fərqlənən yüzlərlə qəhrəman övladının siyahısını tərtib etməyə imkan verib.

Kitabın "Quba qəzasının şəhər və kəndlərinə vurulmuş ziyan sənədlərdə" adlı yeni bölməsində talanlara, qırğınlara məruz qalmış şəhər və kəndlərin minlərlə sakininin siyahısı verilib. Siyahılarda o vaxt konkret insanlara vurulmuş ziyan, həmçinin, şəhər və ayrı-ayrı kəndlər üzrə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların adları, soyadları göstərilib. Eyni zamanda, qırğın və talanlara məruz qalmiş azərbaycanlıların yaşadıqları kəndlərin, ləzgi, tat, qırğız kəndlərinin tam siyahısı dərc olunub. Yeni nəşrdə ilk dəfə olaraq, Quba qəzasında baş vermiş döyüşlər rəngli sxemlərlə oxuculara təqdim olunub.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun çəkdiyi həmin sxemlər o vaxt işğalçılara qarşı döyüşlərin necə aparıldığı və qələbənin necə qazanıldığı barədə aydın təsəvvür yaradır.

Kütləvi tirajla, nəfis tərtibatda çap olunmuş iri həcmli kitabın redaktoru tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova, hərbi məsləhətçisi ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, sponsoru neçə-neçə qələm sahibinin kitablarının çapına yardım etmiş iş adamı Sabir Fərzəliyevdir.

1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin Quba qəzasında törətdikləri soyqırımının 100 illiyi ilə əlaqədar qələmə alınmış yeni kitab həmin dövrdə işğalçılara güclü müqavimət göstərmiş, qeyri-bərabər, amansız döyüşlərdə həlak olmuş Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarının qəhrəman övladlarının xatirəsinə ithaf olunub.

S.QARAYEVA

 





11.11.2019    çap et  çap et