525.Az

Mən kiməm, sən kimsən?


 

Mən kiməm, sən kimsən?<b style="color:red"></b>

Bir adam çəliyini hərləyə-hərləyə küçə ilə gedirdi. Özünü elə çəkib qurutmuşdu ki... Hamı təəccüblə ona baxırdı, o isə sanki heç kəsi görmürdü, etinasız, saymazyana addımlayırdı. Yoldan keçənlərin baxışlarında sual donmuşdu: “Görəsən, bu adam kimdi belə? Nə sənətin sahibidir? Nə üçün belə hərəkət edir?”

Məni də maraq götürdü, düşdüm onun arxasınca. Çəlikli adam bazara girdi. Mən də arxasınca. Maşallah, o saat da diqqəti özünə cəlb elədi. Asta-asta, təkəş-təkəş, çəliyini oynada-oynada bazarı dolaşmaqdaydı (məsəldi, deyərlər, su sənəyi suda sınar). Birdən çəliyi cavan bir oğlanın burnuna dəydi. Onlar göz-gözə gəldilər. Cavan oğlan çəlikli adamın indicə ondan üzr istəyəcəyini  gözləyirdi. Lakin o, heç nə olmamış kimi, təkəbbürlü baxışlarla oğlanı süzdü. Oğlan çəlikli adama:

– Bağışlayın, – dedi, – burnum çəliyinizə dəydi.

Kişi heç qımıldanmadı da.

Bu savaşın necə bitdiyinin təfərrüatına getməyə lüzum görmürəm. Demək istədiyim odur ki, çağdaş dünyamızda “mən” və “sən” elə üz-üzə dayanıb ki, bunlardan söz açmağa dəyər.

Yəqin ki, “mən kim, sən kim” sualı insan insanlığını dərk etdiyi günün elə ilk səhəri ortaya çıxıb. Məncə, insanlıq məhz bu  “kiməm – kimsə”nin içindən keçərək dəyərlənir, zinətlənir və bəşəri məna kəsb edir.

Mən kiməm?.. Qaranlıq gecədə, günün günorta çağında da insan olan kəs bu sualla baş-başa qalmağa borcludur. Mətbuat səhifələrində, mavi ekranda, meydanda, mitinqdə boynuna almadığını gərək öz içində etiraf edəsən. Özündə yəqinlik hasil edəsən ki, mən buyam – mərdəm, namərdəm, xeyirxaham, zülmkaram, təmizəm, natəmizəm, rüşvətxoram...

Və bundan sonra hər kəs öz “mən”indən, öz fərdi dünyasından çıxış etməlidir və öz yerini – mövqeyini düzgün seçməlidir.

“Mən kiməm – sən kimsən?” sualı insanın bir şəxsiyyət kimi ailədə, cəmiyyətdə yerini müəyyənləşdirən meyardır. Dahilər də bu sualları özlərinə bu və ya başqa şəkildə müqabil tərəfə veriblər. Və o da gün kimi aydındır ki, “mən”likləri ilə öyünmədikləri kimi “sən kimsən”i də təhqir səviyyəsinə endirməyiblər, sözü öz ucalığında, xalq və cəmiyyət qarşısında cavabdehlik məqamında saxlayıblar.

Şəxsiyyətin – padşahın, xanın, vəzirin, sərkərdənin, alimin, şairin, filosofun RUHUNU qarşımızda əyləşdirib onlardan keçmişin haqq-hesabını çəkirik. Çünki hər hansı bir tarixi şəxsiyyətin, əsrindən, dövründən asılı olmayaraq, tarixi səhvinin zillətini yüz il, min il sonra onun xələfləri çəkəsi olur. Buna görə də hər kəs öz sağlığında “mən kiməm – sən kimsən?” sualı qarşısında cavabdeh olmalıdır. Xalq da öz taleyini tapşırdığı adamlardan həmişə məsuliyyətli olmağı tələb edir. Elə ki, xalq bu tələblərə etinasız münasibət gördü, öz hiss və arzularını açıq-aşkar deyə bilməsə də, əfsanələr, rəvayətlər, lətifələr vasitəsilə bəyan edir. Bax, belə:

Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə mətin olsa,
Getməz heç ordu bada. 

Deməli, sərkərdə mətin olmasa, kimliyini, gücünü, qüvvətini dərk etməsə, böyük bir ordunu fələyin badına verəcəkdir. Tərpənib hərəkətə keçməsə, xalqına fəlakət qisməti gətirəcəkdir.

Buna görə də hər kəs, xüsusilə də başqalarının da taleyinə cavabdeh olan şəxs yaşadığı ömür-gün çevrəsində “Sən kimsən?” sorğusundan çox “Mən kiməm?” sualı ilə baş-başa qalmalıdır və qalarsa, fəzilət sahibi ola bilər. İnsanlığın fövqünə yüksələ bilər, istedadını, qadirliyini dərk edər, ailədə, həyatda, cəmiyyətdə yerini tez tapar. O zaman yuxarı başdan aşağı başa sürüşdürülməz, əksinə, aşağı başdan yuxarı başa çağırılar.

Tarixə müraciət edək. Əgər yağ satan Abdullanın oğlu Babək “Mən kiməm?” sualı ilə təkbətək qalmasaydı, özündə şücaət və qəhrəmanlıq nişanəsi axtarıb tapa bilməzdi. O zaman 22 il ərəblərə qarşı azadlıq mübarizəsi aparan Azərbaycan xalqının sərkərdəsi olmazdı və bu gün Babək adı ilə bu qədər fəxr etməz, öyünməzdik.

Xalqın həyatında mənfi, ya müsbət rol oynamış heç bir tarixi hadisə, gün, an belə unudulmur. İllər keçir, ətəklənir və kül altındakı köz kimi təzədən közərib işarır: ya bizi alovlanacağı ilə ümidləndirir, ya da sönüb kül olacağı ilə inamsızlaşdırır.

Şirvanşah I İbrahimin hakimiyyətdə olduğu 35 illik bir dövrdən xalqımızın yaddaşında onun yurdumuzun üstünə yeriyən Teymurlənglə görüşünün bir günü, bir anı əbədiləşibdir. Rəvayət edirlər ki, Şirvanşah I İbrahim xalqı qırğına verməmək üçün bahalı hədiyyələr və səkkiz qulla Teymurləngin görüşünə gedir. Şərq adətincə hər bir hədiyyədən 9 ədəd olmalıymış. Teymurləng qulları doqquz  yox, səkkiz görəndə qaşlarını çatır.

– Bəs doqquzuncu qul hanı? – soruşur.

Şirvanşah cavab verir:

– Hökmdar, doqquzuncu qul qarşınızdadır.

Teymurləng bu cavabdan xoşlanır və Şirvanın üstünə qoşun yeritmir. Doğrudur, I İbrahim bu ağıllı siyasəti ilə yurdunda qan tökülməsinin qarşısını alır, lakin yaddaşımızda qul psixologiyasının toxumunu da səpir. Qoç Koroğlu isə heç bir haqsızlığa dözmür, özünü “Qullar qabağında gedən tir” hesab edir və bizi hər hansı qorxudan çıxarıb özünün yeddi min yeddi yüz yetmiş yeddi dəlisinə – igid əsgərinə çevirə bilir.

Məndə sığar iki cahan,
mən bu cahana sığmazam.
Gövhəri-laməkan mənəm,
gövnü-məkana sığmazam.

– deyən Seyid İmadəddin Nəsimi əzəmətli şəxsiyyət  mücəssəməsi deyilmi?!

Məhəmməd Füzuli kimi dahi şairimiz belə “Mən kiməm?” sualından yan keçməmişdi və böyük səmimiyyətlə etiraf eləmişdi:

Mən kiməm? – Bir bikəsü-biçarəvü bixaniman,
Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman... 

“Mən” etirafdı – hər kəsin bacarmadığı səmimi, çox böyük bir etiraf. Həqiqətən, özündən qaçmaq, öz-özünə hesabat vermək vərdişinə yiyələnməmək, tutduğun əməllərin nəticəsini götür-qoy etməməkdən asan nə ola bilər?! Özündən razı, təkəbbürlü, etinasız yaşamağa nə varmış... Bu cür tərbiyə ilə yaşayanlar, ancaq və ancaq ömür sürürlər, yaşamırlar. Yaşamaq üçün YAŞATMAĞI  bacarmaq gərəkdir. Mən-mən deyib ətrafını görməmək, qarşısındakına dəyər verməmək, xalqını aşağılamaq, tarixi keçmişini topa tutmaq, şəxsiyyətlərini gözdən salmaq, gələcəyimizə güllə atmaqla xalqın yaddaşında yaşamaq olmaz.

Tarixin “Mən kiməm? Sən kimsən?” əbədi və bəşəri sualından qaçmaq mümkün deyil. Bu sualların cavabını vermək məsuliyyətindən heç kim, heç kəs – hətta ölülər belə yaxa qurtara bilməyəcəklər.

14 mart 1992-ci il

 





04.11.2013    çap et  çap et