525.Az

Qulu Məhərrəmli: "50 yaşa qədər ad günü keçirilməsinə müqavimət göstərmişəm"


 

"...ƏLLƏRİNƏ MİKRAFON GÖTÜRÜB, BİR-İKİ SÜJET HAZIRLAYAN KİMİ HESAB EDİRLƏR Kİ, ARTIQ MÜKƏMMƏL TELEVİZİYA JURNALİSTİDİRLƏR"

Qulu Məhərrəmli: "50 yaşa qədər ad günü keçirilməsinə müqavimət göstərmişəm"<b style="color:red"></b>

Müasir mediamız getdikcə inkişaf edir, cilalanır, cəmiyyəti ifadə etməyə, demokratik dəyərləri yaymağa, o cümlədən, fikir plüralizmini dərinləşdirməyə çalışır. Əlbəttə, bu proseslər, həm də konkret sahə mütəxəssislərinin səyləri, onların fəallıqları ilə bağlıdır.

Bu mənada Azərbaycan mətbuatına rəng qatan, onun inkişafını izləyib maraqlı təhlillər aparan görkəmli jurnalistlərdən biri də uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış media mütəxəssisi, BDU-nun professoru Qulu Məhərrəmlidir.

Bu yaxınlarda Qulu müəllim ömrünün növbəti baharına başladı, yeni yaşına qədəm qoydu. Bu münasibətlə tələbəsi kimi onunla həmsöhbət olduq. Müəllimimiz eyni ilə mühazirədəki kimi təmkinlə, səbrlə danışdı, suallarımı ətraflı cavablandırdı.

-Qulu müəllim, 65 illik yubileyiniz münasibətilə sizi təbrik edirəm! Geridə qoyduğunuz illəri necə xatırlayırsınız?

- Geriyə baxanda, əlbəttə, ağlı-qaralı çox şey görünür. Yəni bu, bir ömürdür, ilin fəsilləri kimi bütün rəngləri ilə gəlib keçir. Bu illərin ağı da, qarası da var, xoş günləri, narahat anları, həyəcanlıları da. Əsas odur ki, ömür qatarı səs sala-sala gedir və və bu səslər toplanıb sənin bioqrafiyanı, ömür kitabını yaradır. İndi həmin kitabı vərəqlədikcə ömrün o maraqlı naxışlarını görür və qəribə hisslər keçirirsən. Bir dəfə məndən müsahibə alan gənc jurnalistlərdən biri çox heyrətlə dedi ki, müəllim, vikipediyadan bioqrafiyanızı oxuyanda az qala nəfəsim kəsildi, bu qədər işləri necə çatdırmısız? Cavab verdim ki, siz hələ onu oxuyanda çətinlik çəkirsiniz, indi təsəvvür edin ki, mən həmin həyatı yaşamışam...

-İndiyə qədər ən yadda qalan ad gününüz hansı olub?

-Demək olar ki, 50 yaşa qədər ad günü keçirilməsinə müqavimət göstərmişəm, amma görünür, yaşlandıqca adam ipi əldən verir (gülür). 60 yaşımı Altıağacda 4-5 dostla qeyd etməyim yaxşı yadımda qalıb. Burada qeyri-adilik o idi ki, biz noyabrın 1-də Xızıya tamam başqa məqsəd üçün getmişdik, amma gecə saat birə işləmiş, yatmağa uzandığımız vaxtda ev sahibi, professor Mehdi Sadıqov qəflətən işığı yandırıb elan etdi ki, artıq noyabrın 2-dir və Qulunun ad günü başlayır. Biz onun əlindəki podnosdakı səliqə ilə düzülmüş qədəhləri görəndə artıq işimizi bildik...

 Bu il guya bir az təvazökar davranmağa, miqyası doğma fakültəmizlə məhdudlaşdırmağa çalışdıq, amma yenə alınmır. Dostlar, diqqət yetirənlər çoxdur, mətbuat və sosial şəbəkələr də hadisəni xeyli "qızışdırır". Bütün hallarda diqqət göstərənlərin hamısına, o cümlədən sizin qəzetə minnətdaram.

-Doğulduğunuz Zəngilan rayonu işğal altındadır...

-Təkcə doğulduğum yox, həm də orta məktəbi oxuduğum Şuşa şəhəri də işğal altındadır. Hesab edirəm ki, insan yaşlandıqca uşaqlığını daha çox xatırlayır. Zəngilan da, Şuşa da mənim üçün bir nisgildir. Yeddi yaşıma qədər Zəngilanda olmuşam və sonra Şuşada internat-məktəbdə oxumuşam. Hər axşam yatanda doğulduğum kəndimiz də, oxuduğum Şuşa da bir kino lenti kimi gəlib gözümün önündən keçir. Ümid edirik... Əlbəttə, hamının içində ümid var. Mən də ümidliyəm ki, Azərbaycanın işğal olunmuş ərazilərini düşmən tapdağından qurtarmaq üçün real bir yol olacaq və o torpaqlar azad ediləcək.

- Uzun illərdir ki, BDU-nun Jurnalistika fakültəsində dərs deyirsiniz. Siz, əvvəlcə, jurnalist, yoxsa müəllimsiniz?

-Əslində yol jurnalistikadan başlayıb. Heç vaxt müəllim olmağı arzulamamışam, amma tale elə gətirdi ki, işləyə-işləyə elmi tədqiqatlarla məşğul oldum, radionun, televiziyanın tarixini yazdım, radionu sənət sahəsi kimi araşdırdım, televiziya dili ilə bağlı doktorluq işi yazdım. Universitetdə də saat hesabı dərs deməyə başlamışdım. 1998-ci ildə Jurnalistika fakultəsinin ovaxtkı dekanı professor Yalçın Əlizadə ştata girməyi deyəndə imtina etmədim. İndi də dərs deyirəm. Əslində mən futboldakı məşqçi-oyunçular kimiyəm. Həm praktik jurnalistika ilə məşğulam, həm də müəllimlik edirəm.

-Bir mütəxəssis kimi televiziyaların hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bizim televiziya məkanımız ümumən solğundur, amma indi İTV və AzTV-də gedən müəyyən proseslər, zəif də olsa ümidlər oyadır. Bizim həm büdcədən maliyyələşən televiziyalarımız, həm də özəl kanallarımız var. Bəlkə də mən televiziyaları bir az çox tənqid edirəm, amma neyləməli, mən televiziya adamıyam, bu, mənim işimdir.

Konkret nöqsanlara gəldikdə isə TV yayımında əsas problem jurnalistikanın qızıl qaydalarına və teleradio haqqında qanunlarda müəyyən edilmiş  tələblərə lazımınca məhəl qoyulmaması, qanunun tələblərinin yerinə yetirilməməsidir. Nüanslar çoxdur, amma iki məsələni mütləq deməliyik: Birincisi, televiziyalarda yüksək peşəkarlıq çatışmır. Bu gün televiziya üçün ən ciddi məsələ məlumatı, məzmunu cazibədar, oynaq, anlaşıqlı formalarda çatdırmaqdır.  

- Bəs sadaladığınız mövcud qüsurları aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır?

-Konkret resept vermək çox çətindir. Hər TV-nin öz mühiti, üslubu, idarəçilik sistemi, fərqli ab-havası var. Amma addımlar atmaq mümkündür. Əsas məsələ kanalın konsepsiyasını, proqram siyasətini düzgün qurmaqdır. Hər televiziyanın aydın proqram siyasəti olmalıdır. Bu siyasət "biz nə istəyirik" sualına dəqiq cavab verməlidir. Yoxsa TV-lərin bir-birinə oxşamasının qarşısını almaq mümkün olmayacaq. Az qala xəbərlərin məzmunu, düzümü də eynidir. Şou proqramlarda yenilik yoxdur. Məncə, bunlara əl gəzdirmək lazımdır və nə yaxşı ki, indi  telekanallarda yeniləşməyə cəhdər göstərilir. Xüsusən İctimai televiziyada ciddi proseslər gedir, məzmun, mahiyyət dəyişikliyinin konkret nümunələri ortaya çıxır. Əlbəttə, belə olduqda tamaşaçı da dərhal özünün müsbət reaksiyasını əsirgəmir. Sevindiricidir ki, Dövlət Televiziyasında da belə cəhdlər var. Yəni təkcə dekorasiyaları yox, həm də məzmunu, formanı dəyişməyə səy edirlər. Məncə, bu proses davamlı getməlidir.

- Hazırda tələbələr televiziya jurnalistikasına daha çox maraq göstərirlər. Sizcə, bu nə ilə bağlıdır?

- Mən bu marağı çox təbii qiymətləndirirəm. Əslində qəzet, radio jurnalistikası kimi şərti bölgülər də aradan qalxır, multimedia bu sədləri dağıdır. Hər bir jurnalist birmənalı şəkildə bu multimedia vərdişlərinə yiyələnə bilirsə, onun üçün bölgülər tam şərtidir. Digər tərəfdən, dövrümüzün dili, ifadə vasitəsi audiovizual dildir, görüntü dilidir. Ona görə də tələbələrin bu sahəyə maraq göstərməyi normaldır. Teleleviziyaya maraq göstərmək işin bir tərəfidir, amma əsas məsələ bu sahəni dərindən öyrənməkdir. Çünki televiziya təkcə yazmağı, düşünməyi yox, həm də müəyyən dərəcədə texniki vərdişləri, bacarıqları önə çəkir və bizim tələbələr bu sahəyə meyillidirlər. Müşahidə edirəm ki, tələbələr bu sahəni maraqla öyrənməyə çalışırlar, televiziyalarda çalışır, süjetlər hazırlayır, təcrübə toplayırlar.

- Bəs tələbələrin böyük əksəriyyətinin ancaq televiziya jurnalistikasına maraq göstərməsi bir jurnalist kimi sizi narahat etmir?

- Xeyr. Əksinə həmin sahəyə gələn adamları, xüsusilə, istedadlıları görəndə onların seçimlərini normal qiymətləndirirəm və bu, məni qətiyyən narahat etmir. Narahat edən sadəcə olaraq onların  öz inkişaflarında müəyyən bir nöqtədə dayanmalarıdır. Yəni əllərinə mikrafon götürüb, bir-iki süjet hazırlayan kimi hesab edirlər ki,  artıq mükəmməl televiziya jurnalistidirlər. Halbuki  öyrənmək davamlı, yaradıcı, dönməz, fasiləsiz bir prosesdir. Ona görə hər gün, hər süjeti hazırlayanda yeni nəsə öyrənməlisən. Görüntü dili ilə danışmağı, montaj prosesində yeni məna yaratmağın incəliklərini, ifadə tərzini öyrənməlisən. Mətni oxuyanda ustalaşırsan, məntiqi vurğunu, görüntü ilə işləməyi öyrənirsən.Yəni televiziya yaradıcılığı çox cazibədardır, həm də dərinliklərə baş vurmağı tələb edən bir sahədir. Ona görə televiziyaya mehr salan tələbə onu çox dərindən öyrənməlidir.

- Tələbələr arasında çox sevilirsiz. Bunun sirri nədədir?

- Məncə, müəllimi niyə sevdiklərini tələbələr daha dəqiq izah edə bilərlər. Bəlkə də tələbə müəllimin nə isə öyrətdiyini hiss edəndə ona hörmət edir. Bəlkə də biliyinə, şəxsiyyətinə rəğbəti olur. Düzü, mən tələbələrin çoxuna gələcək peşəkar jurnalist kimi baxır, onlarla həmkar kimi davranıram. Bu tərzdən sui-istifadə edənlər də olur, amma bu, mənim prinsipimi dəyişmir. Tələbə anlayanda ki, müəllim ona nəyisə öyrətmək, onun beynini, zəkasını işıqlandırmaq istəyir, o zaman rəğbətini gizlətmir. Digər tərəfdən, tələbə sənə həm də vətəndaş kimi baxır, bu da münasibəti müəyyən etməkdə az rol oynamır. Amma bütün hallarda tələbənin sənə sevgi, rəğbət və inamla yanaşması gözəldir.

 -Dostlarınız arasında da bu qədər mülayim və sakitsinizmi?

- Sizə kim deyib ki, mən həmişə və hər yerdə bu qədər mülayim və sakitəm (gülür). Əlbəttə, ümumən mülayim adamam, amma yeri gələndə sərtliyim də olur, xüsusən də tələbkarlıq mənasında. Mənimlə birgə çalışanlar bilir ki, işdə, elmdə və tədrisdə güzəşti qəbul etməyən adamam. Seminarlarda tələbələr bunu görür. Dərs üçün verdiyim tapşırıq yerinə yetirilməli, mövzu öyrənilməli, tapşırdığım ədəbiyyat oxunmalıdır. Məsələn, builki 1-ci kurs magistrlərlə söhbətlərimiz çox yaxşı alındı. Bilirsiz niyə? Çünki H.Zərdabinin, C.Miltonun və M.Rəsulzadənin məşhur məqalələrini oxumağı tapşırmışdım, çox həvəslə girişib oxudular və bizim çox maraqlı diskussiyalarımız oldu. Həmin müəllif və əsərlərdən bixəbər olsalar, biz bir-birimizi necə anlaya bilərik!?

-Elçin Şıxlı, Arif Əliyev kimi tanınmış jurnalistlərlə yaxın dostluğunuz var. Maraqlıdır ki, onlarla görüşərkən jurnalistikanın bu günü haqqında da danışırsınızmı?

-Zatən, bizim başqa söhbətimiz olmur, görüşəndə mətbuatın müxtəlif problemlərini müzakirə edirik. Birlikdə layihələr düşünürük, mediamızı canlandırmaq üçün planlar cızırıq. Təbii ki, cəmiyyətin də, millətin də problemlərini dartışırıq, amma söhbətlərin mərkəzində jurnalistikanın bu günü dayanır. Fikir mübadiləsi aparırıq, nöqsanları görməyə,  ümumiləşdirməyə çalışırıq, öz gücümüz çatan qədər konkret fəaliyyətimizlə kömək etməyə çalışırıq. Məsələn, adlarını çəkdiyiniz dostlarla Press-klubun fəaliyyətini buna görə bərpa etmişik. Hazırda həmin klubun internet TV-sini yaratmaq barədə düşünürük.

-Gənc jurnalistlərə məsləhətiniz nədir?

-Gənc jurnalistlər heç məsləhətə qulaq asana oxşamırlar (gülür), amma bir şeyi mütləq demək istərdim. Bilsinlər ki, jurnalistika yazıçılıq və şairlik deyil, amma yazıçılıq kimi insan ruhunun diri olmağını istəyir. Jurnalistika ruh və əxlaq məsələsidir, həvəsdir, istəkdir, xarakterdir, prinsipiallıqdır, istedaddır. Əgər həmin xüsusiyyətləri özünüzdə görmürsünüzsə, yolu sona qədər gedə bilməyəcəksinizsə, bu peşənin ardınca getməyin. Yox, əgər bu yolu sona kimi getməyi  qərara almısınızsa daim öyrənməyə çalışın, biliklərinizi cilalayın, hər şeyə tənqidi yanaşmağa çalışın, müşahidələriniz iti olsun və həmişə həqiqətin yanında olun.

Səkinə SEYİDƏLİYEVA
BDU Jurnalistika fakültəsinin II kurs tələbəsi

 





20.11.2019    çap et  çap et