525.Az

Liderləri qoynunda uyudan şəhər - Ankara - Səfər qeydləri


 

Liderləri qoynunda uyudan şəhər - Ankara - <b style="color:red">Səfər qeydləri </b>

Uzaqlara getmək, dənizlər, sərhədlər, ölkələr, inanclar aşmaq fürsəti  yarandısa, heç düşünməyin. Gedin. Getmək  məntiqin sönüb, emosiyaların alovlandığı istəkdir - bu yolda məğlubiyyət də ola bilər, bəxtin gətirsə, uğur şansın da. Getmək - ən yaxını hər gün, ən uzağı hər ay ürəyimdən keçən istəkdir. Tək səbəb isə anlamsızlıqlarla yüklənmiş həyatın artıq çiyinlərimdə ağır yük olduğunu düşünməyimdir.

Getmək - yalnız hansısa konkret bir məsafəni qət etmək deyil. Bu həm də alışqanlıqlarını, dostlarını, çevrəni və ailəni tərk etmək deməkdir. Beynindəki cavabsız sualların heç olmasa bəzilərinə cavab tapmaq istəyidir, bəlkə də. Bu istəyin son həddə çatdığı anlar da olur ki, ətrafındakı bütün insanlar sənin üçün cansız əşyadan başqa heç nə kəsb etmir və gedə bilmədiyin hər an onların yox olmasını istəyərsən. Çarə isə həmişə var - gedə bilmək!.. Amma gedəndə getmək istəyinin gücündən motivasiya kimi istifadə edərək, hər şeyi yaxşıca planlaşdırıb getmək lazımdır. Getmək istəyi səni olduğun yerə bağlayan heç bir şeyin olmaması deməkdir. Elə isə niyə hər şeyi sıfırlayıb yeni bir həyat qurmayasan? Bu, hər zaman və hər yaşda mümkündür. Yetər ki nə istədiyini biləsən və qapına gələn şansı qaçırmayasan.

Uzun zamandır, görmək istədiyim Ankaraya səfər şansım yarandı. Çətin olsa da, getdim. Hər şeyi geridə buraxıb, daha bir arzumu yerinə yetirərək bu səfəri yeni yaşımda özümə və ömrümə hədiyyə etdim.

Artıq özümə verdyim sözlərin üstündə durmağa başlamışam. Son dəfə ad günümdə gözlərimdən axan damcıların şahidliyi ilə and içmişdim,  "Daha sənin və arzuların üçün varam, Günel" demişdim... Və budur artıq gecə yarısıdır və hər yer dumanlıdır, göz-gözü görmür. Maşın yavaş getsə də, təyyarə göylərə qalxmağa tələsirdi. İçimdəki həyəcan birə on artırdı. Görəsən, çatacağammı? - əndişəsi ilə hava limanına tələsirdim.

Hava limanından təlaşla bütün proseslərdən keçib təyyarədəki yerimi aldım. Təyyarə göyə qalxanda anladım ki, artıq rahat nəfəs alıram. Bu sətirləri yaza-yaza o anımdakı o vəziyyətimi düşünüb gülürəm. Amma orası da var ki, həyəcan olmayan yerdə, maraq da olmur.

Uzun sürən iki saat yarımlıq yol. Təyyarədəkilərin əksəriyyəti Türkiyə türkləri olsa da, azərbaycanlılar da vardı. Yolumuz uzun olduğundan söhbət edirik. Sən demə, bizim qızlar türk oğlanlara könül veriblər və həyatlarından çox məmnundurlar. Qızlar xoşbəxt olduqlarını və türklərin yaxşı ailə başçısı olduqlarını deyirlər. Səhər obaşdan Ankarada hava limanında əllərində gül buketi dayanıb öz sevgililərini gözləyən türk oğlanlarını görəndə qızlarımızın həqiqətən də xoşbəxt olduqlarını görüb sevinirəm.

Səhər saat 6 olsa da, hava qaranlıqdır. Amma bu  qaranlıq Ankaranın gözəlliyini gizlədə bilmir. Gecəsi və gündüzü eyni gözəllikdə olan Ankara... Bura gələndə qərara almışdım ki, işlərimi yoluna qoyandan sonra ən görməli yerləri gəzməli, böyük şəxsiyyətlərin qəbirlərini ziyarət etməliyəm. Bunun üçün sabahın açılmasını gözləməli idim.

Günəşin şəfəqlərinə oyanıb, səhər yeməyini yedikdən sonra Ankaranı qarış-qarış gəzməyə başladım.

İnqilab atəşi ilə yanan köhnə Ankara və Avropasayağı yaşam tərzi, ucsuz-bucaqsız palasları ilə məşhur olan yeni Ankara. Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəri Ankara Anadolunun mərkəzində, böyük Anadolu yaylasının şərq hissəsində yerləşir.

Əhalinin asudə vaxtlarının səmərəli keçməsi üçün böyük, yaraşıqlı teatr binaları var - Ankara konservatoriyası, Ankara Operetta teatrı, Dostlar teatrı, Ankara Bədii teatrı, Böyük teatr. Muzeyler - Anadolu mədəniyyət muzeyi, Etnoqrafiya muzeyi. Memarlıq və tarixi abidələr - Avqust məbədi (Roma dövrü), Roma hamamları, İstehkam, Məscid (XI-XIX), Naci-bayram məscidi, Atatürkün movzeleyi. Kitabxanalar - Milli kitabxana, Ankara Universitetinin kitabxanası və s.

Ankara bizim üçün hər baxımdan çox doğma və müqəddəs ocaqlardan biridir. Bu şəhər bizim üçün həm də ona görə əziz və müqəddəsdir ki, Azərbaycan Xalq  Cümhuriyyətinin banisi, ideoloqu, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə bu torpaqda uyuyur.

M.Ə.Rəsulzadənin uyuduğu "Asri" qəbristanlığına böyük həyəcanla yaxınlaşsam da, uzaqdan Azərbaycanımızın dalğalanan üçrəngli bayrağı sanki ayaqlarıma taqət, gözlərimə nur verir. Böyük Rəsulzadənin məzarını ziyarət edib qəbristanlıqdan çıxıram.

Yolum Ankara qalasınadır. Deyirlər, Ankaraya gedib o zirvəyə qalxmadınsa, heç getməmiş sayılırsan. Doğrudan da, dedikləri qədər varmış. Ankara qalası - Ankara şəhərində yerləşən tarixi qala. Buradan bütün şəhər görünür. Qalanın Bizans imperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Bu qala şəhərin ən yüksək nöqtəsində yerləşir. Şəhərə gələn turistlər buranı mütləq ziyarət edirlər. Qalaətrafında yerləşən qədim tikililər də qalaya daha bir gözəllik bəxş edir. Ankaradakı ən böyük məscid olan Kocatəpə məscidi 1976-1987-ci illər arasında Osmanlı memarlıq stilinə uyğun olaraq tikilib.

Kontinental iqlimin hökm sürdüyü Ankarada qış soyuq və qarlı, yay isti və quraqlıq keçir. Yağış ən çox yaz, payız mövsümündə yağır. Qarın yerdə qalma müddəti orta hesabla 62 gündür. Gecə ilə gündüz, yay ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri var. Bunları statistika xatirinə yazmıram. Məqsədim başqadır. Demək, səfər zamanı diqqətimi bir məqam daha çox çəkdi. Ankaranın bəstəboylu, əksəriyyəti əsmər olan gözəl-göyçək xanımlarının əl çantasının böyük və içi dolu olması marağıma səbəb oldu. Növbəti gəzintilərdən birində bunun da açıqlamasını tapdım. Çox şıltaq iqlim şəraiti olan bu şəhərdə bir saatın içərisində hava soyuya, yağış yağa və yaxud da isti, bürkü ola bilər. Bunu bilən yerli sakinlər daim özləri ilə yağışdan və soyuqdan qorunmaq üçün paltar gəzdirirlər. Güclü, leysan yağışın başlaması və kəsməsi bir dəqiqənin içərisində baş verir.

Ankarada otel qiymətləri və kirayə evlər Bakıya nisbətdə ucuzdur. Yemək və geyimdə məncə, elə də fərq yoxdur.

Əhalisi işləməyi və istirahəti sevir. Qalaətrafı sakinlərin müxtəlif bəzək və geyim əşyalarından hazırladıqları əl işlərinin, sənətkarlıq əsərlərinin alqı-satqısını nəzərə almasaq, ticarət şəhəri sayılan İstanbula nisbətdə buranın əhalisinin daha çox ziyalılardan ibarət olduğunu görərik. Əslində, Ankara Türkiyənin daha çox elit təbəqəsinin yerləşdiyi məkandır. Əhalinin böyük bir hissəsini məmurlar, öyrətmənlər və öyrəncilər təşkil edir.

Şəhərin küçələri təmiz və səliqəlidir. Ümumilikdə şəhər çox rahat və kriminal hadisələrin daha az baş verdiyi bir məkandır. Hər tərəfdə yaşıllıq, gül çiçək, mədəni xidmət insanı qoynuna alır. Dəmir və şosse yolları iri qovşaqlarından ibarət olan şəhərdə qəribə bir alman dəqiqliyinin şahidi olursan. İctimai nəqliyyat dayanacaqlardakı cədvəldə göstərilən vaxtda, dəqiq qrafiklə hərəkət edir. Geniş və modern yollar paytaxtı ölkənin baş limanları, eləcə də İstanbul, İzmit, İzmir, İskəndəriyyə, Mersin, Zonquldaq və Samsunla birləşdirir.

Bir sözlə, Ankara gəzdikcə doymaq mümkün olmayan gözəl və yaraşıqlı bir şəhərdir. Ankarada məni ən çox sevindirən və kövrəldən isə şəhərin özü kimi gözəl, istiqanlı əhalisinin Azərbaycan türklərinə bəslədikləri sevgi və sayğı oldu!..

 





20.11.2019    çap et  çap et