525.Az

Afaq Şıxlı “Ömrümün beşinci fəsli”ni təqdim etdi


 

Afaq Şıxlı “Ömrümün beşinci fəsli”ni təqdim etdi<b style="color:red"></b>

Noyabrın 1-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Moskvada yaşayan şairə Afaq Şıxlının “Ömrümün beşinci fəsli” adlı şeir kitabının təqdimat mərasimi keçirildi. Bu, Afaq Şıxlının altıncı kitabıdır. Əvvəlcə, tədbirin aparıcısı, AYB-nin mətbuat xidmətinin katibi Xəyal Rza şairənin yaradıcılığı haqqında danışdı. Sonra çıxış edən Xalq şairi Fikrət Qoca Afaq Şıxlının şeirlərinin azad ruhlu olduğunu vurğuladı: “Onun şeirləri forma baxımdan müəyyən qəlibə malik olsa belə, məzmun baxımından, ruhən bu şeirlər sərbəstdir, azaddır. Onun düşüncə tərzi, deyim tərzi özünəməxsusdur”.

Şair Qulu Ağsəs Afaq Şıxlının Azərbaycana yeni kitabla gəlməsinin sevindirici hal olduğunu bildirdi: “Afaq xanımın şeirlərini Məmməd İsmayılın onun haqqında yazısından sonra oxudum. Daha sonra bizim əməkdaşlığımız davam etdi. O, “Variasiya” layihəsi üçün sonluqlar yazmağa başladı. Arzu edirəm, Afaq xanımın Azərbaycana hər gəlişi kitabla müşayiət olunsun”.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə də tədbirdə fikirlərini bölüşdü: “Afaq Azərbaycana çox gəlib. Bu gəlişi isə sənətkar gəlişidir. O, ədəbiyyata, şeirə ciddi yanaşan bir şairədir. Birinci dəfə Məmməd İsmayıl onun şeirlərini “Azərbaycan” jurnalına göndərdi. Bizdə növbədə olan şairlər çox idi, lakin Afaqın şeirləri xoşuma gəldiyindən növbə prinsipini pozduq. Onun kitabının adı da maraqlıdır: “Ömrümün beşinci fəsli”. Beşinci fəsil şairlərə məxsusdur, bu, sevgi fəslidir”.

Şair İbrahim İlyaslı A.Şıxlı haqqında xoş söz deməyin çox asan olduğunu, onun bu xoş sözlərə yetərincə layiq olduğunu bildirdi.

Tədbirdə digər qələm adamları da çıxış etdilər, şairənin şeirlərini səsləndirdilən.

RAMİL

 





04.11.2013    çap et  çap et