525.Az

Yağışdan sonra - Fidan Malikin essesi


 

Yağışdan sonra - <b style="color:red">Fidan Malikin essesi </b>

Evdən tələsik çıxdığından havaya fikir verməmişdi. Narın çiskinin başladığını görüb, çətiri götürmək, ya da gödəkçəsinin papağını taxmaq üçün geri qayıtmaq istədi. Saata baxdı. Gecikdiyi üçün yoluna davam elədi. Addımlarını yeyinlətdi. Əslində, buna yerimək demək olmazdı, az qala qaçırdı.

Dayanacağa lap az qalmış yolunun üstündə uşaq arabasını sürən cavan qadınla rastlaşdı. Deyəsən, arabanın təkərində nasazlıq var idi. Araba çətin gedirdi. Ötüb getmək istədi. Bir anda arabada rahatca oturan, gözləri ulduzlar kimi parlayan, qıvrımsaçlı balaca ilə göz-gözə gəldi. Balaca şirin təbəssümüylə ona baxırdı. Bu gözəlliyə biganə qalmaq üçün daş heykəl olmaq lazım idi. Balacanın üzü günəş kimi işıq saçırdı. O da özündən biixtiyar balacaya gülümsədi və yoluna davam etdi.

Bir-iki addım getmişdi ki, dayandı. Gəldiyi yolun üstündəki pilləkənlərdən birinin daşının laxladığını xatırladı. İçindən bir səs "geri qayıt və kömək et", dedi. Gecikməsinə baxmayaraq, geri qayıdıb arabanı pilləkənlərdən düşürməyə kömək etdi. Qadın gülümsəyərək razılığını bildirdi. O da başı ilə sağollaşıb uzaqlaşmaq istəyirdi ki, balaca bir anda öz bapbalaca əli ilə onun baş barmağından yapışdı. Bir anda duruxdu. Sanki həyatında ilk dəfə özü ilə bir balacanın ölçü fərqini hiss etdi. Onun balaca əlindən bütün bədəninə qəribə, xoş cərəyan yayıldı. Balaca qığıldayıb gülməyə başladı. Elə ürəkdən güldü ki, bir anlıq ona, yağışlı havanı, narahat vəziyyətini, hətta gecikməsini belə unutdurdu. Lakin içindəki başqa səs "tez ol, sağollaş, gecikirsən", deyəndə elə bil şirin yuxudan oyandı. Balacanı incitmədən barmağını onun əlindən çıxarmağa çalışdı. Balaca mızıldandı. Deyəsən, sağollaşmaq fikri yox idi. Ana tez vəziyyətə müdaxilə edərək onları araladı və sağollaşıb arabanı sürdü. O da addımlarını yeyinlətdi. Nədənsə bir ani dəqiqəlik geri döndü. Bir an əvvəl ayrıldığı ana ilə balacadan əsər-əlamət yox idi. Əti ürpəndi. Arabanın təkəri nasazkən bu qədər tez getmələrinə çox təəccübləndi. Lakin gecikdiyi üçün bu qarışıq fikirləri bir kənara qoyub tələsik ordan uzaqlaşdı.

Dayanacağa çatdı, amma avtobusa çata bilmədi. Çünki avtobusun qapıları artıq bağlanıb, təkərləri çevrilib, yola düşürdü. Növbəti avtobusu gözləməli olacaqdı. Başqa çarəsi yox idi. Əslində isə çarə hər zaman var. Lakin həyəcanlı vəziyyətdə insan məntiqli düşünə bilmir. Artıq saata baxmasa da, tamam gecikdiyini bilirdi. Ayaqqabıları da palçığa bulaşmışdı. Özünü bir anda çox çarəsiz hiss etdi. "Niyə bütün bunlar mənim başıma gəlir", deyə öz-özünə gileyləndi. Hər kəsə, hər şeyə acıqlı idi. Üzünü, üstünü isladan yağışa, yolda vaxtını alan uşaqlı qadına, "insafsız" sürücüyə, yağışdan qorunmaq üçün böyründən dayanacağa keçən insanlara, keçərkən istəmədən də olsa ona toxunaraq keçmələrinə. Əslində, bəlkə də o, özü düzgün yerdə dayanmamışdı. İnsanlara keçməyə mane olurdu. Lakin o, özünü günahkar hiss etmirdi. Özünü zərər çəkmiş kimi hiss edirdi.

Növbəti avtobus gəldi. O, acıqlı halda mindi. Bu avtobusun bayaqkı ilə arasında elə də böyük vaxt intervalı yox idi. Sadəcə gecikdiyi üçün ona o bir neçə dəqiqə çox uzun gəlmişdi. Əslində, hər zaman elə olur. Gözlədiyimiz anda bizə elə gəlir ki, hər dəqiqə bir saata bərabərdir.

Avtobus yola düşəndə sərnişinlər itələyə-itələyə onu düz avtobusun ortasına qədər pəncərəyə doğru gətirib çıxardılar. Artıq səbir kasası dolurdu. Özünü zorla saxladı. Narazı halda üzünü pəncərəyə çevirdi. Barmaqları ilə islanmış saçlarını arxaya doğru apardı.

Yağış narın-narın yağıb pəncərənin şüşəsini görünməz hala gətirmişdi. Gödəkçəsinin qolu ilə pəncərənin şüşəsini azacıq sildi. Növbəti dayanacağa çataçatda yolun kənarında bayaq minməyə çatmadığı avtobusu dayanan gördü. Deyəsən, sərnişinlər bir az təlaş içində idilər. Bəziləri deyinə-danışa o olan avtobusa mindi. Minənlərdən məlum oldu ki, sürücü sərrast tərpənərək avtobusu qəza vəziyyətindən qurtarıb. Bir anda çaşqınlıqdan donub qaldı. İlk olaraq şirin təbəssümlü balaca gözünün özünə gəldi. Əlində onun balaca əlinin hərarətini hiss etdi. Sanki barmağının ucundan bütün bədəninə bayaqkı qəribə cərəyan yayıldı. Avtobusa çata bilmədiyi üçün yol boyu ürəyində deyinməsinə utandı. Yanaqları pörtdü. Ona elə gəldi ki, hamı ona baxır. Amma heç kəsin onunla işi yox idi. Necə deyərlər, "hərə öz hayında idi".

Deyəsən, yağış kəsirdi. Buludların arasından isə qızılsaçlı günəş boylanırdı. Gecikdiyini bilsə də, üzündə qəlbindən axıb gələn bir rahatlıq ifadəsi vardı. Yaşadıqları, hiss etdikləri qarşısında aciz qalmışdı. Olanların tam izahını tapa bilməsə də, bu gün olanlardan sonra, qarşılaşdığı heç bir maneənin səbəbsiz olmadığını, kimin kimə kömək etdiyinin yalnız mənzil başında məlum olduğunu və hər yağışdan sonra mütləq günəşin çıxdığını anlamışdı.

 





15.11.2019    çap et  çap et