525.Az

Tərtər istiqamətində monitorinq keçirən ATƏT nümayəndələri RİH başçısı ilə görüşüblər


 

Tərtər istiqamətində monitorinq keçirən ATƏT nümayəndələri RİH başçısı ilə görüşüblər<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.

APA-nın Qarabağ müxbirinin verdiyi xəbərə görə, monitorinq keçirmək üçün cəbhə bölgəsinə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
 
M. Məmmədov APA-ya deyib ki, görüş zamanı ərazidə keçirilmiş sonuncu monitorinqdən sonra ermənilərin atəşkəs rejimini mütəmadi pozduğu ATƏT nümayəndələrinin diqqətinə  çatdırılıb.

İcra başçısı onu da bildirib ki, görüşdə ermənilərin aparılan danışıqlara əhəmiyyət verməməsi və mütəmadi olaraq cəbhə xəttində gərginlik yaratması müzakirə olunub: “Son 6 ayda cəbhəyanı yaşayış məntəqələrində yerli sakinlərin məhsullarını becərməsi və yığımına təsadüf edilib. Bu müddətdə ermənilər həm yerli sakinləri hədəfə alıb, həm də Sərsəng su anbarının qarşısını kəsərək əkin sahələrinin suvarılmasına çətinlik yaradıb. Bunları da ATƏT nümayəndələrinin diqqətinə çatdırdım”.

ATƏT nümayəndələri qoşunların qarşıdurma xəttində monitorinq keçirmək üçün cəbhənin Borsunlu kəndi istiqamətinə yollanıblar.
 
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirirlər.

 





13.11.2019    çap et  çap et