525.Az

Köhnə tanışlar: İradə Tuncay


 

“BİZİM ƏN BÖYÜK PROBLEMİMİZ OXUCU PROBLEMİDİR”

Köhnə tanışlar: <b style="color:red">İradə Tuncay</b>

[email protected]
tofigabdin.com 

Bir dəfə necə oldusa “Ədalət” qəzetinin baş redaktoru, yazıçı Aqil Abbasdan soruşdum: “Allah eləməmiş, sənin başına bir iş gəlsə, bu qəzetin fəaliyyətini davam etdirəcək kimsə haqqında düşünmüsənmi?” Sual bir az tərs və bəzilərinə görə bir az köntöy olsa da, Aqil bəy bu suala cavab verə bilmədi. Və günün birində Aqil Abbasın xanımı, publisist-yazıçı İradə Tuncay “Ədalət”ə gəldi ... çox hızlı başladı işə. Ən çox da gənc qələm sahiblərini qəzetə cəlb etdi. Bu, məni sevindirdi. Və bir az da Aqil Abbasın varisi məsələsində təxminlərimə aydınlıq gətirilmişdi: İradə Tuncay Aqil Abbası əvəz edə bilər! İradə xanım uzun illər televiziyada çalışıb. Azərbaycanda televiziya jurnalistikasının parlaq isimlərindəndi. Bir az öncələr İradə xanımla apardığım sorğuda “Ədalət” qəzetinə varislik və digər məqamlarla bağlı danışdıq. Öncədən onun suallarımı yazılı cavablandırdığını söyləyim.

İradə Tuncay  Şeiri

Yazar İradə Tuncayın Kipr Adaları yazısından sonra

ey  sevgi adasında
sevgi axtaran qadın
gec gəldin buralara
qırılıb, qol-qanadın

içinə sığmaz oldun
için yandırdı səni
barmaqla göstərdilər
yaxdın gəlib-gedəni
 
taleyin sərt üzüdür
bütün bu aldıqların
bəlkə tez doğulmusan
bəlkə səhv düşüb yerin
 
ağla üzü qibləyə
gedənlərin gedəndə
bir sevgi adasısan
can qalmayıb bədəndə
 
bu yaşanan həyatı
təzədən başlamaq zor
sənsiz yaşamaq çətin
səninlə  yaşamaq  zor
 
bəlkə bir də doğuldun
qiyamətin səhəri
sənə görə sevmişdim
yaşadığın  şəhəri.

get məscidə dua et
bəlkə nicat yolu var
sən ayrı bir dünyadan
qopub qalan bir rüzgar.

2012

– “Ədalət”dəki işinizə alışdınızmı?

– Alışmağa başladım. Mən universiteti bitirəndən sonra uzun müddət Radio və Televiziyada çalışmışam. Düzdür, arada özüm istəmədən fasilələr olub. Radio və televiziyada saniyələr və dəqiqələrlə ölçülən həcm, qəzetdə çap işarələrinin sayı və səhifələrlə ölçülür. Televiziyanın auditoriyası böyükdü. Xitab edəcəyin kimsələrin sayı çoxdu. Burda səs və görüntü effektlərinin də təsiri böyükdü. Başqa tərəfdən yazılı mətbuat qalıcıdı. Deyək ki, kimsə yazını oxuyub bəyənibsə, ya da bəyənməyibsə, qəzeti kiməsə göstərə bilər, ya da deyə bilər ki, filan tarixli filan qəzeti oxu. Başqa bir fərq görmürəm. İkisinin də məqsədi eyni olmalıdır – informasiya, maarifçilik və əyləncə. Sadəcə, bizdə nisbət doğru-düzgün götürülmür. Televiziyalarda çal-çağır həddini aşıb, elə bir görüntü yaradılır ki, sanki məmləkət böyük bir səhnədi. Yaxşı, tutalım səhnədi, səhnədə faciə də oynanılmalıdır axı. Nə isə... Mən işdən qorxan adam deyiləm, qəzet də NASA-filan deyil ki, bilmədiyim bir şey olsun. Öyrənirəm.

– Bu suala görə üzr istəyirəm, mən sizi bu qədər erudisiyalı bilməzdim. Siz iki uşaq böyüdə-böyüdə və ev xanımı ola-ola, hardan vaxt tapıb bu qədər ədəbiyyat oxuyursuz?

– Mən bu sualda bir kişi yekəxanalığı duyuram. Yəni qadınların ağlı o qədər ola bilməz ki, oxuduğunu da anlasın? Qadın-kişi ayrımı nəyə lazım? Sovet hökuməti hər kəsə savadlı olmaq imkanı vermişdi. Kim həmin imkandan istifadə edə bilmədisə, bu, onun problemidi. Hər yerdə kitab da vardı, kitabxana da. Satılan kitablar da ucuz idi. Bir də ki mən rus dilini mükəmməl bildiyimdən, oxuya biləcəklərimin miqyası böyük idi. Qadınlara niyə belə yuxarıdan baxırsınız ki? Guya kişilərin savadı aşıb-daşır, fontan fışqırır? Çox eqoist yanaşmadı. Elə bu yanaşmadı da milləti geri qoyan. Anası savadsız millətin sabahı çox böyük sual altındadır demək. Diplom demirəm, savad deyirəm. Biz qızlarımıza diplom satın alırıq, ancaq savadı haqqında düşünmürük. Mənə gələndə isə oxumaq, öyrənmək yaşam tərzimdi. Hərfləri tanıyandan kitab əlimdən düşməyib. Çoxlarının bəlkə heç adını da eşitmədiyi kitabları mən 15 yaşıma qədər su kimi içmişdim. Əvvəl-əvvəl deyək ki, hər şeyi içimdən keçirə bilmirdim. Amma hər halda məlumatlanırdım. Müxtəlif xalqların həyat tərziylə, tarixiylə tanış olurdum. Sonralar oxuduqlarımın fəlsəfəsinə varırdım, alt qatlarına enirdim. Uşaqlarım körpə olanda təbii ki, vaxt azlığından ancaq gecələr nə isə oxuyurdum. Hər gün nəsə oxumuramsa “ac” qalıram. Gündəlik nəzər saldığım dövrü mətbuatı bura qatmıram. Bu mənim həyat normamdır, yaşam tərzimdir. Təəccüblənməyə səbəb görmürəm.

– Qəzetdə çıxan yazılarınızda və kitabınızda hələ də vizual keyfiyyətlər hiss olunur. Mən bunu təqdir etsəm də, icazə verin soruşum: televiziya və qəzet yazarlığının nə kimi fərqlərini görürsüz. Ümumiyyətlə, fərq varmı?

– Bunu təbii qəbul etmək lazımdı. Mən daha çox televiziya adamıyam. Və yazdıqlarımı görmə vərdişi var məndə. Amma indi çalışıram qəzet dilini də mənimsəyim. Məqsəd eynidisə, hədəflər eynidisə, elə bir fərq görmürəm.

– Siz qəzetə gəlməzdən öncə yaradıcı adamlar arasında, – özüm də daxil olmaqla – bir həyəcan, bir narahatçılıq və türkün sözü, bir ƏNDİŞƏ vardı. Sizcə, bu əndişə keçdimi?

– Dəfələrlə demişəm, mən adamyeyən deyiləm və əndişəyə də səbəb görmürəm. Sadəcə, meyarlara cavab verəcək ortam axtarışındayam. Güman edirəm ki, tədricən bu mühit yaranacaq.

– Bəzi oxucular siz gələndən sonra qəzetdə bir sıra dəyişikliklərin olduğunu söyləyir və bu doğrudan da, belədir. Ümumiyyətlə, Azərbaycanın çağdaş qəzetçiliyi haqqında nə deyə bilərsiniz?

– Mənim gəlişimdən sonra “Ədalət” haqqında oxucuların nə fikirləşdiyini deyə bilmərəm. Görünür, bizim ən böyük problemimiz elə oxucu problemidir. Ağıllı, zövqlü, fərq qoymağı bacara bilən oxucu formalaşsa, ölkəmizin qəzetçiliyi də həmin istiqamətə yönələcək.

– Mən bilən, Siz televiziyadan uzaqlaşandan sonra iş tapa bilmədiyiniz üçün qəzetə gəldiniz. Bu başınızı qarışdırmaq üçün idi, yoxsa başqa səbəblər də vardı? Həm də onsuz da buradan aldığınız maaş ailə büdcənizə ciddi təsir göstərmir. Heç olmasa, mənəvi cəhətdən içinizin hirsi soyuyurmu?

– İçində potensial olan insanın həmişə onu realizə etmək istəyi var. Baş qarışdırmaq sözünü qəbul etmirəm. Qəzetin keçmiş baş redaktorunun (Aqil Abbası nəzərdə tutur – red.) məlum səbəblərdən vaxtı məhdudlaşmışdı. Qəzetə lazımi diqqət göstərə bilmirdi. Qəzetin səliqə-səhmana, qadın əlinə ehtiyacı var idi. Bu qəzet də “bizim çörək ağacımız”, “evimizin dirəyi” olduğu üçün laqeyd qalmadım. İki sualı birləşdirək, mən burdan maaş almıram. Ümumiyyətlə, belə fikirdəyəm ki, bizim cəmiyyətimiz hələ mənim kimi adamların haqqını ödəmək üçün yetişməyib. Və belə ədalətsizliklər varkən içimin hirsi necə soyuya bilər? Çoxminli televiziya auditoriyasından ayrılıb qəzetin məhdud dairəsinə sığınmış bir şəxs üçün birdən-birə xitab edəcəyi insanların azalması nə anlama gələ bilər? Çap eləsələr, bütün qəzetlərə verərəm yazılarımı. Onsuz da qonorar verən yoxdur.

– Və son olaraq: Sizinlə harada və necə tanış olduğumu xatırlamıram. Necə oldu ki, mən İstanbuldan qayıtdıqdan sonra Siz mənim haqqqımda film çəkmək iddiasına düşdünüz? Bu, məni heyrətləndirməsə də, hər halda səbəbini bilmək çox maraqlıdır.

– Siz xatırlamırsınız, amma mən sizinlə tanışlığımızı çox gözəl xatırlayıram. İlk dəfə “Qobustan” toplusunda görmüşəm Tofiq Abdin imzasını. Sonra sizin qürbət illəriniz və bizim İstanbulda Abbas Abdullanın evində görüşümüz yadıma gəlir. Mən elə söhbətcil adam deyiləm, yəqin siz də orda mənə diqqət eləmədiniz, amma mən insanları heyrətləndirə bilirəm. İmkan düşən kimi ürəyimdəkiləri elədim. Qismət olsa yenə də edəcəm.

 





04.11.2013    çap et  çap et