525.Az

Əli İldırımoğlu dünyası - Loğman Rəşidzadə yazır


 

Əli İldırımoğlu dünyası - <b style="color:red">Loğman Rəşidzadə yazır </b>

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bədii nəsr tariximizdə öz xüsusi yeri və rolu olan Əli İldırımoğlunun yaradıcılığı XX əsrin siyasi-mənəvi, ədəbi-ideoloji reallıqları fonunda özünəməxsus keyfiyyətləri ilə fərqlənən ədəbi-bədii hadisədir.

Yaşadığı zamanın siyasi, ictimai, mədəni, ideoloji gerçəkliklərinə dərindən bələd olan yazıçı daim milli həqiqətlərin ifadəsi üçün yeni bədii üsul və forma axtarışlarında olmuş, milli özünüdərk ideyalarını dövrün sərt siyasi-ideoloji çərçivələri daxilində yaşadaraq inkişaf etdirməyə çalışmış və bu ideyaların müxtəlif ədəbi-bədii priyomlarından istifadə yolu ilə bədii təcəssümünə nail olmuşdur. Şəxsiyyətinin mənəvi qaynaqları etibarilə Azərbaycan insanının tarixi-mədəni ehtiyatlarına dərindən bələd olan Ə.İldırımoğlunun yaradıcılığında millilik bütün hallarda öz təbii stixiyasında, süni bəzək-düzəksiz, milli insanın mənəvi potensiyasının əsas keyfiyyətlərini inikas edərək təcəssüm olunmuşdur. O, öz yaradıcılığı ilə bütün hallarda milli-mənəvi dəyərlərə bağlı olmuş, yaratdığı obrazlar, təcəssüm etdirdiyi ideyalar öz qaynağını xalqın mənəviyyat dünyasından almışdır. Milli-mənəvi özünüdərk ideyaları sənətkarın, demək olar ki, bütün bədii yaradıcılığında bu və digər şəkildə təzahür edərək onun əsərlərinin, ədəbi kimliyinin əsas göstəricisinə çevrilmişdir. Dilə, dinə, adət-ənənələrə, mənəvi-mədəni davranış düsturlarına, mental dəyərlərə bağlılıq genlə və qanla müəyyənləşən stixial hadisədir. Bu cəhətdən milli-mənəvi ənənələrə bağlılıq Ə.İldırımoğlunun şəxsiyyəti, yaradıcılığı və mənəvi dünyası üçün xarakterik hadisədir. Dövrün sərt siyasi reallıqları içərisində el-obaya, vətənə, torpağa sevgini, milli-mənəvi dəyərləri yaşadan obraz və qəhrəmanlar onun öz şəxsiyyətni ifadə edir. Ən müxtəlif bədii konsept və formullardan istifadə edərək monumental şəxsiyyətlər yaradan Əli İldırımoğlu bu gün bizim ədəbiyyatımızda həm də milli-mənəvi özünüdərk leytmotivinin əsas yaradıcılarından sayılır.

İnsan və şəxsiyyət fenomeni zaman-zaman bəşəri düşüncənin və tərəqqinin əsas aparıcı güc mərkəzlərindən biri, sürətli inkişafın lokomotivi hesab edilmişdir. Tarixi şəxsiyyətlər yaradır, fikri də elmi-populyar ədəbiyyatda, nəzəri-estetik görüşlərdə təsadüfən yer almamışdır. Bu estetik və kulturoloji xətt bədii ədəbiyyatın da əsas mövzu mənbələrindəndir. Qəhrəmanyaratma və şəxsiyyətformalaşdırma bədii ədəbiyyatın çoxfunksional vəzifələrindən biri kimi daim aktuallıq kəsb etmiş, impulsiv sosial atributlarla izlənmişdir. Şəxsiyyət və cəmiyyət tandemi ayrılmazdır. Buraya şəxsiyyətin milli-mənəvi dəyərlərə bağlılığını, öz simasında mental özgürlükləri yaşatması, mənsub olduğu xalqın üstün cəhətlərini gələcəyə daşıması və başqa müsbət dəyərləri də əlavə etsək, şəxsiyyət fenomeninin cəmiyyətin inkişafı üçün nə dərəcədə vacib və əhəmiyyətli olması üzə çıxa bilər. Məhz Əli İldırımoğlunun qəhrəmanları inkişaf etmiş, mənən zəngin və həyati təcrübələrdə öz ləyaqətlərini sübut etmiş şəxsiyyətlər, özünü dərk edən insanlardır.

Milli özgürlüyün qorunması, xarakterik milli cizgilərin hifz edilməsi insan ləyaqətinin və qürurunun təməl prinsiplərindəndir. Bu misilsiz sərvət xalqın elm, mədəniyyət, əxlaq məktəbidir. Bu dərin keyfiyyətlər insanların, fərdlərin   şəxsiyyət kimi formalaşmasında da əsaslı rol oynayır.

İstedadlı nasir Əli İldırımoğlunun yaradıcılığına insanın mənəvi zənginləşməsi kontekstində yanaşdıqda, onun milli-mənəvi özünüdərk baxımından azərbaycanlı insan tipini bu ideya ilə təkmilləşdirmək cəhdi xüsusi qeyd olunmalıdır. Onun məqsədyönlü ədəbi fəaliyyətinin tam məntiqi bu idealdan ayrılmazdır. Yazıçının mövcud cəmiyyət ilə onun gələcək perspektivləri arasında əlaqələri əks etdirən nəsr əsərləri sistemli şəkildə bu ideyanı irəli sürür. O, real həyat hadisələrini, obyektiv gerçəklikləri bu aspektdən ustalıqla ədəbi düşüncəyə çevirir. Bunun əsasında isə insan durur. Onun tanıdığı, bələd olduğu, ona doğma olan insan... Və bütün bu insanlar yazıçının əsərlərində milli-mənəvi özünüdərk üçün bələdçi rolunu oynayır. 

Əli İldırımoğlunun yaratdığı qəhrəmanlar vətənə, torpağa  bağlı olan layiqli və namuslu həmvətənlərimizdir. Bu qəhrəmanlar xalqımızın min  illərdən üzübəri formalaşmış yaddaşını, yaşam tərzini, əxlaqını, mənəvi dəyərlərini ləyaqətlə yaşadıb çağdaş dövrümüzə çatdırıblar. Onlar kimdir? Namuslu əməyini ən uca bayrağa çevirən, dəhnə bağlayan, zəmi biçən, ot çalan, toxum səpən, bununla bərabər müdrikliyi, ağayanalığı və alicənablığı ilə nümunə olan İldırım kişi, mərd, mübariz, sözübütöv, gözü-könlü tox Nazim İlham, Höcət Cahangir, Sücəddin, Nəcəf, Mürşüd kişi, Qaçaq Mürsəl, Əmrah, "Kişi Tavat", Cəbrayıl, Qaçaq Qabil, Mövlanverdi, İbadulla və b. Bu obrazlar - vətənin layiqli övladları xalqı təmsil edir, öz şəxsiyyətində, daxili saflığında və təmizliyində ötən nəsillərin mərdliyini, mübarizliyini, mənəvi ucalığını qoruyub saxlayır.  Onlar müəyyən bir rakursdan cəmiyyətin güzgüsünə çevrilir və toplumda, birlikdə yazıçının öz ümumiləşmiş obrazını formalaşdırır.  Bu qəhrəmanlar xalqın ən nəcib cəhətlərini özündə yaşadan subyektivləşmış xalqdır, Vətəndir. Subyektivləşmiş fərdlər həm də ümumi toplumun xüsusiyyətlərini yaşadan ictimai faktorlardır.

"Subyektivləşmə, insanlaşma ilk növbədə, insan psixologiyasının, mənəviyyatının və xarakterinin yaranmasını tələb edir. Məlumdur ki, yaşamaq üçün mənəvi əsaslar, təhrikedici xüsusiyyətlər mühüm əhəmiyyətə malikdir. Çünki yaşamaq üçün fərdə lazım olan fundamental subyektivləşmə prinsipləri, yaşamağa əsaslandıran xüsusiyyətlər məhz insan psixologiyası daxilində olan mənəviyyatda cəmləşir" (Ş.Dədəyev,"Psixika", Bakı, 2017). Ə.İldırımoğlu cilalanmış, saflaşmış bu mənəviyyatı ortaya qoyur, qəhrəmanlarını vicdan qanunları ilə sınağa çəkir.

İndiki demokratikləşmə dövründə, müstəqillik şəraitində milli özünüdərklə digər ümumbəşəri dəyərlərin əlaqəsində daha ciddi yeniliklər və irəliləyişlərin olması bir faktdır. Həm ictimai həyatda, həm formalaşmaqda və inkişafda olan yeni iqtisadi əlaqələr fonunda, həm də   ideoloji və kulturoloji tərəqqi formatında ölkəmizdə milli yaddaşa, tarixi keçmişimizə   münasibət də yeni müstəvidə qərarlaşır.

Bu xüsusda Azərbaycan insanının subyektləşməsi, özünü, öz şəxsiyyətini araşdırması,  öz mənəviyyatını, əxlaqını, ruhi yaddaşını, psixoloji yaşantılarını dövrə adekvat kökləməsi zamanın tələbi kimi ortaya çıxır. Çağdaş ədəbiyyatımızın baş qəhrəmanları da məhz subyektləşmə prinsiplərini fərdi və milli düşüncə müstəvisində mənəvi məcrada fundamental şəkildə birləşdirməyi bacaran insanlardır.

Əli İldırımoğlunun qəhrəmanları   bu mübariz milli keyfiyyətlərlə zəngindir. Yazıçı öz qəhrəmanlarının təqdimatında ciddi, obyektiv realizmlə yanaşı, müdrik söhbətlər, ağsaqqal məsləhətləri, hadisə və olaylara didaktik yanaşma, maarifçilik üsullarından da lazımınca bəhrələnir. İctimai tərbiyə obyekti və məkanı kimi məktəb onunçün mənəvi-əxlaqı cəhətdən mükəmməl insanın formalaşdığı ən müqəddəs yerdir. O, bu mövzuya, məktəb və tədris  probleminə "Qarlı gecələr" adlı ayrıca roman həsr etmişdir. Burada da əsas qayə insanın mənəvi-əxlaqi yüksəlişini göstərmək, onun psixoloji yenilməzliyini, mənəvi dəyanətini əks etdirməkdir. İnsan özünü tanıdıqda, dərk etdikdə mənəvi-psixoloji cəhətdən də yenilməz olur.

İnsanın həyat və yaşam uğrunda mübarizəsi, onun bu yolda nümayiş etdirdiyi mərdlik, dönməzlik, cəsarət, qorxmazlıq və bu kimi keyfiyyətlər onun əsərlərində həmişə qəhrəmanın mənəvi-psixoloji mükəmməlliyi kimi önə çəkilib. Onun yaratdığı psixoloji cəhətdən güclü, mənən zəngin insanlar (başqa sözlə, azərbaycanlı tipi) mübarizliyi və qətiyyətilə həyatda son anda qələbə qazanmış olurlar. Eləcə, fundamental milli, mənəvi-sosial dəyərləri də öz şəxsiyyətində onlar yaşadırlar.

Onun qəhrəmanları, əsasən, namuslu, daxilən zəngin, mərd və prinsipial insanlardır. Bu qəhrəmanlar cəmiyyətdə sosial ədalət haqqında təkcə düşünmür, hipotezlər, mülahizələr irəli sürmür, moizələr oxumurlar. Bu adamlar ədalətin bərpası uğrunda döyüşür, mücadilə aparır və bu işdə şəxsi nümunə göstərirlər. Həmin insanlar xalqın, ölkənin şərəfini, şöhrətini qoruduğu kimi, milli mentalitetini, dilini, adət-ənənəsini də özündə, öz varlığında yetərincə hifz edirlər. İldırım kişi, Nazim İlham, Höcət Cahangir, Əmrah Yüzbaşı, Nəcəf və başqa obrazlar belə üstün dəyərlərin daşıyıcılarıdı.

Yazıçının müsbət obrazları heç də ideal xarakter daşımır. Onlar milli varlıqlar kimi təzadlardan xali deyil. Amma vətən, xalq yolunda qarşıda ciddi vəzifələrin durduğu məqamında onların daxili aləmində gizlənmiş zəngin mənəviyyat, üstün dəyərlər üzə çıxır.  Yaxşı insan eləcə, humanist mənəvi aləmə malik olan insandır. Əli İldırımoğlunun yüksək şəxsi keyfiyyətləri, sosial mövqeyi, cəmiyyətdə özünütəsdiq potensialı milli-mənəvi özünüdərklə ayrılmazdır və bu cəhətlər özünü onun yaradıcılığında da göstərir.  O, bütün bunları qələmə aldığı müxtəlif janrlı əsərlərində həyatın rəngarəng lövhələri vasitəsilə əks etdirir. Gəray Fəzli onun kiçik həcmli hekayələrində qoyduğu böyük mətləbləri xüsusilə vurğulamaqda çox haqlıdır. "...Onun əsərlərinin müasirliyi zaman çərçivəsindən çıxaraq, məslək, əqidə, ideyalar mübarizəsi fonunda daha geniş və daha qiymətli bir ənginliyi əhatə edir. Yazıçının bir bədii uğuru da bundadır ki, belə geniş əhatəli bir konsepsiyanı kiçik həcmli hekayə və oçerklərində də inkişaf etdirə bilir. Bu cəhətdən onun "Padşah kimi vəzifə", "Saf adam", "Minnət" və "Vicdanlı" hekayələri səciyyəvidir" (Gəray Fəzli).

Əli İldırımoğlu öz yaradıcılığında şəxsiyyətyaratma prosesinə çox ciddi yanaşır, onun formalaşmasında, xarakterinin açılmasında müstəsna ədəbi bacarıq və istedad sərgiləyir, eyni zamanda, öz şəxsiyyətinə xas cizgiləri yaratdığı qəhrəmanların həyatına uğurla transfer edə bilir. Ədibin "Zorən jurnalist"  romanında şəxsiyyətlərin xarakterik həyatından, cəmiyyətin saflaşmasında və inkişafında onların oynadığı əvəzsiz roldan geniş bəhs olunur. Professor Əliheydər Həşimov romanın ictimai  siqlətini yaxşı səciyyələndirir: "Klassik üslub və təhkiyə, yazıçı niyyətinin açıqlanması, bədii niyyətin aşkarlanması naminə hadisələrin baş qəhrəmanın obrazına müncər edilməsi qarşıya qoyulan məqsədin həyata keçirilməsinə böyük kömək göstərir. Baş qəhrəman rayon qəzetinin redaktoru Nazim İlhamın dolğun obrazı hadisələrə məhz onun baxışı işığında yanaşılması klassik nəsrin imkanları yönümündən məqbuldur və romanın uğurunu şərtləndirən məziyyətlərdən, bədii dəyərlərdəndir". Avtobioqrafik əsər olan "Zorən jurnalist" romanının baş qəhrəmanı Nazim İlhamda bütün mənəvi-əxlaqı məziyyətləri ilə Əli İldırımoğlunun özüdür, onun protoobrazıdır.

Son illər elmi-bədii ədəbiyyatda şəxsiyyət probleminə geniş maraq hiss olunur. Bu, təsadüfi deyil və bəzi mətləblərlə bağlıdır. Sovetlər İttifaqı dağıldıqdan sonra onun ərazisində yaranan müstəqil dövlətlər, o cümlədən, ölkəmiz açıq cəmiyyətə keçid etdi. Belə bir vaxtda  insanın həyat tərzi, dünyagörüşü ciddi şəkildə yeniləşdi, onun öz mahiyyət və imkanlarını reallaşdırmaq, azad düşüncəsini,  yaradıcı əməli fəaliyyətini ortaya qoymaq üçün əlverişli şərait yarandı. Digər tərəfdən, müasir şəxsiyyətin formalaşmasına dünyanın elmi-mədəni mənzərəsinin təkamülü, genişmiqyaslı qloballaşma prosesinin əhəmiyyəti az rol oynamadı. Bu mənada aşağıdakı sitata diqqət edək:  "Şəxsiyyətin davranışında və daxili aləmində təzahür edən adətlər, normalar, dəyərlər mədəniyyətin tərkibini təşkil edir. Fərdiyyətləşmə bu və ya digər dərəcədə hər bir mədəniyyətdə mövcuddur. Buna görə şəxsiyyətin tarixi tipləri mədəniyyət sferasında mövcud cəmiyyətə aid başlıca normaların və dəyərlərin daşıyıcısı kimi nəzərdən keçirilir" (Əfəndiyev M., Məcidqızı S.,"Şəxsiyyət-mədəniyyət sistemi", Bakı, 2008). 

Şəxsiyyətin formalaşmasında, inkişafında insanın mənəviyyatı və özünüdərki müxtəlif formalarda üzə çıxır. Onun tərkibinə elmi həqiqəti ifadə edən nəzəri müddəalardan tutmuş əxlaqi normalar, estetik dəyərlər, bədii zövq, ictimai rəy və s. daxildir. Xalqın mənən zənginləşməsinə tarixi inkişafın insanlar tərəfindən qəbul olunmuş məqsədi kimi də qiymət vermək olar. Belədə azadlıq, sosial bərabərlik, ədalət, humanizm, demokratiya, ümumbəşəri xarakter daşıyan digər ideallar  ümumi mədəniyyət sistemində daha dəqiq oturuşur və ümumən  cəmiyyətin, ayrılıqda isə şəxsiyyətin mənəvi zənginliyində özünü büruzə verir.

Cəmiyyətin tərəqqisi baxımından başlıca funksiyalar, eləcə də yeni ideyalar,  biliklərin yaradıcı surətdə təzahürü məhz şəxsiyyətlər tərəfindən irəli sürülür. Cəmiyyətdə şəxsiyyətin rolu o dərəcədə böyükdür ki, ən avtoritar rejim belə, bunu hiss edir və onlarsız keçinə bilmir. Məcburi olsa da belə, onları cəmiyyət həyatının müxtəlif sahələrində işə dəvət edir. Bütün bunlara görə ədəbiyyatın şəxsiyyəti, hər cəhətdən, parlaq şəkildə cəmiyyətin aparıcı siması kimi təqdim etməsi, onu rupora çevirməsi son dərəcə məqbul və zəruridir. Şəxsiyyət anlayışının müqayisəli təhlili üçün bu sözlər çox ibrətamizdir: "Əsərdəki ("Daş yağan gün" - L.R.) bu epizodu təkrar-təkrar oxudum. Düzü, fikir məni götürdü. Əlimi üzümə qoyub xəyallandım. Televiziya ekranlarında tez-tez nümayiş etdirilən Xocalı hadisələrini bir anlığa xatırladım. Ağbirçək nənələrin, hamilə qadınların, körpə-körpə oğlan və qızların, təzəcə ayaq tutub yeriyən uşaqların vəhşicəsinə qətlə yetirildiyi və bu azmış kimi, bu günahsız insanların üz-gözünün eybəcər hala salındığı kino lenti kimi gəlib dayandı gözümün qarşısında. Bir də ki, Ermənistanın keçmiş  prezidenti Robert Koçaryanın Avropa Şurasının tribunasından gur bir səslə: - Xocalı qırğınının təşkilatçısı, iştirakçısı olmağımla fəxr edirəm, - dediyi həyasız, namərd sözlər qulağımda cingildədi. Nəcəfin şüursuz köpəklərinin qadına, uşağa toxunmaması, yer üzünün əşrəfi sayılan şüurlu insanın erməni əxlaqsızlığı, erməni vəhşiliyi... Xəyal dünyamda qarşı-qarşıya dayanan bu iki varlığın, şüurlu və şüursuz canlının yaratdığı acı təəssürat məni hələ də tərk etmir" (Fariz Çobanoğlu).

Doğrudan da maraqlı müqayisədir: qadına, uşağa toxunmayan qanıq köpəklər və uşaqları qətlə yetirməyilə fəxr edən prezident, insan... Əgər ona insan demək mümkünsə... Ə.İldırımoğlunun ədəbi qəhrəmanları belə təzadlı müqayisələrdə daha bariz şəkildə reallaşır.

Əli İldırımoğlunun ədəbiyyata gətirdiyi obrazlar öz fərdi cizgiləriylə əslində, bütövlükdə xalqın, millətin üstün dəyərlərini, ən incə və dəqiq mənəvi-əxlaqi keyfiyyətlərini ehtiva edir. Bu insanlar ədəbi obrazlar kimi müxtəlif funksiyalar daşıyır və bütün parametrlərilə azərbaycanlı insan tipinin xarakterik cizgilərini yaşadırlar. Monumentallıq və bəşərilik baxımından bu qəhrəmanları dünya ədəbiyyatının korifey obrazları ilə müqayisə də etmək olar. Bu mənada filologiya elmləri doktoru Qəzənfər Kazımovun fikirləri maraq doğurur. O, "Əmrahsız qalan dağlar" romanının baş qəhrəmanı Əmrah yüzbaşı ilə tanınmış dünya ədəbiyyatı qəhrəmanları arasında analoji müqayisələrində maraqlı nəticələrə gəlir: "Əmrah yüzbaşı bir obraz və qəhrəman kimi hərtərəfli işlənmişdir. O, həyat hadisələrinin fonunda canlı insan kimi yaddaşlarda dərin iz buraxır. Romanın baş qəhrəmanı Əmrah yüzbaşının ictimai-siyasi fəaliyyətində, şəxsi keyfiyyətində, həyat tərzində, mübarizəsində bir sıra ədəbi qəhrəmanlarla paralellər aparmaq, uyğun cəhətlər tapmaq olar. Qaçaq Nəbi, Qaçaq Kərəm, yaxud gürcü yazıçısı C.Amirecibinin Data Duteşxia, L.Tolstoyun Hacı Murad obrazları ilə Əmrahı, heç şübhəsiz, müəyyən bağlar birləşdirir. Bu qəhrəmanların hər biri Şərə qarşı mübarizə aparır və Xeyirin döyüşçüsüdür. Lakin Əmrah bir ədəbi qəhrəman kimi, həm də özəlliyə malikdir. Şübhəsiz, onun fəaliyyəti, mübarizəsi qlobal mənada pisliyə, zülmə, şərə qarşıdır. Özəllik isə bundadır ki, o, Vətənin müdafiəsindədir, xalqını işğalçı düşmənlərdən qoruyur".

Bəli, Əmrah yüzbaşının şəxsi həyatı beləcə ictimai vəzifə, bəşəri missiya içərisində əriyir, müəyyən həddən, yaşam özəlliyindən adlayaraq vətənə, xalqa xidmətə çevrilir, erməni qəsbkarlarıyla əbədi mübarizə müstəvisində qərarlaşır.

Əli İldırımoğlunun yaratdığı qəhrəmanlar sırasında milli-mental dəyərləri ilə diqqəti xüsusi cəlb edən obraz İldırım kişidir ("Mənim rəncbər atam"). Təmizlik, saflıq, mənəvi-əxlaqi dəyərlər təcəssümü olan İldırım kişini dünya ədəbiyyatı nümunələrinin böyük bir silsiləsilə müqayisə etmək olar. İldırım kişi təmiz, halal adamdır. Heç kimə əyilmir, heç kimi də qarşısında əyilməyə vadar etmir. Sözü düz üzə deyir, heç kimdən çəkinəcək yeri yoxdur. Adi rəncbərliyilə, sadə dolanışığıyla hamıya kömək edir, hamıya əl tutur. Əlinin qabarı, alnının təriylə məğrur və yenilməzdir. Lakin İldırım kişini xarakterizə edən ən önəmli cəhət daxili kövrəkliyi, canyananlığı, ürəyiyumşaqlığıdır. Onun yuxa ürəyində, geniş qəlbində hamıya yer var. Bu cəhətlərilə İldırım kişi Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" əsərindəki Mömin babayla qovuşur. Burada həm Şərq mentaliteti, həm də təbii şəraitin, təmiz kənd psixologiyasının bu iki qəhrəmanı eyni məcrada qovuşduran keyfiyyətləri dominantlıq edir.

Bu iki insanı birləşdirən əsasən mənəvi tellərdir - xeyirxahlıq, ürəyiyumuşaqlıq, canyananlıq... Eləcə, bu məqamda da obrazların xarakter proyeksiyasında mexaniki, təhləlşüur fərqlər üzə çıxır. İldırım kişi öz hərəkətlərində, hiss və duyğularında tam azaddır, öz iradi hərəkətləri, iradi gücü ilə özünə cavabdehdir. Mömin baba isə bütün daxili təmizliyi, mənəvi dəyərləri, humanist hərəkətləri ilə bərabər, həm də bu çərçivədə öz xarakteri ilə yaşayan insan deyil, sanki kənardan idarə olunan kosmetik bir fiqurdur. O, kürəkəni Orazqulun iradəsi altındadır və nə qədər dəruni daxili aləmiylə yaşamaq arzusundadırsa Orazqul sərhədlərində qanadı yanmış bir mələkdir. Həyat onu məğmun bir yaltağa, qula, nökərə çevirir. Və müəllifin təbirincə: Mömin babanın ağzı nəydi ki, xeyirxah olmasın, yoxsa Orazqul onun əzib suyunu çıxarardı.

Qeyd etdik ki, İldırım kişi Mömin babadan fərqli olaraq daha azad adamdır. Düzdür, gecə-gündüz əziyyət çəkir: zəmi göyərdir, ot biçir, xırman döyür, dəryaz çalır və s. Lakin eləcə, bu halal zəhmətilə o, azaddır, müstəqildir. Hətta o həddədir ki, başqalarına da kömək edə bilir, məsləhət verir, ağsaqqallıq edir...

Nasirin ən dolğun, zəngin və koloritli obrazlarından biri "Aqibət" romanının qəhrəmanı Höcət Cahangirdir. Höcət Cahangir xarakter etibarilə mərd, dönməz, yenilməz, prinsiplərindən çəkilməyən adamdır. Bütün məhrumiyyətlərə rəğmən o, öz məqsədindən dönmür, olmazın çətinliklərdən keçir, son anda dözüm və iradəsi sayəsində qələbə çalır. Höcət Cahangir bütün hallarda, hər cür ekstremal şəraitdə alicənab insan olaraq qalır, özünün köməyə ehtiyacı olduğu vaxtlarda belə, başqalarına yardım əli uzatmağı heç vaxt unutmur. Bütün bu keyfiyyətlər onu dünya ədəbiyyatının mistik və korifey qəhrəmanlarından biri ilə, "Səfillər"in Jan Valjanı ilə yaxınlaşdırır. Höcət Cahangir də keçdiyi keşməkeşli həyat yolu, fantastik taleyi ilə, eləcə Jan Valjansayaq mistik insan kimi yaddaşlarda qalır. Onlar bütün parametrlərilə bir-birinə çox bənzəyirlər: həyat fəaliyyətləri, başlarına gələn macəralar, katorqa və Sibir sürgünü, insanlara xeyirxah münasibət (əvəzini gözləmədən), daxili azadlıq və bəşəri humanizm duyğuları... Bütün bunlar hər iki qəhrəmanı eyni mənəvi-əxlaqi koordinatlara gətirib çıxarır. Onların zahiri görkəmində də uyğunluq kifayət qədərdir - polad kimi möhkəm bədən, bükülməyən qollar, sarsılmaz iradə və coşqun ruh... Eləcə Əli İldırımoğlunun yaradıcılıq manerası, təsvir üsulları, düşüncə tərzi, obraz yaratmaq səriştəsi də Viktor Hüqonun yaradıcılıq üsulu ilə uyğunluq təşkil edir, bəzən də bu iki yaradıcılıq ədəbi-bədii pafosu, stilistikası, obrazlı düşüncə tərzilə üst-üstə düşür. Müəllim-tələbə münasibətlərində uyğunluqdan daha çox yaradıcı doğmalıq hiss olunur.

Yazıçı yaşadığı dövrün  salnaməçisi, eyni zamanda barometridir. Onun söz və ifadələrində, sətirləri arasında həyatın nəbzi ilə yanaşı, öz nəbzi də döyünür, şəxsiyyəti boy göstərir. Belədə, yazıçı öz zəmanəsinin həm də tənqidçisi, yolgöstərəni, gələcəkdən soraq verən müdrik ağsaqqalı statusuna yüksəlir. Əli İldırımoğlu kimi həssas yazıçıda bu keyfiyyətlər xüsusi bir ranqdadır. Bu mənada yazıçının öz qəhrəmanlarının şəxsində  öz şəxsiyyətini təqdimi tam məqbul və başa düşüləndir. Bu prinsiplərə o, həmişə sadiq qalıb: yaza-yaza özünü yaratmaq, obrazların simasında öz şəxsi cizgilərini əks etdirmək, öz şəxsiyyətini sevdiyi müsbət qəhrəmanlarına transfer etmək.

Əli İldırımoğlu öz əsərləri ilə cəmiyyətdə mövcud problemlərin vaxtında aşkara çıxarılmasına və aradan qaldırılmasına, şübhəsiz, müəyyən təkan verir. O, çoxşaxəli fəaliyyəti ilə xalqın sivil cəmiyyətə qovuşması və bu yöndən də azərbaycançılıq ideologiyasının inkişafı üçün əsaslı dayaqlar hazırlayır. Bu mənada, ədibin yaratdığı monumental şəxsiyyətlər ölkəmizin mədəni və sosial inkişafına göstərdiyi təsir baxımından da ədəbiyyatımızda özünəməxsus yer tutur.

 





19.11.2019    çap et  çap et