525.Az

Yöteburqda "İsveç türkologiyasının atası" anıldı


 

Yöteburqda "İsveç türkologiyasının atası" anıldı<b style="color:red"></b>

İsveç Azərbaycan Federasiyası, Qərbi Yötaland Azərbaycan Evi Birliyi və Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi İsveçin Yöteburq şəhərində "İsveç türkologiyasının atası" Filip Yuhan Tabbert fon Stralenberqi (1676 - 1747) anım günü keçirdi.

Öncədən planlaşdırıldığı kimi, Stokholm, Helsinburq və Yöteburqdan gəlmiş 30 yaxın adam Halmstad bələdiyyəsinin Yetinqe  yaşayış məntəqəsindəki kilsə qəbristanlığında uyuyan F.Y.Stralenberqin məzarı ətrafına toplaşdı. Əllərində Azərbaycan və İsveç bayraqları tutan iştirakçılar Stralenberqin məzarına üstündə isveçcə "Filip Yuhan fon Stralenberqə İsveç Azərbaycan Federasyonundan" yazılmış əklil qoymuş və məzarın başdaşına Azərbaycan bayrağı simvollu lent sarımışdılar.

Məzarüstü toplantını filologiya üzrə fəlsəfə doktoru Arif Rəhimoğlu açaraq belə bir soyuq gündə uzaq şəhərlərdən F.Y.Stralenberqi anmağa gəlmiş Azərbaycan və Türkiyə kökənli iştirakçılara təşəkkür etdi, Stralenberqin coğrafiyaçı-xəritəşünas, dilçi, etnoqraf bir araşdırmaçı olaraq elm tarixində tutduğu mövqeyə qısaca toxundu.

Çıxış edən İsveç Azərbaycan Federasiyasının sədri Eldar Qaradağlı təşkilatçılar adından tədbirə gələnlərə öz təşəkkürünü bildirərək bu tədbirin hazırlanmasında Arif Rəhimoğlunun ayrıca əməyi olduğunu vurğuladı.

Tədbir iştirakçıları alimin bir müddət qaldığı qardaşı evinə - Peter Sigfrid fon Stralenberqin (1680 - 1742) xanımı Anna Maria fon Konovenə (1707 - 1795) məxsus Fröllinge qəsrini ziyarət etdilər.

Daha sonra Yöteburqa gələn tədbir iştirakçıları 2020-ci ilin payızında keçirilməsi nəzərdə tutulan "Uluslararası F.Y.Stralenberq konfransı" ilə bağlı görüləcək işlərdən danışdılar. Müzakirələrin gedişində konfrans üçün ilkin Təşkilat Komitəsinin yaranması qərarlaşdırıldı, görüləcək işlərin təxmini siyahısı tutuldu və maliyyə qaynağı məsələsi araşdırıldı. Müzakirələrə Eldar Qaradağlı, Arif Rəhimoğlu, Azər Fərruxiədl, Rahim Sadıqbəyli, Vahid Qazi, Akif Demir, Əkbər Səfərli, Hüseyi Yəhyayi, Cavanşır Cəfərov, Hişam Şabani, Duman Radmehr, Turan Əliyev, Aliriza Demirezen, Hüseyn Nəsirov və başqaları qatılıb öz fikirlərini bildirdilər. Müzakirələr bitdikdən sonra növbəti tədbir kimi, Arif Rəhimoğlu proyektordan yararlanmaqla Filip Yuhan fon Stralenberq haqqında məruzə etdi və onun həyatını, gördüyü işləri iştirakçılara geniş şəkildə tanıtdı.

Məruzənin sonunda A.Rəhimoğlu hər kəsə təşəkkür etdi, özəlliklə bugünkü tədbirin təşkilində çəkdikləri zəhmətə görə Elşən Nəzərova, Rəşad Dünyamalıyevə və Valeh İsmayılova dərin minnətdarlığını bildirdi.

Əli ŞAMİL

 





15.11.2019    çap et  çap et