525.Az

Xalq təfəkkürü - Kamal Abdulla yazır


 

Xalq təfəkkürü - <b style="color:red">Kamal Abdulla yazır  </b>

Həyatda hər şey olduğu kimi görünmür. Odur ki, bir çox fikir mühəndisləri, söz sərrafları, yazıçılar, şairlər dünyanın pozulmuş mizanını sahmana salmaq üçün daim çalışır, bu yolda əbədi çaba göstərirlər. Bu, əbəs, faydasız, bihudə cəhd deyil, missiyadır, vicdan borcudur.

Hər kəs dünyanın sahmanına bir damcı mükəmməllik eleksiri əlavə etsə, israrlı və qətiyyətli iradəsini insanlığın azadlığı, yüksəlişi naminə səfərbər edə bilsə, bəşəriyyətin mənəviyyat xəzinəsinə, heç şübhəsiz, öz xidmətindən müəyyən bir pay vermiş olar. Belələri ilk növbədə mənsub olduğu xalqın, millətin qarşısında öz çarəsiz borcundan müəyyən qədər çıxa bilərlər. Bu bəşəri duyğular yaradıcı şəxslərə - yazıçılara, şairlərə, alimlərə, filosof və mütəfəkkirlərə daha çox aiddir. Növbəti doğum gününü qeyd etdiyimiz Azərbaycanın görkəmli yazıçısı Əli İldırımoğlu öz həyatı, yaradıcılığı, estetik idealı ilə bu bəşəri vəzifələri layiqincə yerinə yetirən qələm sahiblərimizdəndir. Onun əsərləri xalq yaddaşı xəzinəsidir, milli dəyər və bəşəri meyardır. O, bütün əsərlərində xalqın milli-mənəvi cəhətlərini qabartmış, onları müdafiə etmiş, bugünkü psevdosvilizasiyanın dağıdıcı təsirlərindən qorumağa çalışmışdır. Keçmişin sosial, dini, digər mənəvi-mental gələnəkləri ilə bu günün müasir təfəkkür özgürlüyünün harmonik xülasəsini təqdim etməklə o, milli-mənəvi dəyərləri multikulturalizmin bəşəri prinsipləri ilə ustalıqla qovuşdurmağa nail olmuşdur. Əli müəllim bütün əsərlərində işıqlı ədəbiyyatın nümayəndəsi kimi insanları sülhə, əmin-amanlığa, humanizmə, sosial ədalətə çağırmış və bu üstün duyğuları qaba zorakılığa qarşı sipər kimi qoymuşdur.

Lev Tolstoy deyir ki, mənim yaradıcılığım mənim tərcümeyi-halımdır. Bu sözlər həm fikrin bədii-estetik, həm də birbaşa, müstəqim və praktiki mənasında Əli müəllimin yaradıcılığı ilə identiklik təşkil edir. Əslində, bu faktı bütün yazıçılara aid etmək olar. Amma elə yazıçılar var ki, öz keçmişinə və yaşadığı həyata çox ehtiyatla yanaşır, bəzi faktları, hətta gizlədib ört-basdır edirlər. Əli müəllim isə öz keçmişini bədii tərcümeyi-hala çevirmək üçün heç bir ehtiyat tədbirləri görmür, bəzək-düzəyə lüzum bilmir, yaşadığı həyatı bədii ədəbiyyata şəstlə, çəkinmədən, bir az da qürur və fəxarətlə gətirir. Çünki o, öz həyatını elə yaşayıb ki, çəkinməli və gizlətməli heç nəyə ehtiyac yoxdur.

Bir məsələni də qeyd etmək yerinə düşərdi: bir var tarixdən gələn insanlar, bir də var, tarixi gətirənlər, tarixi özüylə daşıyanlar, öz işi, gücü, əməli fəaliyyəti ilə tarixi yaradanlar... Əli İldırımoğlu tarixi şəxsiyyət kimi təkcə tarixdən gələn kişilərdən deyil, eyni zamanda, tarixi yaradan və onu çiyinlərində (qələmində) bu günümüzə daşıyan ustad sənətkarlarımızdandır. Azərbaycan xalqının tarixləşmiş dünəni, bu günü, milli-mental dəyərləri, etnogenezi onun əsərlərində fundamental təcəssümüylə bu günümüzə daşınmışdır. Bu baxımdan onun əsərlərində xalq bir obraz kimi qəhrəman səviyyəsinə qaldırılır. Başqa sözlə, milli iradəni, müdrikliyi, etnosun əbədi əzəmətini öz varlığında bütün çalarlarıyla yaşadan Əli İldırımoğlu qəhrəmanları - İldırım kişi ("Mənim rəncbər atam"), Höcət Cahangir ("Aqibət"), Nazim İlham ("Zorən jurnalist"), Əmrah ("Əmrahsız qalan dağlar"), Nəcəf ("Daş yağan gün"), Mürşüd kişi ("Qoca macgəl") və başqaları bütövlükdə yenilməz bir xalq obrazıdır, Azərbaycan xalqının əbədi yaddaşını və tərcümeyi-halını yaşadan simvollaşmış insanlardır. Bu mənada Əli müəllim xalqdan gələn əsl xalq yazıçısıdır.

"Həyatda ən böyük həzz yaradıcılıq həzzidir". Cek Londonun sözləridir. Əli müəllim bu gün də yazıb-yaradır, bu həzzin iradi eleksirində yeni-yeni bədii nümunələrə imza atır. Nə xoş bir duyğu...

Hörmətli Əli müəllim, ey böyük ustad! Bu həzzin ağuşunda yaşamaqdan yorulmayasınız! Sizə uzun müddət bu həzlə baş-başa olmağı, yəni oxucularınızı yeni-yeni mükəmməl bədii sənət nümunələrilə sevindirməyi arzulayıram.

Əli İldırımoğlunun kəlamları

Var-dövləti dərrakəsindən artıq olanların axır-aqibəti faciədir.

***

Vəzifə sadəliyin, səmimiyyətin qənimidir; ünsiyyət tellərini günbəgün çürüdür.

***

Həbsxana zillətindən betər cəzalar var. Ən ağırı anasızlıqdır. Mən belə bir cəzanı çəkmişəm.

***

Əl tutanda xeyli-xeyli yüngülləşirəm. Əlimdən tutanda arzumca olmayan minnət yüküm ağırlaşır və qəlbimin həssaslığında əzaba çevrilir.

***

"Ağacı içindən qurd yeyər" - deyiblər. Nəsildə, nəcabətdə peyda olan qurd qəni düşməndən betərdir.

***

İnsan üçün ən müqəddəs olan vicdan qanunudur. Yalnız o qanunla gedənlər Tanrı dərgahına yaxınlaşırlar.

***

Savadın da, istedadın da sükançısı ağıl, kamal olmalıdır.

***

Ədəbiyyatın atası istedad, anası əzab-əziyyət, mamaçası zəhmət, bəzəyi sadəlik, eybi təkəbbürdür.

***

Hörmətimi əziz tutanların qarşısında kiçilirəm, gücsüzləşirəm, aciz oluram.

***

Naqis qadınları ən çox namus-qeyrətdən dəm vuran ərləri mədh edir.

***

Mənəvi zənginlik insanlığı zinətləndirir, maddi zənginlik isə eybəcərləşdirir.

***

Ahıllığın ən böyük dərdlərindən biri sənə möhtac olanlara möhtac olmaqdır.

***

Yazıçı az yaşasa da, çox ömür sürür.

***

İstedadsızları istedadsızlar mədh edib, göylərə qaldırır.

***

Valideyn üçün ən böyük dərd əzizləyib ərsəyə gətirdiyi balasının sonradan onun başına bəla olmasıdır.

Əli İldırımoğlu haqqında deyilənlər

Mən neçə illərdir ki, Əli İldırımoğIunun yaradıcılığını maraqla izləyirəm. Bu müəllifin yazılarında məni ən çox qane edən cəhət təsvir etdiyi  hadisələrin, lövhələrin mərkəzində duran canlı həyatdır, səfərbərlik duyğusudur.

Mirzə İbrahimov
Xalq yazıçısı

***

Əli İldırımoğlunun əsərləri içərisində "Mənim rəncbər atam"ın yeri ayrıcadır. Bu roman Əli İldırımoğlunun ömür, tale kitabıdır. Bu əsər Əli İldırımoğlunun "Heydərbabaya salam"ıdır. Bu əsəri dünyada Əli İldırımoğludan savayı heç kim yaza bilməz. Çünki hər sözü, hər cümləsi, hər yaşantısı ilə bu, onun özünün yaşamış olduğu həyatdır, hər qırpımı acısı və şirini ilə ona əziz olan ömürdür. Orta çağda böyük qələm adamları öz övladlarına ünvanladıqları öyüd, tərbiyə kitabları yazırdılar. Qabus ibn Vəşmgir "Qabusnamə"ni öz balasına tövsiyələr, hikmətlər toplusu kimi qələmə aldı. Nəsrəddin Tusi "Meyarül-əşar"ı öz oğluna şeiriyyət, ədəbiyyat dərsliyi kimi ərsəyə gətirdi, Vəhid Təbrizi "Cəmi-müxtəsər"i babasına əruz vəzninin sirlərini anlatmaqçün yazdı, Abbasqulu ağa Bakıxanov "Nəsihətnamə"sini öz uşağına əxlaq bələdçisi kimi qoşub-düzdü... Amma bu kitablar hamısı bütöv Millətin kitabları oldu. Əli İldırımoğlu da bu kitabı ən əvvəl öz balalarına, nəvə-nəticələrinə bir yaddaş dərsliyi olaraq, kökün, əslin, yurdun və onun köksündəki hər nəsnənin qədrini bilməkçün ağıl, öyüd, ibrət aynası kimi yazıb. Amma daha bu kitab yalnız onun öz övladlarının deyil...

Rafael Hüseynov
Akademik

***

... Canlı xalq dilinin dərin qatlarından gələn, folklor-danışıq təhkiyəsi ilə yazan, nağıl-dastan intonasiyasına əsaslanan bu yaradıcılıq məktəbi müasir Azərbaycan ədəbi dilinin formalaşmasında doğrudan-doğruya tarixi rol oynamışdır...

Etnoqrafik-əxlaqi kanonlarla yanaşı, müasir ictimai həyatı, təbii (və süni) prosesləri bir publisist istedadı ilə dərindən bilən Əli İldırımoğlunun dil həssaslığı nə qədər ənənəvidirsə, o qədər müasirdir. Və nə qədər müasirdirsə, o qədər ənənəvidir.

Nizami Cəfərov
Akademik

 





16.11.2019    çap et  çap et