525.Az

Yazıçı xoşbəxtliyi - Xalq şairi Sabir Rüstəmxanlı yazır


 

Yazıçı xoşbəxtliyi - <b style="color:red">Xalq şairi Sabir Rüstəmxanlı yazır </b>

Hörmətli Əli müəllim!

Azərbaycanda uzun ömür sürmək, yüz il, yüz on il yaşamaq, özəlliklə mayası dağlarda tutulmuş adamlar üçün,  o qədər də qeyri-adi, təəccüblü iş deyil. Siz də, şükür, yüzə doğru inamla yüksəlirsiniz. Ancaq  bu uzun ömürdə qocalıq bilməyən ilhamla, kökdən düşməyən həvəslə yazıb-yaratmaq qeyri- adi bir hadisədir və hər kişinin işi deyil. Bu mənada Siz Allahın sevdiyi bir qələm sahibisiniz; taleyinizə 75 illik bir ədəbiyyat ömrü düşüb və bu gün də yorulmadan yazırsınız...

İnsan duyğularının şəkli olan və buna görə də yüzillər boyu ruhən çox az dəyişilən  şeirdən  fərqli olaraq, nəsr daha çox yaşadığımız zamanın və həyatın yaddaşdakı əks-sədası, tarixin bədii təhlilidir. Sizin Seçilmiş əsərlərinizin 13 cildliyini vərəqləyəndə yaşadığınız zamanın və keçdiyiniz uzun, şərəfli yolun necə mükəmməl şəkildə yaddaşınıza və sonra da dadlı-duzlu bir nəsr dili ilə kağıza köçdüyünə heyrətləndim... Yaddaşla kağız arasındakı yolun nə qədər uzun, mürəkkəb və çətin olduğunu hər bir qələm adamı yaxşı bilir. Yalnız böyük istedad sahibləri həyatın sel kimi axıb gedən olayları arasından əsl ədəbiyyat  "materialını" ustalıqla seçə və onu  fəlsəfi, bədii dəyər səviyyəsində oxucuya çatdıra bilir.

Sizin əsərlərinizin ana xəttini əsasən öz gördüyünüz, şahidi olduğunuz hadisələr təşkil edir. Böyük yazıçıların tez-tez təkrar etdikləri kimi, əslində, qələm sahibi bütün ömrü boyu özünü, öz həyatını, vətəninin papaq boyda kiçik bir parçasının  taleyini yazır və hətta bu "kiçik" mövzunu yazıb tamamlamağa da bir ömür yetmir.  Siz də bütün həyatınız boyu öz doğulduğunuz yerin böyük insan xarakterlərini, vətənin azadlığı üçün canından keçən igidlərinin taleyini  yazmısınız. Bununla belə, əsərlərinizin mənəvi sərhədlərini, mövzu və zaman hüdudlarını müəyyənləşdirmək çətindir. Çünki bu mövzu xəritəsində ötən əsrin 20-ci  illərində Qubadlı, Laçın üzərindən Qarabağa soxulmaq istəyən qaniçən Androniki diz çökdürən Sultan bəydən, Əmrahdan başlayaraq, Böyük Vətən müharibəsində azərbaycanlı partizanların, döyüşçülərin qəhrəmanlığınadək, Azərbaycanı gözəlləşdirən əmək insanlarının həyatından tutmuş əsrin sonunda müstəqillik illərinin olaylarına qədər çox mürəkkəb və əlvan insan mənzərələri var. 

Avtobioqrafik xarakterli "Zorən jurnalist" romanındakı "zorən" sözünün şərti olduğunu bilirəm; əslində, Sizin jurnalistikaya və ordan da təbii şəkildə Ədəbiyyata gəlişiniz qədər doğal və taleyin iradəsinə bağlı bir iş yoxdur. Bu,  şəxsiyyətinizə, xarakterinizə və zəhmətkeşliyinizə yaraşan bir yoldur. "Əli İldırımoğlu" bizə ömrümüz boyu yoldaşlıq eləmiş bir imzadır. "Kommunist" qəzetində işlədiyiniz illəri də yaxşı xatırlayıram; bir müddət bir binada qonşu idik. Xüsusi müxbirlik və ya bölgə müxbiri olmaq bir çox istedadlı qələm əhlini rayonlararası yollarda əridib bitirdi. Amma Siz o illərdən sonrakı romanlarınız üçün  zəngin material yığa-yığa, kitabdan-kitaba böyüdünüz.

Hörmətli Əli müəllim! Sizin haqqınızda düşünəndə, nədənsə, gözümün önündə, böyük Səməd Vurğun demiş, "nəsrimizin uzaqvuran artileriyası" olan Xalq yazıçısı Süleyman Rəhimlini, onunla eyni dövrdə yazıb yaratmış başqa bir ağsaqqalımız, Xalq yazıçısı Əli Qaraoğlunu (Vəliyev) xatırlayıram.  Aramızdakı böyük yaş fərqinə baxmayaraq, hər ikisi ilə xoş münasibətimiz var idi. Sizin romanlarınız da Süleyman Rəhimlinin epopeyaları kimi çox zəngin həyat materialı əsasında, xalq danışığının şəhdinə, şirəsinə bələnmiş gözəl bir bədii dillə yazılıb. Siz də bu gün əlimizdə olmayan, itirdiyimiz bir dünyamızın etnoqrafik, coğrafi, milli-mənəvi, bədii salnaməsini yaradırsınız. Bu baxımdan Sizlər ədəbiyyatımızda yan-yana dayanan üç Qubadlı zirvəsinə bənzəyirsiniz...

Tam əminəm ki, XX yüzilin və bizim günlərin ruhu və milli-mənəvi durumu bədii ədəbiyyatımızda, özəlliklə nəsrimizdə tarix cildlərindən daha dəqiq əksini tapır. Bu baxımdan Sizin əsərləri köhnə "Qarabağnamə"lərin  davamı da saymaq olar.

Hörmətli Əli müəllim! Oçerklərinizdən, felyeton və məqalələrinizdən, sənədli nəsrinizdən tutmuş bədii əsərlərinizə, romanlarınızadək  Siz həmişə xalqın taleyini, dərdini yazmısınız, Xalq adamı, xalqın yazıçısı olmusunuz. Məncə, bundan böyük xoşbəxtlik yoxdur...

 





18.11.2019    çap et  çap et