525.Az

Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərəcək


 

Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərəcək<b style="color:red"></b>  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 1-də bu ilin avqust ayında təmas xəttində əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyanla görüşünün detalları məlum olub.
 
QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, görüş zamanı Şeyxülislam hərbi əsir A. İnciqulyana bildirib ki, erməni katolikosu II Qaregin ondan əsiri öz ölkəsinə qaytarmağı xahiş edib.
 
Şeyx bu xahişi əməl etməyə hazır olduğunu bildirərək əsirə öz ölkəsinə qayıtmağı təklif edib. Lakin A. İnciqulyan Ermənistana qayıtmaqdan imtina etdiyini deyib. O, Ermənistan Ordusunda işgəncələrə məruz qaldığını, dözülməz vəziyyətlə üzləşdiyini bildirib, ümumiyyətlə Qarabağda döyüşmək istəmədiyini vurğulayıb. Əsir Azərbaycanda ona çox yaxşı qayğı göstərildiyini, yüksək şərait yaradıldığını qeyd edib.
 
Hərbi əsir görüş üçün təşəkkürünü bildirərək Şeyxülislamdan, onunla görüşə gələn digər dini liderlər - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Feketedən üçüncü ölkəyə getməyə köməklik göstərmələrini xahiş edib.
 
R. Dadaşova Şeyxülislamın görüş barədə II Qareginə cavab məktubu göndərəcəyini də bildirib.
 
Qeyd edək ki, dini liderlərin imzaladıqları 2010-cu il bəyannaməsinə görə, Azərbaycan və Ermənistanın dini liderləri hərbi əsirlərlə bağlı problemlərin həllində qarşılıqlı yardım göstərmək barədə öhdəlik götürüblər.
 
Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
 
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi Şahin Sayılov bir qədər əvvəl APA-ya açıqlamasında A. Akop İnciqulyanın üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə müraciət etdiyini bildirib.
 





02.11.2013    çap et  çap et