525.Az

Deputat: “Son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”


 

Deputat: “Son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”<b style="color:red"></b>

“Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri məhz 2019-cu ilin arxada qalan dövründə qeydə alınıb”.

APA-nın xəbərinə görə, bunu deputat Hikmət Babaoğlu parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, gələn il üçün büdcə layihəsində təqdim olunan proqnozlar ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasına adekvatdır.

“2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir. Sənəddə 2020-ci il dövlət büdcəsinin gəlirləri nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulub. Başqa sözlə desək, dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olacaq. Müqayisə etsək, görərik ki, 2020-ci ilin dövlət büdcəsi cari ilin büdcəsindən 967 milyon manat və ya 4,2 faiz çoxdur. Eyni zamanda, 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz artım deməkdir”, - deyə o bildirib.

Deputat deyib ki, dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur: “Prezident İlham Əliyevin siyasi iradəsi əsasında milli iqtisadiyyatımızda ağırlıq mərkəzinin tədricən neftdənkənar sahələrə keçirilməsinə hesablanan məqsədyönlü tədbirlər görülüb. 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10,4 mlrd. manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 2605,8 mln. manat və ya 33,5 faiz çoxdur. Sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2019-cu illə müqayisədə 7,7 faiz bənd çox olmaqla 38,5% təşkil edəcək. Növbəti ilin büdcə layihəsində də sosial sfera üçün nəzərdə tutulan vəsaitin həcminin artırılmasının proqnozlaşdırılması bütövlükdə Azərbaycan dövlətinin özünün sosial siyasətinə sadiqliyini bir daha təsdiqləyir”.

 





13.11.2019    çap et  çap et