525.Az

Natella Asena: “Zəfər qalası” qəzeti hər zaman vətənin müdafiəsinə hazır olan bir əsgərdir” (Müsahibə)


 

Natella Asena: “Zəfər qalası” qəzeti hər zaman vətənin müdafiəsinə hazır olan bir əsgərdir” <b style="color:red">(Müsahibə)</b>

Bu günlərdə “Zəfər qalası” qəzetinin 10 yaşı tamam olur. Bu münasibətlə qəzetin təsisçisi və baş redaktoru  Natella Asena  ilə görüşüb söhbətləşdik.

- “Zəfər qalası” qəzeti hansı zərurətdən yarandı?

- “Zəfər qalası” qəzeti 10 il əvvəl təsis olunub. Qəzeti müdafiə nazirinin mətbuat xidmətinin keçmiş rəisi, polkovnik Ramiz Məlikovun xeyir-duası ilə açmışıq. “Zəfər qalası” hərbi-vətənpərvərlik qəzetidır, səngərdə düşmənlə üzbəüz təmas xəttində bayrağımızın keşiyini çəkən, hər an ayıq-sayıq  dayanan bir nəşrdir. Bu qəzet paytaxtda isti kazarmalarda xidmət edən əsgər taleyi yaşamır. Bu qəzet səngərdə keşik çəkən, düşmənlə üz-üzə dayanan igid övladlarımızın qəzetidir. Fəxr eləyirəm ki, bəzi hərbi-vətənpərvərlik qəzetində çalışanlardan fərqli olaraq mən əsgər anasıyam. Qürur hissi keçirirəm ki, general-polkovnik Səfər Əbiyev qəzetimizin bir illiyində “Hərbi-vətənvərvərlik və əsgər mənəviyyatı” nominasiyasının birinci mükafatını mənə təqdim edib. Müdafiə nazirindən belə mükafat almaq mənim üçün böyük şərəfdir.

- Natella xanım, niyə məhz “Zəfər qalası” adını seçdiniz?

- Qəzetimiz, adından da göründüyü kimi, ədəbi-publisistik, hərbi-vətənpərvərlik hissləri ilə dolu bir məcmuədir. Zəfər  - qələbə, qala isə müdafiə mənalarını ifadə edir. “Zəfər qalası” hər zaman vətənin müdafiəsinə hazır olan əsgər kimidir. Mən öz Vətənimi - doğma Azərbaycanımı hədsiz məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Hər bir qəzet baş redaktorunu güzgüsüdür - onun daxili  və mənəvi aləmi qəzetlə tən gəlməlidir. Hər kəs qələmini doğru yolda sınamalıdır. Çünki Azərbaycan hələ də müharibə şəraitindədir. Ali Baş Komandanımızın kəlamı ilə ifadə etsək, Azərbaycanda hələ müharibə bitməyib. Bu gün Azərbaycanda və dünyada ideoloji müharibə şəraiti davam edir. Mənim fikrimcə, hər bir qəzet elə yazılar yazmalıdır ki, 50 il sonra gələcək nəsillər olub keçənləri qəzetlərin arxivlərindən öyrənə bilsinlər. Əsgər həyatından yazmaq üçün əsgər valideyni olmaq lazımdır. “Zəfər qalası” qəzeti nəşrə başladığı ildən hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi naminə əlindən gələni əsirgəməyib.

- Natella xanım, bu gün Azərbaycanda hərbi-vətənpərvərlik təmayyüllü başqa nəşrlər də var -  “Azərbaycan ordusu”, “Hərbi and “ və başqa nəşrlər. “Zəfər qalası” qəzeti bu nəşrlərdən hansı məziyyətləri ilə fərqlənir?

- “Azərbaycan ordusu” polkovnik Ramiz Məlikovun yaratdığı qəzetdir. Bu qəzetin kollektivi ilə çox isti münasibətlərimiz var, bu qəzetin əməkdaşları bizi çox istəyirlər. Polkovnik Ramiz Məlikovun yubileyində çıxış edən şair Söhrab Tahir dedi ki, çox təəssüflər olsun ki, Azərbaycanda snayperçi şair yoxdur. Bir snayperçi şair varsa, o da Ramiz Duyğundur.  Onda “Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli ayağa qalxıb dedi ki, snayperçi qadın jurnalist var və onun adı Natella Asenadır. Elə bildim ki, həmin an Emin Həsənli sinəmə medal taxdı. Həm “Azərbaycan Ordusu”na, həm də “Hərbi and”a, onların kollektivinə öz təşəkkürümü bildirirəm.

- Gələcəyə yönəlik planlarınız nədən ibarətdir? Ümumiyyətlə, “Zəfər qalası”nın sabahını necə görürsüz?

- Nə qədər ki, şüurum bədənimə “Qalx!” komandası verir, o vaxta qədər  bu vətənin əsgəriyəm. Mənə bu vətənin qulluğunda dayanmaq şərəfdir. Mən vətənimi çox sevirəm. Çox xoşdur ki, bu torpaqda yaşayıram və yaradıram. Qəzet hər zaman çıxıb, çıxır və çıxacaq. “Zəfər qalası” qəzetinin pis günlərində hər zaman yanımda olan dostlarıma öz təşəkkürümü bildirirəm. Professor Həsən Şirəliyevə, Müdafiə Nazirliyinin hərbi hospitalının keçmiş rəisi Etibar Qasımova, BDU-nun müəllimi Nəsir Əhmədliyə daim minnətdaram, mən bu adamları özümün mənəvi müəllimləri  sayıram.

Vəfa MƏMMƏDLİ

 





01.11.2013    çap et  çap et