525.Az

"Axşam-səhər deyin: "Allahu-əkbər!" - Qənbər Şəmşiroğlunun şeirləri


 

"Axşam-səhər deyin: "Allahu-əkbər!" - <b style="color:red">Qənbər Şəmşiroğlunun şeirləri </b>

El ağsaqqalı, sayılıb-seçilən söz adamı Qənbər Şəmşiroğlunu ad günü münasibətilə "525-ci qəzet"in kollektivi olaraq ürəkdən təbrik edir, ona ən xoş arzularımızı ünvanlayır, şeirlərindən nümunələri oxucularımızın diqqətinə çatdırırıq.

İNDİ
 
Bahar əhvalımı xatırlayaraq,
Payız əhvalıma dözürəm indi.
Bir zaman yerləri göydən süzərdim,
Yerlərdən göyləri süzürəm indi.

O vaxt ki, könlümdə yar şövqü vardı,
Nərəm göy suları varaqlayardı.
Qollarım dəryanı qucaqlayardı,
Halsızam, dayazda üzürəm indi.
 
Məhəbbət uğrunda düşdüm borana,
İstəmişdim bir baş vuram ümmana.
Bəlkə elə çevriləcək dastana:
Sözdən mirvarilər düzürəm indi.
 
ÜSTÜNƏ

Özün xəlq etmisən, böyük Yaradan,
Nəzər sal, nur çilə yerin üstünə.
Elə əvvəllərdən qayda olubdu:
İnamla gedəllər pirin üstünə.

Qəlblərdə şeytanlar yuva salıbdı,
Şər ilə, böhtanla dünya dolubdu,
Artıq insan oğlu aciz qalıbdı,
Pərdə çəkə bilmir şərin üstünə.

Mane olan olmaz alsan, ya versən,
Ədalətin vardır - tədbir görürsən.
Xaliqsən, Vahidsən, Qadirsən, Birsən!
Hamı yön çevirir birin üstünə.

Öz güclü əlini atmasan əgər
Nadanlıq, nankorluq baş alıb gedər.
Hər kəs dərk edəcək nəsihət göndər,
Dərdə düşmüş bu bəşərin üstünə.

Qənbərin xahişi belədir, belə:
Dünyanı tutmasın xəsarət, bəla.
Yolumuzu sədaqətə tuş elə,
Hamı gedə bilsin xeyrin üstünə.

EYLƏR
 
Nəsil-nəcabəti dürüst olanlar,
Müdam yaxşılığa dəlalət eylər!
Yeri gəlsə əsirgəməz canını,
İgid ürəyini əmanət eylər!
 
Kişi gördüm: dar ayaqda kişidi,
Dada çatmaq, hova yetmək işidi.
Müdafiədə sinəsidi, döşüdü,
Min əzaba dözər, dəyanət eylər!
 
Yeməyin gədanın çayın, çörəyin,
Süfrə üstə söyləyəcək diləyin.
Əsirgəməz fırıldağın, kələyin,
Aləmə səs salar, bəyanət eylər!
 
Çox dolandım babaların oymağın,
Görmədim palıdda cökə calağın,
Gecə kəsər qonşusunun qulağın,
Səhər göz önündə ibadət eylər!
 
Eşitmişik, biz də gördük dünyada,
Cəsurlar dost üçün qalanar oda.
Qənbər, söylə, çox deyilmiş olsa da
Xain üzə gülər, xəyanət eylər!

BİLMİRƏM

Ətri də gedibdi, xoş görkəmi də,
Daha bənövşəni görə bilmirəm!
Kolların dibində qaldı ömürlük,
Uzaqdı, yaxındı - gələ bilmirəm!
Vaxt var idi çəmənlərə gedərdik,
Dəstə-dəstə dosta töhfə verərdik,
Qoxusuna könül fəda edərdik,
Yuxuda görürəm, dərə bilmirəm!

Tale bizi yaman ayrı salıbdı,
Gözəlliklər düşmənlərə qalıbdı.
Həsrət məni qəm-qüssəyə alıbdı,
Necə yaşayıram-hələ bilmirəm!

Mən bir gün yox olanda kölgələr təkin,
Demirəm ağlayın, göz yaşı tökün.
Qəbrimin üstünə bənövşə əkin,
Axı o çiçəksiz ölə bilmirəm.

Qaçqın olduq, gözlərimiz gördü nə?
Sığınmışıq kainatın Mərdinə!
Şərik olun siz Qənbərin dərdinə,
Ağlayıram, amma gülə bilmirəm!

GƏZƏR

Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!

İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər fərəhlənsin, həm xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!

Hamıya xoş əhval, şadlıq diləyər,
Əlsiz, ayaqsıza kömək eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.

Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi istək ilə nurla dolanlar
Alla hu-Əkbəri, sübhanı gəzər!

Rəbbim, özün saxla, eləsi də var,
Yalandan min fitnə-böhtan uydurar.
Dostuna gah duzaq, gah tələ qurar,
Ara qarışdıran şeytanı gəzər.

VAR

Gözə görünmədən Haqq olan kəsin
Zühr edib bilinmək təcəllası var.
Yaratdığı hər bəndənin ayrıca
Özünə məxsusluq iştahası var.

İnsanı yaşadan duzdur, çörəkdir,
Halal zəhmət çəksən, O verəcəkdir.
Doğruçu, qeyrətli olmaq gərəkdir,
Bizlərdən beləcə təmənnası var.

Oğr uya, əyriyə, yalana lənət,
Ürəyinə şeytan dolana lənət.
Aralığa nifaq salana lənət,
Hər işin oxşarı, öz qaydası var.

Atdığımız hər addımı izləyər,
Səbri çox böyükdü, dözər, gözləyər,
Qərara gələndə bir cümlə deyər:
Cümlənin xəbəri, mübtədası var.

İstəsə, hər şeyi aşıb-daşdırar,
Boy verər, bəzən də aşıb-daşdırar.
Ya göyə ucaldar, ya dolaşdırar,
Belə edər-etməz intəhası var.

Sərkərdələr sözdə bir olsa əgər
Qələbə gətirər, zəfər gətirər.
Axşam-səhər deyin: "Allahu-əkbər!"
Qənbərin sözünün bu mənası var.

 





19.11.2019    çap et  çap et