525.Az

Naxçıvanın Duz dağı


 

Naxçıvanın Duz dağı<b style="color:red"></b>

Naxçıvan duzu qaya duzu olduğundan özündə 84 mineralı birləşdirən ən qiymətli və faydalı duz hesab edilir. O zaman məşhur "Duz yolu" mövcud olmuş, Naxçıvan duzu nəinki Şumerlərə bütün Şərqə, Osmanlı dövlətinə daşınmışdır. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir göstərmişdi.

Fransız alimi Katerina Marro yazır: "Naxçıvandakı Duzdağının duzu e.ə. dörd mininci illərdə belə geniş şəkildə işlənmişdir". Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu müxtəlif ticarət yolları vasitəsilə ayrı-ayrı şəhərlərə daşınmışdır. "Osmanlı ordusunun yemək xərcləri hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı göstərilir".

Naxçıvan şəhərinin 12 kilometrliyində yerləşən Duzdağa uzaqdan baxdıqda lay-lay rəngli torpaq qatlarını görmək olur. Duzdağın dünyanın ilkin insan məskəninin Naxçıvanda var olması bu torpağın müqəddəsliyinə və qədimliyinə dəlalət edən faktlardan biridir. Aparılan araşdırmalar zamanı qədim mədən sənayesinin infrastrukturları və dünyanın ən qədim duz mədənlərinin Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib.

"Naxçıvan Duz Muzeyinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamını çox əhəmiyyətlidir. Bu mühüm dövlət sənədində deyilir: "Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb etmiş, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, on altıncı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir".

Naxçıvan tarixən həm də ən qədim, ən zəngin və ən dadlı duz məkanıdır. Duzla müalicəxanalar, duz mağaraları, duz daş baltaları bu məkanda tapılmışdır.

Deyilənə görə, hələ 6 min il əvvəl - Nuh-Nəbi dövründən buradan duz çıxarılıb. Şöhrəti dünyaya səs salan "İpək yolu"ndan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə "Duz yolu" uzanıb. Həmin ölkələrə xüsusilə Şumerlərə buradan duz daşınıb. Şumerlərdə duz müqəddəs sayılıb, duza səcdə edilib. Şumer əfsanəsi ilə Gəmiqaya, Nuh tufanı əfsanəsi üst-üstə düşür.

Qədim Naxçıvanın ən möcüzəli yerlərindən bir olan Duzdağın hər bir qarışında, dağında, daşında sirli-sehirli tarixin izləri gizlənib. Bu yer haqqında xeyli elmi və publisistik məqalələr yazılsa da, duzla bağlı Naxçıvan folklor nümunələrinin toplanması, araşdırılması həm folklorşünaslığımız üçün dəyərli mənbə olub, onu zənginləşdirər, həm də bu tarixi yerin öyrənilməsinə və ümumiyyətlə isə Naxçıvan diyarının daha geniş və ətraflı öyrənilməsinə bir kömək olar.

1970-ci illərdə Naxçıvan duz mədənində aparılan arxeoloji qazıntılar, tədqiqatlar nəticəsində burada böyük duz mağarası aşkar olunmuşdur ki, bura ən qədim duzla müalicəxana məkanı olduğu müəyyənləşdirilmişdir. Avropaya XIX əsrdə duzla müalicə üsulu məlum olursa, Naxçıvanda bu ən qədim dövrlərdən mövcud olmuşdur. Müəyyənləşdirilmişdir ki, duz mədənində çalışanların heç birində bronxit və ya asma kimi ağciyər xəstəlikləri yoxdur.

1979-cu ildən Naxçıvan Respublikası "Duzdağ" Fizioterapiya xəstəxanası 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz Mədənin bazasında fəaliyyətə başlamışdır ki, bu gün bu şəfa ocağı daha da genişlənmiş və dünyanın müxtəlif ölkələrindən bura xəstələr gələrək təbii şəkildə Naxçıvan duzu, iqlimi, təbii havası ilə müalicə olunaraq öz dərdlərinin şəfasını tapırlar.

Duzla bağlı ən zəngin folklor materialları da Naxçıvandadır. Buradakı duz dağ uzun əsrlər boyu insanların qida təminatını ödəmiş və hələ 1000 illər boyu da bu duz dağ insanların xidmətində olacaqdır.

Duzdağdan açıq üsulla duz çıxarılması XX əsrin ortalarına qədər mövcud olmuşdur. Yaşlıların, qocaların söylədiyinə görə, ətraf kəndlərin əhalisi kənardan açıq şəkildə görünən duz laylarını qırıb götürmüş, bəzən çox da dərin olmayan oyuqlar, lağımlar qazmışlar. El arasında hər kəsin açdığı lağım bəlli olmuşdu, yəni heç kəs başqasının açdığı lağıma girməzdi.

Tarixdə duzun ilk dəfə kəşf olunması Naxçıvan diyarına məxsusdur. Duzu ilk dəfə mətbəxə gətirən də türk olmuşdur. Belə rəvayət edirlər ki, Nuh peyğəmbərin nəvəsi Türk xanın oğlu Tütək xan duz dağ ərazisində ət yeyərkən tikəsi yerə düşmüş, qaldırıb tikəni yedikdə tikənin daha dadlı olduğunu duymuşdur. Ona məlum olmuşdur ki, bu, duzdur. O vaxtdan duz mətbəxdə istifadə edilməyə başlanmışdır.

Naxçıvan atalar sözlərində duzla bağlı xeyli atalar sözləri, bayatılar, xalq təbabəti, əfsanə və rəvayətlər mövcuddur.

"Axşamdan duza gedən çox olar". Açıqlaması belədir ki, insan bəzən duşunüb-daşınmadan, işin ağırlığını dərk etmədən söz verir, amma işin ağırlığı ağıla gəlincə, onun məsuliyyəti dərk edilincə işdən qaçılır. Axşamdan verilən söz, səhər unudulur və müxtəlif bəhanələrlə işdən qaçınır.

"Bir gün duz yediyin yerə qırx gün salam ver". Yəni heç vaxt nankorluq etmə, sənə xeyir verən insanlara, yerlərə, məkanlara sədaqətli ol. Yediyin məhsula hörmətlə yanaş. Sənə edilən yaxşılığı unutma və onun qədrini bil. Bu atalar sözünə bənzər daha bir atlar sözü də var ki, onun semantikası elə dediyimiz anlamdadır. "Duzu yeyib, duzdağı buluyan..." Yaxud da deyilir: "Duz, çörək haqqını bilməyən kor olar".

Duzla bağlı deyimlər də var: "Duz-çörək kəsmək" xalq deyimi də Naxçıvan regionunda geniş işlənməkdədir. Duz və çörək xalqın ən müqəddəs nemətidir. Duz, çörək həmişə qorunmalıdır. Duz-çörək evin bərəkətidir. Bu, o anlamda işlədilir ki, kimlə müqəddəs duz-çörək kəsilirsə, birlikdə yemək yeyilirsə, o adama sədaqətli olmalı, ona hörmətlə yanaşılmalıdır. Əlbəttə, hər adamla da "Duz-çörək" kəsmək  olmaz, bu, ölçülüb-biçilib, düşünülməlidir.

"Əlimin duzu yoxdur" deyimində bir insan başqalarına etdiyi yaxşılıqlar, qayğılar başa düşülməyəndə, ona qarşılıq verilmədiyində işlənə bilir.

"Naxçıvanın duzu, qızı, qarpızı". Bu Naxçıvan deyimində də Naxçıvan duzunun, həmçinin, Naxçıvan qız-gəlininin təriflənməsi görünür, həmçinin, burada dadlı qarpız yetişdirilməsinə işarə verilir...

Bütün bunlar Naxçıvanın iqtisadiyyatı, həyat tərzi ilə əlaqədar, insanların həyat təcrübələri ilə bağlı duzla əlaqədar deyilmiş atalar sözləridir.

Duzla bağlı Naxçıvan bayatıları da vardır.

Duz həm də xalqın inanc yeri, inamı olmuşdur. Ona görə də "Duz haqqı" ifadəsi də işlənməkdədir. Yaxud deyilmişdir: "Duz yerə töküləndə savaş olar, gərək duzun üstünə qənd qoyasan".

Duz insanların and-aman yeri olub. "...bu duz çörək mənə qənim olsun..." - demişlər.

Duzla bağlı tapmacalar da var: "Məni tək yeməzlər, mənsiz də yemək olmaz".

Duzla bağlı yuxu yozumunda deyilir: "Yuxuda duz görənin və ya duz daşıyanın, reallıqda dişi ağrıyar".

Duz xalq təbabətində də işlənməkdədir: "Diş ağrıyanda yerinə duz bas və duzla qarqara et" və s.

Duzla bağlı yuxu yozmalar da vardır. Yuxuda duz görmək xeyir, bərəkət, nemət hesab edilir. Qorxu halında olan adam röyada duz görərsə, bu, onun üçün əmniyyətdir.

Bütün bunlar bir daha göstərir ki, Naxçıvan qədim diyar olmaqla, həm də Naxçıvan ilk duz məkanı, ən dadlı və faydalı duz diyarıdır.

Əkrəm HÜSEYNZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





13.11.2019    çap et  çap et