525.Az

Tarixi mirasın tolerantlıq dərsləri - Rəvan Həsənov yazır


 

Tarixi mirasın tolerantlıq dərsləri - <b style="color:red">Rəvan Həsənov yazır </b>

Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günüdür. Bununla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənovun “Tarixi mirasın tolerantlıq dərsləri” sərlövhəli məqaləsini təqdim edirik:

Bəşəriyyət tarixi təkamül prosesinin qanunlarına tabe olan, bir-birini ara vermədən əvəzləyən və sonsuz dəyişikliklərdən ibarətdir. Harmoniyanın və ahəngdarlığın əldə olunması yolunda qazanılan bütün uğurlar məhz bu transformasiyanın nəticəsidir. Nəsillərin minilliklər boyu topladığı zəngin təcrübə, saysız uğurlar əslində, elə bir potensialdır ki, onun öyrənilməsi və təbliği vacib olmaqla yanaşı, həm də insanlığı narahat edən bütün taleyüklü suallara aydın və əhatəli cavablar verir.

Lakin onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarixin sınaqlarından, həyat təcrübəsindən çıxmış müdriklik dərsləri gələcəyə uzanan yolları heç də həmişə işıqlandırmır. Bunun səbəbi isə tarixi təcrübənin azlığından deyil, bəşəriyyətin unutqanlığından, əvvəlki dövrlərdə buraxılan səhvlərdən ibrət dərsi almamasından, onları yenə də təkrar etməsindən irəli gəlir.

1995-ci ilin noyabr ayının 16-da UNESKO-nun “Dözümlülük prinsipləri haqqında” Bəyannaməsi elan olunub. Bu günü dünya Tolerantlıq Günü kimi qeyd edir. 1997-ci ildə isə BMT-nin Baş Assambleyası xüsusi qətnamə ilə üzv dövlətlərə həmin tarixin beynəlxalq səviyyədə qeyd olunmasını təklif edib. Bu əlamətdar bayram irqindən, dilindən, dinindən, sosial mənşəyindən asılı olmayaraq, bütün insanların bu günü və gələcəyi naminə onlar arasında etnik və mədəni müxtəlifliyin düzgün, səmimi dərk edilməsi, qarşılıqlı dialoqun, əməkdaşlığın, birgə yaşayış normalarının qurulmasının vacibliyini bir daha xatırlatmaq, onları daim gündəmdə saxlamaq üçün təsis olunub. Beynəlxalq sənədlərdə “tolerantlıq” kimi təsbit olunmuş bu prinsip dünyanın etnik və mədəni müxtəlifliyinin, özünü ifadə tərzlərinin, fərdiliyin düzgün dərk edilməsinə yönəldilib. Həmin sənədi birincilər sırasında dəstəkləyən Azərbaycan Respublikası indi bütün dünyada həm də etnomədəni münasibətlərə, fərdiliyə, özünü ifadə tərzlərinə tolerant münasibət göstərən nümunəvi dövlət kimi tanınır. Odur ki, biz “ümumbəşəri mədəniyyət” dedikdə, onun bütün etnik mədəniyyətlərin toplusu, bəşəriyyətin ortaq tarixi-mədəni irsi olduğunu xüsusi qeyd etməliyik. Onu da vurğulamalıyıq ki, müasir dövrdə tolerantlıq prinsipləri həm də dünyada sülh və təhlükəsizliyin, qarşılıqlı faydalı əməkdaşlığın, xalqların hüquq bərabərliyinin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olunmasına istiqamətləndirilmiş beynəlxalq səylərin ayrılmaz tərkib hissəsidir.

Ümumbəşəri mədəniyyət zəngin, rəngarəng və çoxşaxəlidir. O, tarix boyu Yer üzündə yaşamış bütün xalqların, nəsillərin topladığı misilsiz mirasa - təcrübəyə söykənir. Bu unikal və universal dəyərlər sistemi etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hamıya və hər kəsə məxsusdur. Onu insanlığın ən qiymətli sərvəti olaraq müxtəlif dövrlərdə dünyanın bütün xalqlarının içərisindən çıxmış dühalar əl-ələ verərək yaradıblar. Heç bir etnos, heç bir nəsil bu əvəzolunmaz xəzinəni - dünya mədəniyyətini öz adına çıxara, mənimsəyə, saxtalaşdıra və ya inhisarı altına ala bilməz.

Mədəniyyətin yaradıcı gücü onun ruhundadır. Bu ruh hər birimizin qəlbinə, təfəkkürünə hakim kəsilərək, bizim həyat eşqimizi, qurub-yaratmaq, sülh və əmin-amanlıq içərisində yaşamaq həvəsimizi qüvvətləndirir. Mədəniyyətin insanlar arasında yaydığı ruh nəsilləri düzgün yol seçməyə, sabitlik, davamlı inkişaf şəraitində yaşamağa sövq edir. Bu zaman mədəni müxtəlifliyin qorunması taleyüklü əhəmiyyət danışmağa başlayır.

Bəşəriyyət daim harmonik inkişafın formulunun, alqoritmlərinin axtarışındadır. Bu axtarış isə yalnız bütün xalqların birliyi, onların hər birinin qlobal quruculuq işinə layiqli töhfələri hesabına öz bəhrəsini verməkdədir.

Azərbaycan müasir dövrün həyəcan, narahatlıq doğuran çağırışlarına özünün ən böyük uğurlarından biri – multikulturalizmin Azərbaycan modeli ilə cavab verməkdədir. Bu, həm də onunla əlamətdardır ki, dəyişən, yeniləşən dünyada Azərbaycan xalqının mədəni müxtəlifliyə qayğısı, onun inkişafında, daha da möhkəmlənməsində marağı dünyanın diqqət mərkəzindədir və bu proses beynəlxalq səviyyədə uğurla dəstəklənir.

Minilliklərin bir-birini əvəz etdiyi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev seçim yolunun xalqlar və dinlər arasında bərabərliyin və qarşılıqlı faydalı əməkdaşlığın olduğunu göstərmişdir. Azərbaycan xalqı onun bu istiqamətdə bütün müdrik tövsiyə və çağırışlarını yekdilliklə dəstəkləmişdi. Bu xalqımızın tarixi missiyasında əsaslı dönüşə səbəb olub. Ulu öndər Heydər Əliyevin kursunun layiqli varisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin birlik, bərabərlik konsepsiyasına yeni nəfəs verib, onu daha da zənginləşdirərək təkmilləşdirib, reallaşdırıb. Bu proses davamlı və mükəmməl olan Azərbaycan multikulturalizmi modeli kimi formalaşıb, ölkəmizi sosial-mədəni müxtəlifliyin unikal xəzinəsinə çevirib.

Multikulturalizm siyasəti bu gün Azərbaycan xalqının qiymətli sərvətidir. Lakin bu xəzinə həm də beynəlxalq münasibətlərdə mühüm dəyərə malikdir və hazırda sivilizasiyalar, mədəniyyətlər arasındakı dialoqun qurulmasını sürətləndirən, onun effektivliyini artıran mühüm amillərdən biridir. Azərbaycanın multikulturalizm modeli daim inkişafdadır və davamlı olaraq yeni-yeni əməkdaşlıq, anlaşma yollarının axtarışındadır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Mərkəz multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində qurulması və inkişafı məqsədilə dövlətimizin başçısının verdiyi dəyərli tövsiyələr əsasında ötən müddət ərzində ölkəmizdə xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış həyat tərzinin möhkəmləndirilməsi, inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirib, yeni yaradıcılıq platformasını formalaşdıra bilib. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada sosial-mədəni, etnik və dini müxtəlifliyin qorunması, xalqlar və konfessiyalar arasında səmərəli dialoqun qurulması, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün fəaliyyətini ölkə ərazisi ilə məhdudlaşdırmayıb, sərhədləri aşaraq, öz baxışlarını, araşdırmalarını və təkliflərini beynəlxalq müstəviyə də çıxara bilib.

Lakin tolerantlıq heç də həmişə səmimiyyətlə qarşılanmır. Təəssüf ki, dövrün gerçəklikləri, tələbləri və çağırışları ilə barışmaq istəməyənlər, proseslərə korporativ maraqlar çərçivəsindən yanaşanlar, dünyanı yenidən xaosa sürükləmək, etnik, dini və ya irqi zəmində qarşıdurma yaratmaq istəyənlər hələ də vardır. Onların fəaliyyətini məhdudlaşdırmaq, təhdidləri, münaqişə ocaqlarını aradan qaldırmaq məqsədilə, dünyanın bütün sağlam fikirli tərəqqipərvər qüvvələri birləşməlidirlər. Bu səylərin mərkəzində isə multikulturalizm ideyaları və tolerantlıq səyləri dayanır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərdiyi ötən beş il ərzində bir sıra uğurlara imza atıb, dünyanın onlarca ölkəsindən olan intellektualları, sağlam düşüncəli tədqiqatçıları, mütəxəssisləri bir araya gətirərək, ölkə və beynəlxalq miqyaslı mühüm layihələri reallaşdıra bilib. Əminliklə demək olar ki, bu gün Azərbaycan multikulturalizmi regionda və dünyada sabitliyə, təhlükəsizliyə, etnomədəni müxtəlifliyin qorunmasına, mədəniyyətlərin dialoquna qarşı yönəldilmiş bir çox təhdidlərə layiqli humanitar cavabdır.

Bu addımlar sırasında “Bakı prosesinin” mühüm əhəmiyyəti vardır. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan həmin proses Azərbaycanı növbəti dialoq məkanına çevirməklə yanaşı, dövlətimizin sülh və əməkdaşlıq səylərini bir daha dünyaya tanıdıb.

Davamlı inkişaf yolu ilə inamla addımlayan Azərbaycanın məqsədi regionda və dünyada sülhün, mehriban qonşuluq münasibətlərinin, hüquq bərabərliyi və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında əməkdaşlığın bərqərar olunmasıdır. Bu məqsədlər təcavüzkar Ermənistanla müqayisədə Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə mövqeyini və nüfuzunu xeyli gücləndirməkdədir. Odur ki, dünya birliyi Azərbaycanın təkcə ərazi bütövlüyünün bərpa olunmasına yönəlik səylərini deyil, həm də onun dünyada sabitliyin, əmin-amanlığın, mədəniyyətlər arasında dialoqun qurulması istiqamətində fəaliyyətini dəstəkləyir.

Tolerantlıq Günü Azərbaycanda formal bayram deyildir. O, qədim Azərbaycan torpağında minilliklər boyu xalqların, dinlərin qarşılıqlı anlaşma şəraitində birgəyaşayışının təməlini qoymuş əcdadlara ehtiramının, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızın xoşbəxt gələcəyə ümidlərinin təntənəsidir.

 





15.11.2019    çap et  çap et