525.Az

Buzqov etnotoponimi: “Kov”, yoxsa “Bus” tayfaları


 

Buzqov etnotoponimi: <b style="color:red">“Kov”, yoxsa “Bus” tayfaları </b>

Toponimlər dilimizdə mövcud olan söz qrupları əsasında yaranan, bir çox hissəsi  uzaq tarixi keçmişimizlə, bir qismi isə son dövrlərə aid olan dil faktlarıdır.

Coğrafi obyektlərə ad verərkən obyektlərin müəyyən əlamət və xüsusiyyətləri nəzərə alınır ki, adlandırma zamanı daha çox hər hansı şəxs, tayfa, tayfa birləşmələrini, tirə, qəbilə və sülalə adları əsas götürülür.   

Burada ən çox təsadüf olunan tayfa birliklərinə məxsus adlardır ki, hər bir tayfanın yaşadığı ərazi onun adı ilə adlanır. Qədim Naxçıvan tayfalarının inancları və dillərinin ən qədim dövrü tədqiq edilərkən burada adlarda tayfa adları ilə yanaşı mifik inanclar da yer alır və təbii olaraq, bu adlar da tayfa adında etnooronim kimi formalaşır.

“Buzqov” Babək rayonu ərazisində həm kənd, həm də dağ adıdır. Buzqov adlı məntəqə adı XIX əsr mənbəsində Naxçıvan əyalətinin Məvazeyi Xatun mahalında Buzqau, 1728-ci il mənbəsində Naxçıvan əyalətinin Mülki-Arslan nahiyəsinə aid Buzğav şəklində rast gəlinmişdir. Tərkibində qov/kov sözləri olan toponimlərə Qafqazın digər ərazilərində də rast gəlinir: Tiflis quberniyasının Duşet qəzasında Kob, Yelizavetpol qəzasında Kovlar-Sarlı, Bakı quberniyasının Göyçay qəzasında Qovlar-Xınıslı, Şamaxı qəzasında Qov dağı, indi Tovuzda Qovlar kəndi və s. B.Budaqov bu söz haqqında yazır: “Azərbaycanda “qov” sözü çaxmaqdaşında işlənən (pambıqdan düzələn) “qov” mənasındadır. Lakin Q.Qeybullayev sübut etmişdir ki, qov (qədim rus mənbələrində “kou”, “kov”) qıpçaq tayfalarından birinin adıdır və Azərbaycanda Qovlar, Qovlar-Sarılı və sair kənd adları həmin tayfanın adını əks etdirir”. A.Qurbanov kov tayfasının erkən orta əsrlərdə şimaldan, T.Əhmədov isə IX-X, ya da XI əsrin ortalarında Ural və Volqa çayları arasından Azərbaycan ərazisinə gəldiyini qeyd edirlər.

Tədqiqatıların bir çoxu, adın tərkibindəki buz sözü rəng bildirən boz sözünün fonetik variantı ola biləcəyini iddia etmişlər. XIX əsrdə Azərbaycan ərazisində Bozayran (Bakı quberniyasının Lənkəran qəzası), Bozquş, Bozat (Yelizavetpol quberniyasının Şuşa qəzası), Boz kosa (İrəvan quberniyasının İrəvan qəzası), Boz yoxuş (İrəvan quberniyasının Aleksandropol qəzasında) və sair toponimlər mövcud olub. 1999-cu ildə nəşr olunan toponimlərlə bağlı ensiklopedik sözlükdə söz “bozqov” yazılışında tədqiq olunaraq mənası “boz” sözü “qov” komponenti isə peçeneqlərin bir qolu kimi təqdim edilmişdi. Lakin Firudin Rzayev mənbələrdə peçeneqlərin Yavdu Erdim, Billəva, Bortolmat, Kabuksin Çula, Suru Kolbay, Küerçi, Çur, Karabay, Yazı Kapan, Böri Tolmaç və Bula Çoban tayfa adlarını olduğunu qeyd edib. Bu tayfalar arasında Qov tayfa adına təsadüf olunmadığını söyləyib. M.Təhmasib Buzqov oykonimini Midiyada məskunlaşan bus tayfasının adı ilə bağlayır. A.Bağırov adın kov tayfasından yaranması fikirlə yanaşı M.Təhmasibin Buzqov adını “bus” tayfa adı olaraq oğuzların “boz oğ”, eləcə də Midiya tayfası kimi izahına istinadən onun fikirləri ilə razılaşmışdır. Lakin Firudin Rzayev bu etimoloji izahda “qav” sözünün kənarda qaldığını qeyd etmiş və ada bu cür izah verir: “Biz bu məntəqə adlarının türk dillərinə xas olan s≈z, k≈q, v≈p səsəvəzləmələri ilə Bus tayfa adı və qav/kap- “yurd, vətən, beşik” qədim türk sözündən yaranmaqla, “Bus yurdu” mənasında olduğunu daha doğru qəbul edirik”. 

Cəmilə MƏHƏRRƏMOVA
AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

 





19.11.2019    çap et  çap et