525.Az

Ramil Usubov səfirlə görüşdü


 

Ramil Usubov səfirlə görüşdü<b style="color:red"></b>

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir yeni təyinat münasibətilə onu təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. İsrail prezidenti Şimon Peresin Azərbaycana ilk rəsmi səfərinin və bu zaman imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyi diqqətə çatdırılıb, belə əlaqələrin Daxili İşlər nazirlikləri səviyyəsində də özünü qabarıq şəkildə büruzə verdiyi bildirilib.

Dörd il öncə həmkarının dəvəti ilə İsrailə səfər etdiyini xatırladan R. Usubov orada keçirdiyi görüşləri, hər iki dövlətin daxili işlər orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin ətraflı müzakirə olunduğunu, eləcə də dünya ictimaiyyətini narahat edən transmilli mütəşəkkil cinayətkarlığın təzahürləri, o cümlədən terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizənin zəruriliyi barədə faydalı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırlatmış, İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin də öyrənilməsinin vacib olduğunu qeyd edib.

Səfir Rafael Harpaz diplomatik fəaliyyəti ilə əlaqədar bir çox ölkələrdə çalışdığını, lakin ictimai asayişin, sabitliyin yüksək səviyyədə təmini baxımından Azərbaycanın bu gün dünyanın ən təhlükəsiz dövlətlərindən biri olduğunu nəzərə çatdıraraq, paytaxtın simasında ölkəmizin sürətli inkişafından, geniş quruculuq və abadlıq işlərinin aparılmasından məmnunluğunu bildirib.

 





11.10.2012    çap et  çap et