525.Az

Günün tələbi - Xəyalə Musazadənin yazısı


 

Günün tələbi - <b style="color:red">Xəyalə Musazadənin yazısı </b>

"Bir çox fərqli vəziyyətlərdə sizə kömək ola biləcək güc və ya minlərlə bağlı qapını aça biləcək bir açar olduğunu düşünün. İngilis dili sehrli açarınız ola bilər". Dil bir xalq üçün milli mənliyin, milli duyğu və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin ixtira və yaradıcılığın ortaq xəzinəsidir. Bu bir həqiqətdir ki, dil mədəniyyət, mədəniyyət isə dildir.

Bu gün sürətlə dəyişən və inkişaf edən dünyamızda başqa millətlərlə əlaqə qurmağa çalışmalıyıq. Bir sözlə, dünya ölkələri ilə mədəni, siyasi, iqtisadi əlaqələrin qurulması üçün bizlərdə yüz milyonlarla insanın istifadə etdiyi dilə müraciət etmək ehtiyacı yaranır ki, bu da ingilis dilidir. Bu yazıdan biz də dövrümüzdə ingilis dilinin əhəmiyyətindən və bu dilin bizə verdiyi üstünlüklərindən danışacağıq.

İngilis dilinin beynəlxalq arenada mövqeyi elə bir şəkildədir ki, bu dildən kənarda heç bir şey edə bilmirik. Bu, özünü istənilən baxımdan göstərir: istər rəsmi görüşlərdə, istər elmi tədbirlərdə. İnkişafın ilkin göstəricilərdən biri dildir. Müəyyən bir fikir mübadiləsi zamanı dil bilmədyimizə görə müzakirədən kənarda qala bilərik.

Dil bir vasitədir - dünyaya çıxmaq üçün, dünyada özünü tanıtmaq üçün, elmi biliklərini artırmaq üçün, bəşəri hadisələri şərh etmək üçün vasitə. Hazırda ingilis dili demək olar ki, bütün dillərdən öndədir. Bu dili bilmədən dar mühitdən və çərçivədən kənara çıxa bilmirsən.

Bu gün elm həddindən artıq sürətlə inkişaf edir. Sanki bir anlıq adama elə gəlir ki, bu inkişafla getmək, o axara düşmək mümkünsüzdür. Lakin insan şüuru, bacarığı qarşısında mümkünsüz olan heç nə yoxdur. Sadəcə, bu yola, axara düşməyin yollarını axtarıb tapmaq lazımdır. Əsas yollardan biri isə dildir. Bu günün həmin dil ingilis dilidir. İstər elmi, istər bədii ədəbiyyatla bağlı həddindən artıq yeni kitablar nəşr olunur. Həmin kitablar, əsasən, ingilis dilindədir. Bu gün istənilən bir sahə ilə bağlı yeniliyi öyrənmək, elmi ədəbiyyat əldə etmək üçün mütləq əlavə bir dil bilməyə ehtiyacın var. Əgər həmin o dil bilginiz yoxdursa, istədiyiniz son yeniliklər gəlib sizin dilinizə çatana - tərcümə olunana qədər siz geridə qalacaqsız. İngilis dili biliyinə yiyələnmək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insana bir çox fürsətlər yaradır. İngilis dili elm və texnologiya, siyasət və diplomatiya, biznes və ticarət, idman və musiqi dilidir. Dünyaya çatdırılması hədəf seçilən istənilən musiqi ingiliscə səsləndirilir və ya kitablar bu dildə çap olunur. İngilis dili universal və beynəlxalq dil olmaqla yanaşı, eyni zamanda, əsas və işgüzar dildir. Dünyanın bir çox yerində iri müəssisələr işçilərindən ingilis dilində danışmağı tələb edir. Dünya qloballaşdıqca böyük müəssisələr daha çox bu ünsiyyət vasitəsinə ehtiyac duyur.

Hazırda bir çox təhsil müəssisələri və dil kurslarında ingilis dili tədris olunur. Əlbəttə ki, bu gün kifayət qədər insan xarici dilləri bilməyə ehtiyac hiss etmədiklərini söyləyir. Digərləri isə ikinci və ya üçüncü xarici dil öyrənir, bilik və bacarıqlarını artırırlar. Dil təkcə özünü formalaşdırmaq deyil, həm də düşüncələrin formalaşdırılması vasitəsidir. Bir fikri bir neçə dildə ifadə etmək bacarığı  zehni qabiliyyətin inkişafı baxımından əla fürsətlər yaradır. Fərqli dillərdə müxtəlif qaynaqlara üz tutmağa məcbur oluruq, xarici dil öyrənərkən başqa mədəniyyətlərin nümayəndələrinin fərqli dünyagörüşünə malik olduğunu müşahidə edirik. Yeni bir dili mənimsəməklə başqa bir mədəniyyətin nümayəndələrinin nitqinə xas mənaları daha dərindən anlamaq üçün inanılmaz fürsət əldə edirik. Dünya haqqında təsəvvürlərimiz daha mürəkkəb, daha əhatəli olur, başqaları ilə müqayisədə daha sürətli düşünürük. İstənilən vəziyyəti müstəqil və etibarlı şəkildə təhlil etmək, tez bir zamanda müstəqil qərar vermək bacarığı biznesdə və həyatda uğurlu strategiyaların əsasını təşkil edir. İngilis dilini bilmək isə bu mövzuda çox geniş imkanlar yaradır. Dünyada 1 milyarddan çox insanın danışdığı bir dil sizə təsəvvür belə edə bilməyəcəyiniz sahələrdə yeni qapılar açmaq gücünə malikdir. Əgər xaricdə təhsil almaq, yeni dostlar tapmaq, sərbəst ünsiyyət qurmaq və ən əsası, bir ölkənin mədəniyyətini, ədəbiyyatını öyrənmək, eləcə də öz vətəninizi, dövlətinizi, millətinizi dünyaya tanıtmaq istəyirsinizsə, ingilis dilini öyrənməyiniz mütləq və vacibdir.

 





13.11.2019    çap et  çap et