525.Az

Bu dünyada xoşbəxt olmağın özü də bir bədbəxtlikdir... - Esse


 

Bu dünyada xoşbəxt olmağın özü də bir bədbəxtlikdir... - <b style="color:red">Esse </b>

Ətrafında bir belə bədbəxt insan varkən öz səadətindən utanarsan. Məsələn, dərs dediyin sinifə "Ana müqəddəs varlıqdır" adı esse yazmağı tapşırarsan, bir şagird ayağa qalxıb utana-utana, "Müəllim, mən ata haqda yazsam, olar?" - deyə soruşar. Təəccüblənərsən.

- Olar... Amma sən niyə ana haqda yazmaq istəmirsən ki?

- Elə!

Elə acıqlı və sərt deyər ki, artıq sual verməyə çəkinərsən...

Bayaqdan maraqla sizi izləyən uşaqlar günahkarmışlar kimi başlarını aşağı salarlar...

"Mən xoşbəxtliyi nədə görürəm?" inşasında xoşbəxtliyi öz ailəsinin bütövlüyündə gördüyünü yazan şagirdin tənəffüsdə döyüldüyünün şahidi olarsan. Ata-anası ayrı yaşayan günahkarı taparsan, niyə döydüyünü soruşarsan...

- Yaxşı oğlan elə inşa yazmazdı - deyər hikkəylə.

- Oğlum, axı o, öz ailəsi haqda həqiqətləri yazıb, - deyərsən təəccüblə.

- Siz bilmirsiniz, o, bizə - Əliyə,Vəliyə, Pirvəlyə, sinifdəki 11 nəfər ata-anası ayrı yaşayan uşaqlara söz soxub...

Ah...

Tənəffüsdə pəncərədən çölə baxan bir qız görərsən. Gözləri yaşarıb. Üzündə elə acı bir ifadə var ki... Heyrətlənərsən - bu qədər qatı kədəri bu zərif çöhrə necə daşıyır, nə yaxşı bu acı kədərdən qopub-tökülmür bu zərif çöhrə?!

- Sənə nə olub, qızım?

- Heç nə...

Sərt şəkildə inkar edər, amma gözləri "soruş, soruş" - deyər...

Oğlunu boynuna salıb:

- Mənə deyə bilərsən, - deyə pıçıldayarsan...

Bala quş kimi sığınar sənə, ağlayar... Boş bir otağa apararsan onu, istəməzsən kimsə görsün ağladığını...

- Ananı istəyirsən... Çoxdan görmürsən... Çox darıxmısan...

Daha çox sıxılar sənə. Onun göz yaşını silərsən, öz gözlərin yaşarar.

- Mən sənin anan, qızım da yoxdur...

Göz yaşlarını silə-silə gülümsünür:

- Kaş mənim anam elə siz olaydınız...

Bu qədər ağrılı kəlmə eşitməmisən, ürəyin cııızz eləyir...

Hər gün dərsə gələndə də, evə gedəndə də sənə qısılıb ayrılar. Hərdən fikirli olub görməyəndə həmin zərif toxunuşa səksənib baxarsan: "Ölmə səni, qorxdum" sözünə elə xoşbəxtcəsinə gülümsəyər ki...ürəyin parçalanar...

"Babanıza təbrik məktubu yazın" tapşırığını verib əyləşərsən. Biri sənə yaxınlaşıb pıçıldayar:

- Müəllim, Solmaz ağlayır eee.

- Niyə ağlaylrsan, Solmaz?

- Mənim babam yoxdur.

- Sən də nənənə yaz.

Daha şiddətlə ağlayır:

- Nənəm də yoxdur...

Xocalıdandırlar...

- Sənin də nənən mən. Sən məktubu mənə yaz...

Əlinin dalıyla gözlərini silib oturur.

Kimsə yerindən dillənir:

- Müəllim, mən də sizə yazım.

- Yox, mən ancaq Solmazın nənəsiyəm...

Elə xoşbəxtcəsinə gülümsəyir ki, Solmaz. Bəlkə də, bu gülüş hopur onun məktubuna. Odur ki, onun məktubu ən təsirli məktub olur...

Çox mühüm mövzu işlədiyimiz vaxt arıq, sapsarı bir uşaq yaxınlaşar sənə:

- Müəllim, mənə icazə verə bilərsiniz evə gedim?

- Yox, olmaz, valideynsiz heç olmaz.

- Müəllim, mən həmişə tək gedirəm, anam işdə olur.

- Olmaz, qızım, olmaz.

Səs tövrünü pozmadan:

- Müəllim, olar, qulağınıza deyim?

- De.

Əyilərsən bu sısqa qızın hüzurunda:

- Müəllim, mən qan xəstəsiyəm. Bu gün mütləq qan vurdurmalıyam.

Heyrətlənərsən:

- Sən özün? Tək?

- Bəli, müəllim. Anam işdə olur...

Hayqırmaq istəyirsən, uşaqlardan qorxub səsini boğursan. Səsin çilik-çilik olub tökülər içinə. İçin yanar, gözlərin yaşarar.

Çantasını yığışdırıb qarşında dayanan bu sısqa qızın yenə nəsə deyəcəyini düşünüb əyləşərsən. Səni öpüb gedər. Dodaqları dəyən yerə od basdılar sanarsan.

Özünə gəlincə dəqiqələr keçər. Başqa vaxt fürsətdən istifadə edib dəcəllik edən uşaqların üstünə su ələnib elə bil, hamısı sus-pus oturub. Süni bir gülüşlə:

- Hə, uşaqlar... deyərsən.

Yenə qırışığı açılmaz uşaqların.

Dərsin alınmaz. Sinifdən çıxanda: "Bütün qaydaları təkrar edin" deyə bilərsən ancaq. 

Proloq... 

- Niyə dava edirsiniz? Niyə dalaşırsan, ay oğul?

- Mənim atam narkomandır deyə, heç kim məni çox istəmir...

***

- Niyə qışqırırsan, ay bala? Həm günahkarsan, həm də hay-küy salırsan. Sakitləş, üzr istə, qurtarsın da.

- Yox, atama deyəcəksiniz, o da məni öldürəcək...

***

- O, ağıllı, savadlı, mədəni oğlandır, niyə döyürsünüz onu axı hər dəfə?

- O çox xoşbəxtdir, fora verir bizə...

 





14.11.2019    çap et  çap et