525.Az

Azərbaycan VIII Sankt-Peterburq Mədəniyyət Forumunda - Fotolar


 

Azərbaycan VIII Sankt-Peterburq Mədəniyyət Forumunda - <b style="color:red">Fotolar</b>

Rusiyada VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində təşkil edilmiş silsilə tədbirlərdə ölkəmizi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil edib.

Kitabxanadan bildirilib ki, əvvəlcə forum çərçivəsində Rusiya Milli Kitabxanasının yeni binasında, Asiya və Afrika ədəbiyyatları şöbəsində “Koreyaya Pəncərə” layihəsi çərçivəsində “Koreya Mədəniyyəti Kabineti”nin təntənəli açılışı mərasimi keçirilib.

Açılış mərasimində Koreya Respublikasının Sankt-Peterburqdakı baş konsulu Kvon Donq Sok, Mədəniyyət üzrə vitse-konsul Çon Kvonse, həmçinin, Koreya Milli Kitabxanasının icraçı direktoru So Xe Ran ilə birgə bir sıra kitabxanaların nümayəndələri, o cümlədən, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib.

Tədbirin açılışı Koreya Respublikasının təbiəti və turizm məkanlarına dair “Koreyaya Pəncərə: adaların gözəlliyi” adlı sərgi ilə başlayıb. Sərgidə texnoloji tərəqqi və təbiətə qayğı, əsrlər boyu davam edən ənənələr və son tendensiyaları birləşdirən ölkənin tarixi və mədəniyyətindən bəhs edən əsərlər nümayiş olunub.

Daha sonra forum Rusiya Milli Kitabxanasının baş binasında “Rəqəmsal əsrdə kitabxanaların və nəşriyyatların beynəlxalq əlaqələri” mövzusuna həsr edilmiş simpoziumla davam edib.

Simpoziumda Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun Kitabxana-informasiya fakültəsinin dekanı Valentina Brejneva, Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin, Qırğızıstan Respublikası Milli Kitabxanasının direktoru Jıldız Bakaşova, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Koreya Respublikası Milli Kitabxanasının icraçı direktoru So Xe Ran, Rusiyanın “Elsevier” nəşriyyatının vitse-prezidenti Marat Fatxullin, Polşa Milli Kitabxanasının Kitab və Mütaliə İnstitutunun rəhbəri Tomaş Şvaçinski, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, Slovakiyanın Bratislava Universitet Kitabxanasının baş direktoru Silviya Stasellova qlobal informasiya mübadiləsində beynəlxalq kitabxana əməkdaşlığının rolu, onun müxtəlif ölkələrdə elm, mədəniyyət və təhsilin inkişafına təsiri barədə məruzələrlə çıxış ediblər.

Kərim Tahirov simpoziumda “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri” mövzusunda çıxış edərək Kitabxananın son illərdə genişlənən beynəlxalq əlaqələrindən, o cümlədən Beynəlxalq Kitabxana təşkilatlarında təmsilçiliyindən, beynəlxalq kitab mübadiləsi imkanlarından istifadədən, beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirakdan, habelə Bakıda beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin keçirilməsindən və bu yolla Milli Kitabxananın beynəlxalq əlaqələrinin möhkəmlənməsindən danışıb.

Sonda istifadəçilərin məlumat istəklərini təmin etmək üçün istifadə olunan rəqəmsal mənbələrin həcminin artması, eləcə də mədəni irsin qorunmasında müasir informasiya texnologiyalarının rolu baxımından kitabxanaların fəaliyyəti ilə əlaqəli geniş məsələlər müzakirə edilib.

Dünən isə forum çərçivəsində Dövlət Ermitajının Baş qərargahında “Böyük Qələbənin 75 İlliyi: Ədəbiyyat, Kino, Teatr” mövzusunda konfrans keçirilib.

Konfrans Rusiyanın Televiziya aparıcısı, dokumentalist Nika Strijakın moderatorluğu ilə keçirilib.

Konfrans iştirakçıları tərəfindən ədəbiyyat, teatr, kino və televiziya sahəsində hazırlanmış əhəmiyyətli layihələr – beynəlxalq ictimaiyyətlə ünsiyyət yolları və vasitələri ilə MDB ölkələrində gənc nəsillər arasında Böyük Qələbənin xatirəsinin qorunmasına yönəlmiş layihələr təqdim edilib, həmçinin, müxtəlif mədəniyyət meyllərinin qovşağında formalaşan və beynəlxalq kontekstdə yazılmış yeni formatlar barədə müzakirələr edilib.  Eyni zamanda mədəniyyət müəssisələrinin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasındakı rolundan danışılıb.

Kərim Tahirov Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının həyata keçirəcəyi tədbirlər və MDB ölkələrinə daxil olan bır sıra ölkələrin milli kitabxanaları ilə birgə həyata  keçirəcəyi layihələr barədə danışıb.

Həmin gün Kərim Tahirovla Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin arasında görüş keçirilib. Görüşdə Azərbaycan Milli Kitabxanası və Rusiya Milli Kitabxanası arasındakı qarşılıqlı əməkdaşlığın daha da inkişaf еtdirilməsi, еlm, mədəniyyət və məlumat mənbələrinin yayılması və mübadiləsi sahəsində gələcək əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar aparılıb.

Daha sonra Rusiya Milli Kitabxanasının əməkdaşlarının müşayiəti ilə Foruma dəvət olunmuş iştirakçıların Dövlət Ermitajında ekskursiyası təşkil edilib.

Qonaqların iştirakı ilə VIII Sankt-Peterburq Mədəniyyət Forumunun təntənəli açılış mərasimi axşam saatlarında Mariinsky Teatrının yeni səhnəsində keçirilib. 

Şahanə MÜŞFİQ

 





15.11.2019    çap et  çap et