525.Az

Oğlanqala - Qızqala, yoxsa Ağvan qala - Quz qala?


 

Oğlanqala - Qızqala, <b style="color:red">yoxsa Ağvan qala - Quz qala?</b>

Yer adları tariximizin ən qədim nişanələridir. Hər biri neçə-neçə əsrlərin sehrini, sirlərini və həqiqətlərini daşıyır özündə bu sözlər.

Ulu türk yurdu Naxçıvanın yer adlarını oxuya bilsək sətir-sətir, hər birinin bir tarix salnaməsi, bir sirr kitabı olduğunu görə bilərik. Naxçıvan ərazisində yayılmış toponimlərin ən mühüm xüsusiyyəti onların bu yurdun əbədi və əzəli sakini olmuş müxtəlif türk tayfalarının adlarını yaşatmasındadır. Burada ən qədim dövrdən, müasir dövrə qədər demək olar ki, əksər türk tayfalarının adlarına rast gəlirsən - aslara da, albanlara da, kəngərlilərə də, uzlara da, oğuzlara da, yaycılara da. Xalq yaddaşında haqqında çoxlu əfsanələr həkk olub qalan yer adlarından biri də Oğlanqala və Qızqaladır.

Bir sıra tədqiqatçılar Şərur rayonu ərazisindəki Oğlanqala oykonimini də etnooykonim kimi səciyyələndirmişlər. Məsələn, Ələddin Eyvazov bu adın mənşəyinə toxunarkən toponimin ilk tərkibinin "Ağvan", "Alban", "Alpan" sözləri ilə eynilik təşkil etməsi fikrini irəli sürmüşdür. Bu kəndin adı XX əsrin 80-ci illərinə qədər başqa formalarda olmuş, 1981-ci ilin 30 aprelində Azərbaycan SSR Ali Sovetinin qərarı ilə kəndə Oğlanqala adı verilmişdir. Adlandırma aparılarkən kəndin ərazisindəki Qaratəpə üzərindəki qalanın adı əsas götürülmüş və kənd Oğlanqala adlandırılmışdır. Naxçıvan toponimlərinin görkəmli tədqiqatçısı Adil Bağırov "Oğlanqala" oykonimindən danışarkən kənd haqqında yayılmış bir əfsanədən də bəhs edir. Əfsanədə qeyd edilir ki, Arpaçayın iki sahilində adət-ənənələrinə görə bir-birindən fərqlənən, bir-birinə qız verməyən iki tayfa olmuş, sonradan bu tayfalardan olan bir qızla bir oğlanın nakam sevgisi nəticəsində çayın bir sahilində olan qala Oğlanqalası, digər sahilində olan qala isə Qızqalası adlandırılmışdır.

İlk baxışdan bu əfsanə ilə bağlı xalq etimologiyası inandırıcı gələ bilər. Təbii ki, əfsanələrin hər biri özündə hansısa tarixi dövrün izlərini yaşatmaqdadır. Tədqiqatlar belə bir qənaətə gəlməyə imkan verir ki, Oğlanqala toponiminin etnooykonim səciyyəsinin açılması üçün tədqiqata məhz əfsanədən başlamaq lazımdır. Əfsanədə belə bir məqam var "Tayfalar aralarındakı münaqişəyə görə bir-birinin xeyrinə gedib gəlməz, bir-birinə qız verib almazmışlar". Nədir bu münaqişənin səbəbi? Bu tayfalar niyə münaqişədədirlər? Azərbaycan ərazilərindəki Qız qalası toponimləri ilə bağlı tədqiqatları aparan bir sıra tədqiqatçılar bu qalaların oğuz tayfaları ilə bağlı olduğunu və əslində, "Quz qalaları", "Oğuz qalaları" olduğu fikrini irəli sürür və bir sıra tarixi və coğrafi faktlarla bunu sübuta yetirirlər. Əslində, əfsanədə təsvir olunan iki tayfadan birinin islamı qəbul etmiş Oğuz türkləri, çayın digər sahilindəki tayfa isə hələ Xristian inancında qalmış yerli Alban türkləri olduğu fikrini irəli sürmək olar. İki tayfa arasında rəqabətin və qız verib alınmamasının da çox sadə bir səbəbi var: inanc fərqliliyi. Nəticədə isə çayın bir sahilində Quzların - Oğuzların, digər sahilində isə Ağvanların qalası vardır. Zaman keçdikcə bu ədavət unudulmamış və xalq təfəkküründə formalaşan əfsanələrdə də öz izlərini buraxmışdır. Bəlkə də "Kitabi-Dədə Qorqud" dastanında Oğuz Qazan xanla, qıpçaq Məliyin toqquşması motivi də elə buradan alıb öz motivini. Axı Naxçıvan "Kitabi Dədə Qorqud"un yurdudur.

Aysel EMİNOVA
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

 





13.11.2019    çap et  çap et